Qabil Hüseynli: “Ancaq təəssüflər olsun ki, Gürcüstan bunu etmir, əksinə, Sarkisyana mehriban münasibət göstərir”
Gürcüstana rəsmi səfəri zamanı Ermənistan prezidenti Serj Sarkisyan ölkəsinin BMT-də Gürcüstanla bağlı qətnamələrin əleyhinə səs verməsinə aydınlıq gətirib. Gürcüstan parlamentinin sədr müavini Giya Volski bildirib ki, S.Sarkisyan onları Ermənistanın mövqeyini anlayışla qəbul etməyə çağırıb: “Serj Sarkisyan Ermənistanın mövqeyini izah edərkən ölkənin üzləşdiyi təhlükələri əsas gətirdi.
Müzakirələr zamanı BMT-də Ermənistanın Abxaziya ilə bağlı qətnamələrin əleyhinə səs verməsinin səbəbləri barədə danışıldı. Səbəblərə Qafqazdakı ciddi problemlər, Ermənistan və Azərbaycan arasında gərgin münasibətlər aiddir”.
Qeyd edək ki, BMT Baş Assambleyasında Ermənistan Gürcüstanın ərazi bütövlüyü, eləcə də işğal altındakı ərazilərindən olan məcburi köçkün və qaçqınların öz yurdlarına qayıtması ilə bağlı qətnamələrin dəfələrlə əleyhinə səs verib.
Ermənistanın bu cür davranışına baxmayaraq, hazırda bu iki ölkə arasında yaxınlaşma meylləri hiss edilir. Gürcüstan rəhbərliyi Sarkisyanın mövqeyinə niyə belə susqun, dözümlü münasibət bəsləyir?
Politoloq Qabil Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, Sarkisyanın Gürcüstan qarşısında özünə haqq qazandırmaq cəhdi olduqca qəribə görünür: “Hətta, demək olar ki, timsahın göz yaşına bənzəyir. Sarkisyan bunun səbəbini Azərbaycanla aralarında olan problemlə izah edir. Qəribə məntiqdir. Belə çıxır ki, Sarkisyan öz xeyirləri üçün başqa ölkənin ərazi bütövlüyünə xələl gələn mövqe tutur, sonra isə gedib həmin ölkə ilə dostluqdan danışır. Sarkisyan tamamilə yalan danışır. O, Rusiyanın qorxusundan BMT-də elə addım atıb. Çünki Rusiyanın maraqları Abxaziya ilə uzalşır. Təbii ki, Rusiyanın əlaltısı olan Sarkisyan öz sahibinin iradəsindən kənara çıxa bilməzdi. Məsələnin digər maraqlı tərəfi isə Gürcüstanın siyasi rəhbərliyinin mövqeyilə bağlıdır. Mən bu məsələdə onların prinsipiallıq göstərməməsinə təəssüf edirəm. Yaxşı olardı ki, Gürcüstan bununla bağlı Azərbaycan təcrübəsinə nəzər yetirəydi. Bilirsiniz ki, Azərbaycanın rəsmi icazəsi olmadan Dağlıq Qarabağa qanunsuz səfər edənlər “qara siyahı”ya salınır, onların barəsində cinayət işi qaldırılır. Sarkisyanın Gürcüstana etdiyi bundan qat-qat pis əməldir. Çünki o, Gürcüstanın ərazi bütövlüyünün əleyhinə ən yüksək tribunada səs verib. Bu əməlinə görə Sarkisyan ümumiyyətlə Gürcüstana buraxılmamalı idi. Ancaq təəssüflər olsun ki, Gürcüstan bunu etmir, əksinə, Sarkisyana mehriban münasibət göstərir. Hər halda, hakimiyyət olmasa da, gürcü müxalifəti bu hala kəskin etiraz etməlidir”.
Məhəmmədəli QƏRİBLİ