Akif Nağı: “Bu cür metodlarla ermənilər Dağlıq Qarabağın hazırkı vəziyyətini diqqət mərkəzinə gətirmək istəyirlər”
Ermənistan daha bir saxta tarixi qeyd etməyə hazırlaşır. Erməni mətbuatının yazdığına görə, onlar növbəti 2018-ci ildə Dağlıq Qarabağ probleminin 100 illiyini təntənəli şəkildə qeyd etməyə hazırlaşırlar. Bununla bağlı hətta bir sıra tədbirlər planı da hazırlanıb. Onların iddiasına görə, Dağlıq Qarabağ probleminin əsası 1918-ci ildə Azərbaycan Demokratik Respublikası yaranandan sonra qoyulub. Ermənilərin bu sərsəm iddiası ilə bağlı tarixçilər nə düşünürlər?
Tarixçi-alim, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı qəzetimizə açıqlamasında bildirdi ki, ermənilər bu cür fəaliyyətə öyrəniblər: “Onların bütün fəaliyyəti saxtakarlıq üzərində qurulduğu üçün, belə işlərdən əl çəkə bilmirlər. Onların 1918-ci ilə ekskurs etməsi yaxşıdır. Necə deyərlər, çoxbilmiş quş dimdiyindən tələyə düşüb misalı lap yerinə düşmüş olur. Tarixi iddialar elədir ki, gərək ortaya ciddi dəlil qoya biləsən. Boş-boş danışmaqla nəyəsə nail olmaq mümkün deyil. Bir müddət əvvəl Qars müqaviləsilə bağlı səs-küy salmağa başladılar. Bizim münasibətimiz oldu ki, buyursunlar, elə həmin müqavilədən sonra Ermənistan adlı nəsə yaranıb. Heç bizim demirəm, Rusiya arxivlərini onların gözünə soxmaq olar ki, Dağlıq Qarabağın o vaxtkı say və milli tərkibinə baxılsın. Ortaya çıxacaq ki, orada barmaqla sayıla biləcək qədər erməni yaşayıb. Bundan əlavə, həmin tarixi faktlar təkzibolunmaz dəlillərlə sübut edəcək ki, Ermənistan adlı dövlətin özü olmayıb. Tarixi Azərbaycan şəhəri olan İrəvan necə ermənilərə verilib. Zəngəzurun tarixi ortaya çıxacaq. Nəticəsi isə bəllidir ki, Ermənistanın özünüifşası ilə nəticələnəcək. Tamamilə saxta bir iddialardır. Ancaq bununla kifayətlənmək də olmaz. Çünki həmin ölkə və millət yalnız saxtakarlıq üzrə yaxşı fəaliyyəti mənimsəyə bilib. Qondarma “soyqırım” iddiaları buna sübutdur. Bu baxımdan da onların planına qarşı alternativlər ortaya qoymalıyıq. Bu bizim üçün çətin deyil. Çünki doğrunu sübut etmək asan məsələdir. Onların yeganə məqsədi bu cür tədbirlərlə beynəlxalq diqqəti Dağlıq Qarabağa yönəltməkdir. Tarixi diskussiyalar, həqiqətin ortaya çıxması onları qətiyyən maraqlandırmır. Bu cür metodlarla ermənilər Dağlıq Qarabağın hazırkı vəziyyətini diqqət mərkəzinə gətirmək istəyirlər”.
Məhəmmədəli QƏRİBLİ