Başa çatmaqda olan 2017-ci il, bir çox məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsi baxımından da bəzi məqamlara görə yaddaqalan oldu. İlk növbədə o fonda ki, məhz bu il ərzində Azərbaycanın diplomatik gedişləri nəticəsində Ermənistanın sülh danışıqlarından yayınmasının qarşısı qətiyyətlə alındı. İrəvan istəməsə belə, Qarabağ danışıqlarında iştirak etməli oldu.
Başqa sözlə, Azərbaycanın istəyinə uyğun olaraq Ermənistan danışıqlar masasına qayıtmağa məcbur edildi. Cari il oktyabrın 16-da Cenevrədə prezidentlər arasında baş tutan görüş Ermənistanın faktiki diplomatik məğlubiyyəti kimi dəyərləndirildi. Çünki buna qədər təxminən il yarım ərzində prezidentlər səviyyəsində görüş baş tutmurdu. Əsas səbəb də ondan ibarət idi ki, Serj Sarkisyan Ermənistanın danışıqlara İrəvanın şərtləri Azərbaycan tərəfindən qəbul ediləcəyi halda qatılacağını bəyan edirdi.
Xatırladaq ki, bu şərtlərə görə, ermənilər təmas xəttində insidentlərin araşdırılması üzrə vahid bir mexanizmin təsdiqini, həmsədrlərin ünvanlı bəyanatlar verməsini, Azərbaycanın atəşkəs rejimini pozmamaq barədə öhdəlik götürməsini tələb edirdilər. Təbii ki, bunlar hamısı absurd şərtlər sayılırdı və Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə bəyan etdi ki, bunlar mümkün olmayan məsələlərdir. Heç bir şərt qəbul edilmir. Sonda rəsmi Bakı öz iradəsini diqtə etdi və Ermənistan danışıqlar masası arxasında əyləşməyə məcbur oldu, özü də heç bir şərti qəbul edilmədən. Ermənistanın danışıqlar prosesinə qayıtması isə Serj Sarkisyana göstərilən beynəlxalq təzyiqlər nəticəsində baş verdi. Eyni zamanda Azərbaycanın münaqişə ilə bağlı danışıqlar prosesində diplomatik və hərbi üstünlükləri də Ermənistana başqa seçim yeri qoymadı. Ermənistan prezidentinin danışıqlara heç bir ilkin şərt irəli sürmədən getməsi həm də onu göstərdi ki, Azərbaycanın mövqeyi möhkəmlənir. Məhz dövlət başçılarının Cenevrə görüşünün davamı olaraq Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşləri keçrildi və gələn ay daha bir belə görüş baş tutacaq.
Azərbaycan üçün maraq doğuran məqam Ermənistanı danışıqlar masasına qaytardıqdan sonra onu danışıqlarda konstruktiv mövqeyə gəlməyə vadar etməkdir. Erməni rəsmilərinin açıqlamalarından belə bəlli olur ki, əslində Azərbaycan bu səpkidə də cari il ərzində nailiyyətlər əldə edib. Belə ki, Cenevrə danışıqlarından bir ay sonra Serj Sarkisyan hakim Respublika Partiyasının siyasi məktəbində çıxışı zamanı açıq bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsində güzəştlərlə bağlı Ermənistanı ağrılı qərar gözləyir: “Dağlıq Qarabağ məsələsində ağrılı qərarlar olacaq. Həll yolu güzəştlərsiz mümkün deyil”. Düzdür, həmin vaxt Sarkisyan söhbətin hansı qərarlardan getdiyini konkretləşdirmədi. Amma “Joxovurd” qəzeti diplomatik mənbələrə istinadən bəyan etdi ki, Sarkisyan ərazilərin qaytarılmasından danışır: “ATƏT-in Minsk Qrupu, eləcə də daha böyük oyunçular Ermənistanı buna məcbur edir”. Ermənistanın millətçi Daşnaksütyun Partiyasının parlament fraksiyasının katibi Aqvan Vardanyan da Sarkisyanın fikirlərini bölüşərək qeyd etdi ki, problemin həlli Ermənistan üçün ağrılı olacaq. Bütün bunlar 2017-ci ilin Qarabağ münaqişəsi baxımından heç də itirilmiş daha bir il olmadığını deməyə əsas verir. Elə millət vəkili Zahid Oruc da məsələyə məhz bu prizmadan yanaşır: “2017-ci ili “Qarabağ üçün itirilmiş il” adlandırmağı düzgün saymıram. Açıq başa düşülməlidir ki, müharibə, yaxud siyasi və digər vasitələrlə savaş uzun zaman tələb edir. Bu, strateji yoldur. Qısamüddətli hərəkət etmək və yeni təhlükələr meydana çıxarmaq kimi səhv etmək limitimiz qalmayıb. Çünki istənilən yanlışlıq ağır nəticələrə yol aça bilər. O üzdən 2017-ci ildə həyata keçirilən iqtisadi, siyasi və beynəlxalq tədbirlər Qarabağ uğrunda mübarizədə mövqelərimizi gücləndirib. Azərbaycan ölkə başçısının liderliyi altında fəal regional və beynəlxalq təşəbbüslərin mərkəzi olaraq qalmaqda davam etdi. Müxtəlif humanitar forumlar, ideya mübadilələri, yüksək çinli xarici ölkə təmsilçilərinin regiona səfərləri və prezidentin xarici məkanda aktiv qatıldığı tədbirlərin hər biri əslində Qarabağ uğrunda savaşın tərkib hissəsidir.
Dövlətlərarası konfliktlər yalnız bir müstəviyə malik deyil, onun digər uzantıları mövcuddur. Savaş beyinlərdə, siyasətdə, informativ məkanda və diplomatik arealda gedirsə, orada qalib gəlmədən hərbi cəbhədə nailiyyət əldə etmək mümkün deyil. O rakursdan baxanda Azərbaycan 2017-ci ildə Qarabağla bağlı mühüm siyasi, iqtisadi mövqelərini qoruyub saxlayıb. Hərbi baxımdan isə əldə etdiyimiz müasir texnika və silahlar bütün təmas xəttinə yaxın ərazilərdə yerləşdirilməkdə davam edir. Ölkə rəhbəri strateji planda iş görməklə yanaşı, taktiki cəhətdən Bakını, o cümlədən su hövzələrimizin qorunması qayğısını hava hücumundan müdafiə sistemləri baxımından təmin edib. Belə olan təqdirdə düşmənin sürətli silahlanmada yer alması iqtisadi cəhətdən Ermənistanın ziyanına işləyir. 2017-ci ildə əldə etdiyimiz strateji qalibiyyətlər nəticə etibarilə Qarabağla bağlı atılan addımlara öz təsirini göstərəcək”.
İndi qeyd olunanlar fonunda gözlənir ki, gələn il ərzində Qarabağ münaqişəsinin həlli istiqamtəində müəyyən əməli addımlar atılsın. Rusiyalı politoloq İvan Timofeyev də bu qənaətdədir və hesab edir ki, prosesdə Moskva özü də maraqlıdır: “Rusiya həmişə Azərbaycan və Ermənistanla münasibətlərdə balanslaşdırılmış mövqe tutmağa çalışıb. Bu il vəziyyət danışıqlar sayəsində sanki normallaşıb, amma hərbi əməliyyatların yenidən başlanması ilə bağlı real risqi hesabdan silmək olmaz. İstənilən gərginliyin məntiqi, xüsusilə də Qafqazda, onu göstərir ki, pis vəziyyətdə qalmamaq üçün müəyyən addımlar atıla, qərarlar qəbul oluna bilər. Qafqaz regionunda ləyaqət hissi hamı üçün vacibdir, ona görə də burada diplomatiya çox ehtiyatlı olmalıdır“. Onun sözlərinə görə, Moskva münaqişədə vəziyyəti dəyişmək üçün indi üzərinə düşəni etməyə hazırdır və buna əsas səbəb onun Qarabağ münaqişəsinin həllində müəyyən irəliləyişlərə nail olmaq niyyətidir. Bunun üçün isə Kreml İrəvana təzyiq etməli olduğunu da yaxşı bilir. Ermənistan bu fonda münaqişənin həllində lazımi addımlar atmasa, Rusiya Beynəlxalq Əlaqələr Şurasının ekspertləri tərəfindən hazırlanan hesabata əsasən, Dağlıq Qarabağda lokal hərbi əməliyyatların bərpa risqi kifayət qədər yüksək olacaq. Hesabatda qeyd olunur ki, 2017-ci ildə bu istiqamətdə Rusiya diplomatiyasının ən mühüm nailiyyəti Dağlıq Qarabağ münaqişəsində sabitliyin qorunub saxlanması və Ermənistan - Azərbaycan əlaqələrinin balanslı inkişafıdır. Amma münaqişənin həllində yenilik olmasa, hərbi əməliyyatların yenilənməsi və bundan da ən çox zərər görən tərəfin məhz Ermənistan olacağı vurğulanır. Əslində, erməni cəmiyyətində də elə bu mövqe hakimdir və onlar üçün, belə demək mümkünsə, ən dəhşətli kabus ötən ilin aprel döyüşlərinin təkrarlana biləcəyidir. Düzdür, hələ də erməni rəsmilər aprel məğubiyyətinə müxtəlif don geyindirməklə həmin vaxt hansısa ciddi prosesin baş vermədəyini iddia edir. Məsələn, Ermənistanın baş Qərargah rəisi Movses Akopyan həmin vaxt Azərbaycan ordusunun azad etdiyi ərazilərin strateji əhəmiyyətinin olmadığını bildirir: “Yaranmış vəziyyət qəbul edilmiş qərarların nəticəsidir. Bu gün cəbhə xətti bu mövqedən keçir. Cəbhə xəttinin əvvəlki vəziyyətini bərpa etmək mümkün olmayıb. Bəzi beynəlxalq təşkilatların və Rusiyanın müdaxiləsi nəticəsində müharibənin qarşısı alınıb. Amma siz elə zənn etməyin ki, Azərbaycan Qarabağı tutmaq istəmir, onun arzuları daha genişdir.Qarabağı, Zəngəzuru, vaxt getdikcə İrəvanı tutmağı arzulayır". Erməni deputatı, general Seyran Saroyan Ermənistan cəmiyyətində Azərbaycan ordusunun geri aldığı Lələ-Təpə yüksəkliyinin qaytarılması ilə bağlı aşağıdakıları bildirir: “Allah göstərməsin ki, müharibə başlasın. Bir yüksəkliyə görə biz xalqı qırğına verə bilmərik. Bu yüksəklik elə də əhəmiyyətli deyil”. Amma ehtiyatda olan general-mayor, “Komandos“ ləqəbli Arkadi Ter-Tadevosyan onun dediklərini təkzib edir: “O mövqelər çox ciddi mövqelər idi. Təəssüf ki, onları itirmişik“. Ter-Tadevosyan aprel döyüşlərində Azərbaycan ordusunun düşmən işğalından azad etdiyi mövqelərin strateji və ciddi mövqelər olduğunu etiraf edib: “Bu məqamda mövqeləri geri qaytarmaq lazım deyil. O mövqelər çox ciddi mövqelər idi. Çox təəssüf ki, onları itirmişik. Lakin mövqeləri qaytarmaq istəsək, böyük itkilərimiz olacaq. Hazırda yeni mövqelər yaratmalıyıq“. Bütün bunlar erməni cəmiyyətində Qarabağ məsələsi ilə bağlı hansı əhval-ruhiyyənin hökm sürdüyünü aydın göstərir. Hazırda Ermənistanın rəhbərliyində və siyasi elitasında, həm də ictimaiyyətdə, vətəndaş cəmiyyətində qorxu və təşviş hökm sürür. Ermənilər bir sıra dövlətlərin, xüsusən Rusiyanın mövqeyindən ciddi narazılığını ifadə edir. Çünki Rusiya həmişə Ermənistanın müttəfiqi olan bir dövlət kimi qəbul olunurdu. Amma Azərbaycan, belə demək olarsa, artıq bu mütəffiqi ermənilərin əlindən alıb və İrəvanın mövqelərini daha zəif hala gətirib. Ermənilər əvvəllər Moskvanın Azərbaycana silah və hərbi texnika satmasından narazıdı idilərsə, indi digər sahələrdə də Rusiya-Azərbaycan yaxınlaşmasından ciddi əndişə keçirirlər. Vəziyyətin bu şəkil almasının ümdə səbəblərindən biri həm də Ermənistanın Rusiyaya xəyanət edərək Avropa İttifaqı ilə yaxınlaşmasıdır. Moskva buna qəzəblidir və bu fonda da Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin yüksəlməsi müşahidə olunur. Ermənistandan fərqli olaraq, Bakının Moskva ilə münasibətləri yüksələn xətt üzrə inkişaf edir və bütün bunlar Qarabağ məsələsinə də öz təsirini göstərir. Bu mənada gələn il ərzində Qarabağ münaqişəsinin həllində müəyyən yeniliklərin olması gözlənir. Bunun əsası isə elə bu il hazırlanıb.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.