Vüqar Qədirov: “Hesab etmək olar ki, Gürcüstan İrandan sonra Ermənistana ikinci nəfəsliyi verəcək”
Ermənistan prezidenti Serj Sarkisyanın Gürcüstana etdiyi səfər və orada keçirdiyi görüşlər həmin ölkənin mediası tərəfindən böyük bir “qələbə” kimi dəyərləndirilir. Belə təqdimatlar edilir ki, Gürcüstanla Ermənistan arasında əldə olunan razılaşmalar Ermənistanın blokadadan çıxarılmasına köməklik edəcək. Ermənistan
prezidenti gürcü həmkarı ilə keçirdiyi görüşdə Gürcüstana maraqlı təklif edib. O bildirib ki, Gürcüstan Ermənistan ərazisindən istifadə etməklə öz mallarını Avrasiya İttifaqı ölkələri və İran bazarına çıxara bilər. Sarkisyan bu təklifin cəlbedici olmasını İranla Ermənistan arasında olan azad iqtisadi zonanın verdiyi güzəştli imkanların mövcudluğu ilə izah edib.
Gürcüstan bu razılığa gedərsə, bu, Ermənistanın blokadanı yarması anlamına gələ bilərmi?
Ekspert Vüqar Qədirovun sözlərinə görə, Ermənistan prezidentinin Gürcüstana reallaşan səfəri bizim tərəfimizdən də diqqətlə izlənir: “Hələ səfərdən əvvəl erməni mətbuatı bu istiqamətdə böyük ajiotaj yaratdı. Onlar qeyd edirdilər ki, tərəflər arasında müzakirə mövzularından biri də Ermənistanın blokadasının yarılması ilə əlaqədar olacaq. Gürcüstan tərəfi də bununla bağlı ikibaşlı bir açıqlama verdi və bildirdi ki, Rusiyadan gələn yüklərin Ermənistana daşınması fors-mojor vəziyyətlərdə mümkün olacaq. Bunun özü də Azərbaycanı qane etməyən variantdır. Çünki fors-mojor anlayışının altında çox qaranlıq məqamlar yata bilər. Kim zəmanət verər ki, həmin yüklərin içində Rusiyanın Ermənistana göndərəcəyi silahlar olmayacaq. Sarkisyanın təklifinə gəldikdə isə bu, Gürcüstanı şirnikləndirmək anlamına gəlir. İran və Avrasiya ölkələrilə onun vasitəsilə əlaqə qurmaq absurd təklifdir. Bu daha çox Ermənistanın maraqlarına xidmət edir, nəinki Gürcüstanın. Bir fakta diqqət edək, həmin əlaqələri Gürcüstan öz strateji müttəfiqi olan Azərbaycan vasitəsilə edir və gələcəkdə daha rahat edə bilər. Cünki Azərbaycanın İranla sərhədi var, hətta Avrasiya İttifaqı ölkələrinə daha optimal çıxış imkanı mövcuddur. Gürcüstan bunu anlamamaq qədər aciz deyil. Sarkisyanın deyilən təklifi ilə razılaşma əldə olunacağı təqdirdə Gürcüstan öz strateji müttəfiqi olan Azərbaycana arxa çevirmiş, hətta bir qədər də dəqiq ifadə etsək, xəyanət etmiş olacaq. Bu vəziyyətin baş tutması Ermənistanın tam blokadadan çıxması anlamına gəlmir. Hesab etmək olar ki, Gürcüstan İrandan sonra Ermənistana ikinci nəfəsliyi verəcək”.
Məhəmmədəli QƏRİBLİ