Qərb ölkələrinin Yaxın Şərq siyasəti Avropada müsəlmanların sayının gedərək daha böyük sürətlə artmasına gətirib çıxarmaqdadır. Çünki ölkəsində Qərb siyasəti nəticəsində xaos yaradılan müsəlman miqrantların üz tutduğu əsas məkanlardan biri məhz Avropa dövlətləridir. Hazırda proseslərin gedişi müsəlmanların sayının miqrasiya hesabına Avropada daha çox artacağını istisna etmir.
Digər tərəfdən, Yaxın Şərqlə yanaşı, Afrikadan da Avropaya üz tutanların sayında ciddi artım qeydə alınır. Bundan başqa, müsəlman ailələrdə təbii artım sayının yüksək olması da onların Avropada xüsusi çəkisini sürətlə artıran əsas faktorlardan sayılır. Hadisələrin bu səpkidə inkişafı isə Avropada artıq təlaşla qarşılanır və təəssüf ki, bu həm də müsəlmanoara qarşı ayrıseçkilyin artmasına gətirib çıxarır. Moskva Patriarxlığının Xarici Kilsələrlə Əlaqələr Şöbəsinin rəhbəri İllarion Volokolamski də məsələnin bu tərəfinə nəzər salaraq çox maraqlı fikirlər səsləndirir. O həm də iddia edir ki, Qərbin xristianlıqdan imtina etməsi səbəbindən Avropa İttifaqındakı müsəlmanların sayı artır: "Mən bir daha vatikanlı həmkarım Koxun sözlərini nəzərinizə çatdırmaq istəyirəm. O bir dəfə mənə "Biz güclü islamdan deyil, zəif xristianlıqdan qorxmalıyıq" demişdi. Müsəlman ailələrində doğum nisbəti digər dinlərin nümayəndələrinin ailələrinə nisbətən daha yüksəkdir. Eləcə də əksər Avropa dövlətləri miqrasiya siyasətinin xüsusiyyətlərini əks etdirir. Mövcud olan miqrasiya siyasətinə qarşı hələlik üç Avropa ölkəsi - Macarıstan, Polşa və Çexiya açıq şəkildə çıxış edir. Bu dövlətlərin nümayəndələri Yaxın Şərqdəki müsəlmanları deyil, xristianları qəbul edəcəklərini bildiriblər". Rusiyanın Avropa İttifaqı yanında daimi nümayəndəsi Vladimir Çijov da elə bu günlərdə belə bir açıqlama ilə çıxış etmişdi ki, miqrasiya böhranı Avropa İttifaqı üçün gec açılan, həm də kifayət qədər qısa fitilli bombadır: “Bu bombanı Avropa İttifaqının özü hazırladı”. O əlavə edib ki, vəziyyət hər növbəti ay daha kəskin hal alır. Ancaq, onun fikrincə, miqrasiya böhranı Avropa İttifaqının dağılmasına və üzv ölkələrin onun sıralarını tərk etməsinə gətirib çıxarmayacaq: “Avropalıların həyatı daha rahat olmayacaq. Mən nə vaxtsa belə bir frazanı eşidirdim ki, Avropa İttifaqında həyat tərzi superdir. Miqrasiya böhranı belə bir obraz və Avropa İttifaqındakı həyat səviyyəsini zərbə altına qoyur”. Qeyd edək ki, Avropa II Dünya müharibəsi illərindən sonra ən ciddi, ilk növbədə Yaxın Şərq və Şimali Afrika ölkələrində baş verən silahlı konfliktlər və kəskin iqtisadi problemlər nəticəsində yaranan miqrasiya böhranını yaşayır. Avropa İttifaqı 2015-ci-2017-ci illərdə miqrasiya probleminin həllinə 17 milyard avrodan çox xərcləyib.
“Pew Research Center” Amerika mərkəzinin tədqiqatının nəticələrinə əsasən, 2050-ci ilə Avropada müsəlman əhalinin payı, miqrasiya axınlarının azaldılması halında belə, 7-14 faiz arta bilər. Mərkəz hesab edir ki, müsəlmanların sayı “köhnə qitə”də 75,6 milyona çata bilər. Avropa ölkələri arasında müsəlman əhalinin ən böyük hissəsi Fransa, Böyük Britaniya, Almaniya, İsveç və İtaliyada yaşayacaq. Hazırda Avropaya müsəlman axını bütün əvvəlki proqnozları heçə endirir. Məsələn, Avropa İttifaqı bəyan edirdi ki, əhalisi 2050-ci ilədək 16 milyon nəfər azalacaq. Son hesablamalar isə göstərir ki, əksinə, Avropanın əhalisi həmin vaxta 10 milyon nəfər artacaq. Amma bu artım əsas etibarı ilə məhz müsəlmanların hesabına olacaq. Hesablamalarda o da bildirilir ki, XX əsrdə Avstriya əhalisinin 90 faizi katoliklər idi. Lakin 2050-ci ildə 15 yaşından aşağı əhalı arasında çoxluğu müsəlmanlar təşkil edəcək. Eynilə Fransa, İngiltərə, Almaniya və digər aparıcı Avropa ölkələrində müsəlmanların sayının gedərək artacağı vurğulanır. Britaniyanın “Policy Exchange“ araşdırmalar mərkəzinə görə, yaşı 55-dən yuxarı olan müsəlmanların 70 faizi artıq özünü avropalı hesab edir. yaranmış vəziyyətdə müsəlmanlara, miqrantlara qarşı çıxan radikal partiyaların Avropa ölkələrində mövqeləri güclənir. Belə vəziyyətdə qardaş Türkiyənin Avropa İttifaqına üzv olması qurum tərəfindən daha kəskin şəkildə rədd edilir. ABŞ isə əvvəldən müsəlman miqrantlara qarşı sərt mövqe tutur və bu, Donald Trampın dövründə özünü daha qabarıq formada göstərir. O, hələ prezident seçkisi zamanı söz vermişdi ki, müsəlman qaçqınların ABŞ-a gəlişini tam qadağan edəcək. Prezident seçiləndən sonra bu qadağaya tam nail olmasa da, müxtəlif qaçqın və mühacir proqramlarının ləğvi, viza şərtlərinin sərtləşdirilməsi və bəzi müsəlman ölkələrindən qaçqın qəbulunu dayandırmaq hesabına məqsədinə, demək olar ki, çatıb. Belə ki, son bir il ərzində ABŞ-a üz tutan müsəlmanların sayı kəskin azalıb. 2016-cı ildə ABŞ 45 min müsəlman qaçqın qəbul etmişdisə, bu il ərzində onların sayı 11 min olub. Bu 11 minin də yarısının qəbulu yanvar-fevral aylarına, yəni Trampın yenicə iş başına keçməsi, qaçqın məsələsi ilə məşğul olmağa başlamadığı dövrə təsadüf edir. Bu ilin yanvarından noyabrınadək ABŞ-a gələn müsəlman qaçqınların sayı isə 94 faiz azalıb. Azalmanın qarşıdakı dövr ərzində daha böyük rəqəmlə ifadə olunması gözlənir.
Nahid SALAYEV