Ermənistanın destruktiv mövqeyi üzündən hələ də həllini tapmayan Dağlıq Qarabağ münaqişəsi düşmən ölkəni sosial-iqtisadi müstəvidə getdikcə daha ağır vəziyyətə salır. Son vəziyyətin təhlili erməni cəmiyyətinin sosial-iqtisadi uçurumun kənarında olduğunu aydın şəkildə nümayiş etdirir və qeyd olunduğu kimi, hadisələrin məhz bu səpkidə inkişaf etməsinin başlıca səbəbi Qarabağ konfliktidir.
Əvvəlki dövrlərdən fərqli olaraq, bu məqam erməni cəmiyyətində daha çox etiarf edilir. Düzdür, Serj Sarksiyan rejimi tabeliyində olan güc strukturları vasitəsilə belə mövqedən çıxış edənlərə təzyiqlər göstərərək bu istiqamətdə fikirlərin yayılmasının qarşısını almağa çalışır. Ancaq rejim məqsədinə tam nail olmur. Ermənistanın “Aykakan Jamanak“ qəzeti bununla bağlı yazır: “Erməni cəmiyyəti sosial-iqtisadi problemlər məngənəsində çabalamaqdan bezib. Bu problemlərin kökündə isə bilavastə Qarabağ konflikti və bu konflikt nəticəsində ölkədə hakimiyyəti qəsb edənlər durur. Qarabağ münaqişəsinin həllinin uzanması hələ də Ermənistanın regional layihələrin icrasında iştirakını əngəlləyən əsas amil olaraq qalır. Həmçinin bu münaqişə ölkənin izolyasiya vəziyyətində yaşamağa davam etməsinin başlıca təkanverici mənbəyidir. Qlobal iqtisadi böhran fonunda yaranan çətinlikləri Qarabağ münaqişəsinin davam etməsi daha da dərinləşdirir. Deməli, münaqişənin həllinin uzanması Ermənistana ikiqat zərər vurur. Hakimiyyət isə nə münaqişəni, nə də sosial-iqtisadi problemləri həll etmək iqtidarındadır“.
Bildirilir ki, hazırkı vəziyyətdə Ermənistanda insanlar acınacaqlı vəziyyətdə yaşayır, yoxsulluq həddi durmadan artır. Elə Ermənistan Milli Statistika Xidməti də bildirir ki, ölkədə yoxsulluq həddi durmadan artır, əhalinin hər 10 nəfərdən 3-ü yoxsul vəziyyətdədir. Hazırda 880 min nəfər vətəndaş yoxsulluq statusuna malikdir. Ermənistan əhalisinin 295 min nəfərinin aylıq gəlirləri 69 dollar, daha kasıb olan 54 min nəfər vətəndaşın isə orta aylıq gəlirləri 48 dollar miqdarındadır. Erməni ekspertlər belə bu göstəricilərin Ermənistan kimi kiçik dövlət üçün fövqəladə təhlükə yaratdığını, hökumətin bu istiqamətdə fəaliyyətinin müsbət nəticə vermədiyini açıq şəkildə bəyan edirlər. Bununla yanaşı, əməkhaqqının, pensiya təminatının artmadığı bir ölkədə, əksinə, çörək, süd və ət məhsullarının və digər zəruri məhsulların qiymətlərinin gündən-günə artdığı, inflyasiya həddinin, işsizlik göstəricilərinin yüksəldiyi qeyd olunur və çıxış yolu kimi investisiya yatırımlarının həyata keçirilməsinə ehtiyac duyulduğu bildirilir. Lakin hakimiyyətdə olan Respublika Partiyasının buna əhəmiyyət vermədiyi qeyd edilir, parlament üzvlərinin məsələ ilə bağlı əsassız çıxışları sərt tənqid olunur. O da bildirilir ki, Qarabağ münaqişəsi davam etdiyi müddət ərzində hansısa müsbət dəyişiklik gözləmək əbəsdir.
Ümumiyyətlə, birmənalı həqiqətdir ki, bir dövlət kimi Ermənistanın mövcudluğunun davamı Azərbaycanla əlaqələrin bərpasından getdikcə daha çox asılı vəziyyətə düşməkdədir. Lakin bunun üçün əsas şərt işğal siyasətinə son qoymaq və Azərbaycanla danışıqlarda daha konstruktiv mövqe nümayiş etdirməkdir. İndi bəzi ermənilər də bu qənaətdədir ki, münaqişə ilə bağlı Azərbaycanın mövqeyinə qarşı lüzumsuz müqaviməti uzatmağa ehtiyac yoxdur. Belə hesab edilir ki, Ermənistanın xaricdən asılılığını gücləndirən bu problemin həllinə mümkün qədər tez nail olmaq lazımdır. Belə mövqedən çıxış edənlərin fikrincə, rəsmi İrəvan danışıqlar prosesində konstruktiv mövqe nümayiş etdirməlidir. Konstruktiv mövqe isə danışıqlar prosesində Azərbaycanın şərtlərini qəbul etmək və işğal olunmuş ərazilərdən Ermənistan hərbi qüvvələrini mümkün qədər tez çıxarmaqdır. Əks vəziyyət Ermənistanın çöküşünü daha da sürətləndirəcək. Bunu Vaşinqtondakı Karnegi İnstitutunun analitiki Pol Stronski da təsdiq edir. Onun fikrincə, Qarabağ konfliktinin davam etdiyi müddət ərzində Ermənistanı yaxşı heç nə gözləmir: “Ötən dövr ərzində Ermənistan hansısa nailiyyəti ilə fəxr edə bilməz. Ölkədə iqtisadi və demoqrafik böhran, Rusiyadan asılılıq, Türkiyə və Azərbaycanla münasibətlərdə durum qaranlıq gələcəklə səciyyələnir. Ermənistan iqtisadiyyatı hələ də çətinliklər yaşayır, əhali siyasətçilərdən və onların nəticəsiz qərarlarından yorulub. Ermənistan elitası arasında ciddi korrupsiyanın mövcudluğu vəziyyəti daha da gərginləşdirir. Nəticə odur ki, bu gün Ermənistan yolayrıcında və qeyri-müəyyənlik içərisindədir. Vətəndaşları ölkəni daha kütləvi şəkildə tərk edir, qonşular tərəfindən təcrid davam edir və bu amil onun iqtisadiyyatına mənfi təsir göstərir. Ermənistanın digər dövlətlərdən asılılığı artır, bununla da o, dövlət müstəqilliyini tam itirməyə sürüklənir. Bu artıq ona gətirib çıxarıb ki, ölkə iqtisadiyyatı uçuruma yuvarlanır və ölkədən daha çox sayda insan axını baş verir. Dağlıq Qarabağ münaqişəsi erməni xalqına, Dağlıq Qarabağda yaşayan ermənilərə çox böyük problemlər gətirib. Sadəcə, hakimiyyətdə yer alanlar bundan istifadə edərək öz sərvətlərini artırır. Münaqişənin davam etməsi Ermənistan üçün yeni problemlərdən başqa heç nə vəd etmir“.
Eyni mövqeni erməni politoloq Armen Qriqoryan da bölüşür. O, Serj Sarksiyanın Qarabağ münaqişəsinin həllini uzatmasını Ermənistana vurulan ən böyük zərbələrdən biri kimi dəyərləndirir. Sarkisyanın komandası ilə birlikdə ölkəni rəzil günə saldığını vurğulayan Armen Qriqoryan qeyd edir ki, bütün bunlar fonunda o, yenə ölkəyə rəhbərliyi davam etdirməyi düşünür: “Bir neçə aydan sonra Serj Sarkisyanın prezidentlik müddətinin 10 ili tamam olacaq. Sarkisyanın Ermənistana rəhbərlik etdiyi illər əsl böhran dövrüdür. Bu dövrü Ermənistan üçün uğurlu adlandırmaq olduqca çətindir. Heç bir uğur olmayıb”. Onun sözlərinə görə, Sarkisyanın idarəçiliyi dövründə Ermənistanın xarici borcu 1,5 milyard dollardan 6,3 milyard dollara yüksəlib: ”Ermənistan iqtisadiyyatın geriləməsində rekord qazanıb. Belə ki, milli iqtisadiyyatda 14 faiz geriləmə müşahidə olunub. Ölkəni birdəfəlik tərk edənlərin sayı davamlı olaraq artır. Bütün bunlardan başqa, 10 ildə nə iqtisadi, nə də siyasi sahədə hər hansı müsbət meyl müşahidə edilib. Cəmiyyətin başı isə Qarabağ münaqişəsi ilə aldadılıb. Elə indinin özündə də hakimiyyət bu siyasətdən əl çəkmir”.
Bütün bunlar aydın şəkildə göstərir ki, Ermənistan hakimiyyətinin Qarabağ siyasətindən narazılıq yüksələn xətt üzrə gedir. Bu günlərdə Ermənistanın müdafiə naziri Vigen Sarkisyanın “Şant” televiziyasına müsahibəsində açıqlamaları isə vəziyyəti daha da gərginləşdirən hallardan biri sayılır. Nazir açıq şəkildə bildirib ki, Ermənistanın Mərkəzi Hərbi Həkim Komissiyasının yarıtmaz fəaliyyəti təkcə Müdafiə Nazirliyinin deyil, ölkənin də təhlükəsizliyinə zərbə vurur. Onun sözlərinə görə, bu komissiyanın istənilən yanlış qərarı Ermənistanın müdafiə qabiliyyəti və təhlükəsizliyinə zərbə vurur: “Hərbi komissarlıqda müxtəlif komissiyalar var. Onların uyğun avadanlığı, məsələn, adi diaqnostik aparatı belə yoxdur. Fikrimcə, bu, qarmaqarışıq məsuliyyətsiz qərarların qəbuluna səbəb olur”. Sarkisyan poliklinikalardan tutmuş, hərbi çağırış komissiyalarınadək bütün həkimləri çağırışçılarla bağlı məsələyə məsuliyyətlə yanaşmağa çağırıb və bu sahədə islahat apardıqlarını da vurğulayıb. Bu açıqlamalar, öz növbəsində, əsgər valideynlərinin, erməni ekspertələrinin indiyə qədər dediklərinin həqiqəti əks etdirməsinin real təsdiqi sayılır. Belə ki, indiyə qədər valideynlər hərbi xidmətə yararsız olanların belə əsgərliyə aparılıdığını bildirsələr də, hakimiyyət bunu təkzib edirdi. Amma Vigen Sarkisyanın açıqlamaları, əslində, valideynlərin kifayət qədər haqlı olduğunu üzə çıxarır.
Məlumat üçün bildirək ki, Ermənistanda 90 xəstəlik növü və onun törəmələri aşkarlanan gənclər məcburi hərbi xidmətə çağırılmır. Amma görünən odur ki, ötən dövr ərzində Ermənistanda buna əhəmiyyət verən olmayıb. Əsas səbəb odur ki, həkimlər bu zaman çağırışçının imkanlı valideyni və yaxınlarından rüşvət alır. Elə Ermənistan mediası özü də bununla bağlı çoxsaylı faktlar yayıb. Həmin məlumatlarda bildirilir ki, oğullarının Azərbaycanın işğal altında saxlanan Dağlıq Qarabağ bölgəsinə getməsini istəməyən valideynlər komissarlıqlara və ya Müdafiə Nazirliyinin məsələyə cavabdeh olan qurumuna rüşvət verir. Hətta əsgər ailələri xidmətə yararsız oğullarının ordu sıralarına cəlb edildiyini də bildiriblər. İndi Vigen Sarkisyan açıq şəkildə rüşvət yolu ilə ordudan yayınma hallarını etiraf edib. Bu məsələdə isə hərbi komissiyaların həkimləri fəal rol oynayır. İstisna deyil ki, bütün bunlar hakimiyyətə qarşı istfiadə olunacaq əsas arqumentlər sırasında yer alacaq. Beləliklə, qeyd edilənlərdən aydın olur ki, mövcud vəziyyətdə işğal siyasətini davam etdirmək Ermənistanın özünün belə maraqlarına xidmət etmir. Çünki bu, ölkəni daha böyük durğunluğa sürükləyir. Ölkə, faktiki olaraq, sosial-iqtisadi uçurum astanasındadır. Ermənistan iqtisadiyyatının xaricdən alınan böyük miqdarda borcları vaxtında ödəmək üzrə qabiliyyətinin şübhə doğurduğu nəzərə alınarsa, tamamilə aydındır ki, tezliklə vəziyyət daha dözülməz həddə çatacaq. Nəticə olaraq, işğalçı ölkə uzun illər ərzində tənəzzülə uğramış, rəqabət qabiliyyətini itirmiş iqtisadiyyat olaraq qalacaq. Bundan xilas olmağın yeganə yolu isə zəbt olunmuş ərazilərin azad edilməsi, Azərbaycanla sülh müqaviləsinin imzalanmasıdır. Istər regional, istərsə də beynəlxalq əhəmiyyətli layihələrin əsas iştirakçısına çevrilərək, bölgənin vəziyyətini öz xeyrinə dəyişməyə nail olan Azərbaycanla razılıq olmadan Ermənistanın gələcəyi yoxdur. Ermənistandakı sosial-iqtisadi böhran və onun nəticələri yalnız sülh, sabitlik və təhlükəsizlik şəraitində aradan qaldırıla bilər. Münaqişənin həll olunmaması və İrəvanın bu münaqişənin dinc yolla nizamlanması üzrə danışıqlar prosesini süni şəkildə uzatması isə yalnız onun inkişafını əngəlləyir, işğalçı ölkəni daha böyük problemlərlə üz-üzə qoyur.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.