Məhəmməd Əsədullazadə: “Bu gün tam əminliklə demək olar ki, Silahlı Qüvvələrimiz Cənubi Qafqazda müasir və güclü döyüş qabiliyyətinə malik peşəkar ordudur”
Məlum olduğu kimi, Prezident İlham Əliyev “2018-ci il dövlət büdcəsi haqqında” Qanunu təsdiqləyib. 2018-ci il dövlət büdcəsinin gəlirləri 20 milyard 127 milyon manat, xərcləri isə 21 milyard 47 milyon manat məbləğində təsdiqlənib.
Gələnilki büdcədə diqqətçəkən məqam ondan ibarətdir ki, hərbi xərclər əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə artırılıb. 2018-ci ilin dövlət büdcəsində müdafiə xərcləri üçün 2,739 milyard manatın və ya 1,611 milyard ABŞ dollarının ayrılması nəzərdə tutulub. Məlumat üçün qeyd edək ki, Azərbaycanın 2017-ci il üzrə dövlət büdcəsində müdafiə sisteminə 1,615 milyard manat ayrılmışdı. Ötən illə müqayisədə bu il müdafiə xərcləri 1,123 milyard manat artırılıb. Müqayisə üçün qeyd edək ki, qonşu Gürcüstanın hərbi xərcləri gələn il üçün cəmi 300 milyon dollar təşkil edəcək. Cari il ərzində isə bu göstərici 277 milyon dollar olub. Bu isə Azərbaycanla müqayisədə təxminən 5,5 dəfə azdır.
Həmçinin, Ermənistan da 2018-ci ildə müdafiə xərclərini 20 faiz artıracaq. Büdcəyə əsasən, Ermənistan gələn il ordusuna 518 milyon dollar ayıracaq. Bu isə 2017-ci ilin müdafiə xərclərindən 80 milyon dollar çoxdur. Qeyd edək ki, bu il Ermənistan ordusu üçün 438 milyon dollar ayırmışdı.
Bütün hallarda, aparılan müqayisələr o qənaətə gəlməyə əsas verir ki, Ermənistan ötən ilə nisbətən hərbi xərcləri 80 milyon dollar artırsa da, Azərbaycanla eyni səviyyədə olmaq gücündə deyil. Ən azından ona görə ki, Azərbaycanın müdafiə məqsədli xərcləri Ermənistanla müqayisədə təxminən 3 dəfədən artıq olacaq.
Bütün bu deyilənlərin fonunda, müdafiə xərclərinin artırılmasına ekspertlər necə yanaşırlar? Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, indiki situasiyada belə bir addımın atılması doğru yanaşmadır: “Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini qorumaq naminə müdafiə xərclərini artırması düzgün addımdır. Xüsusilə də Ermənistan tərəfindən işğal olunmuş 20 faiz torpaqlarının geri qaytarılması naminə öz Silahlı Qüvvələrini inkişaf etdirir. Ordunun döyüş qabiliyyətinin yüksəlməsinə, müasir silahlarla təchiz olunmasına çalışır. Bu gün tam əminliklə demək olar ki, Silahlı Qüvvələrimiz Cənubi Qafqazda müasir və güclü döyüş qabiliyyətinə malik peşəkar ordudur. Bu gün Azərbaycan dövləti öz Silahlı Qüvvələrinin inkişafına və texniki təminatının yaxşılaşdırılmasına büdcədən hər il təsdiq olunmuş məbləğdə vəsait ayırır. Gələn il üçün nəzərdə tutulmuş büdcədən Silahlı Qüvvələrə 2,7 milyard manat vəsaitin ayrılması ordumuzun müasir döyüş qabiliyyətinin yüksəlməsinə, həmçinin, yeni silah partiyalarının alınmasına hesablanıb. Məhz hər il orduya ayrılan büdcə hesabı bütövlükdə Ermənistanın dövlət büdcəsindən yüksəkdir. Hesab edirəm ki, alınacaq yeni müasir raket və artilleriya sistemləri, radiokəşfiyyat və s. texniki parametləri yüksək olan hərbi avadanlıqlar Silahlı Qüvvələrimizin Ermənistanın silahlı qüvvələri üzərində əzici üstünlüyünü saxlayır. Bu gün güclü və peşəkar orduya malik olan ölkə regional gücə çevrilir. İstənilən münaqişə və geosiyasi sferada söz sahibi olur. Hazırda işğal olunmuş ərazilərimizin geri alınması istiqamətində aparılan diplomatik danışıqlar fayda verməsə, təbii ki, güc tətbiq etməklə işğala son verəcəyik. Bu silahlar vitrinə qoyulmaq və poliqonda istifadə etmək üçün alınmır. Aprel hərbi eskalasiyası bir daha sübut edir ki, ordumuz istənilən an torpaqlarımızı erməni işğalçılarından təmizləməyə hazırdır. Məhz orduya bu qədər ayrılan vəsait hesabına qarşıdakı maneələri dəf etməyə hazır olan güclü Silahlı Qüvvələrə malikik. Bu gün dünya birliyi də təsdiq edir ki, xüsusilə Ermənistan hakimiyyəti Azərbaycan Ordusunun gücünün fərqindədir. Hesab edirəm ki, bu vəsait ildən-ilə artırılmalı, torpaqlarımızın işğaldan azad olunması üçün nə lazımdırsa, ordu üçün edilməlidir. Bu gün Silahlı Qüvvələrin ixtiyarında beşinci nəsil silahllar var. Bu silahlar məhz düşmənin bütün hərəkət trayektoriyasını məhv etməyə qadirdir. 2,7 milyard manat vəsait bir daha təsdiq edir ki, ordunun gücləndirilməsi istiqamətində mühüm addımlar atılır”.
Vidadi ORDAHALLI