Elşən Həsənov: “Diqqətçəkən məqamlardan biri də Ermənistanın qeyri-konstruktiv mövqedə olmasının etiraf edilməsidir”
Rusiyanın beynəlxalq əlaqələr üzrə məsləhət şurası (RSDM) “Rusiyanın xarici siyasəti: 2018-ci il” adlı hesabatında bildirir ki, 2018-ci ildə Azərbaycanda və Ermənistanda seçkilər keçiriləcək. Seçki ilində Qarabağ münaqişəsində ziddiyyətlər gözlənir.
RSDM ekspertləri hesab edirlər ki, gələn il Ermənistan Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqı arasında qalacaq: “Lakin istisna deyil ki, seçkilər fonunda Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi yüksələcək. Bu fonda Rusiyanın Ermənistanın arxasından çəkilməsi istisnalıq təşkil etmir”. Hesab edilir ki, bu vəziyyətdə savaş ehtimalı artır.
Azərbaycana gəlincə, hesabatda qeyd olunur ki, Bakının Moskva ilə münasibətləri qarşılıqlı əlaqələr fonunda davam edəcək: “Böyük ehtimalla, xalqın dəstəklədiyi Prezident İlham Əliyev seçkinin qalibi olacaq. Moskvada keçiriləcək Rusiya, İran və Azərbaycan liderlərinin sammiti ilin böyük hadisəsi olacaq”. Hesabatda Dağlıq Qarabağ ətrafında ziddiyyətlərin davam edəcəyi, münaqişə zonasında gərginliyin arta biləcəyi qeyd olunur: “Seçkilər dövründə Qarabağ ətrafında ziddiyyətlər aktuallaşacaq. Müəyyən fasilələrlə toqquşmalar baş verəcək. Hər iki tərəf müdafiə xərclərini artıracaq”. Amma burada da Azərbaycanın hərb müstəvisində birmənalı üstünlüyü xüsusi olaraq vurğulanır. Yeni savaşın Ermənistan üçün fəsadlarının ağır olması ilə bağlı İrəvanın özündə də maraqlı faktlar səslənir. Məsələn, Ermənistan ordusunun Baş Qərargah rəisi Movses Akopyanın sözlərinə görə, elə düşünmək lazım deyil ki, Azərbaycanın Qarabağı geri qaytarmaq istəyi yoxdur: “Onlar Qarabağı da, Zəngəzuru da, zaman-zaman İrəvanı da geri qaytarmaq niyyətindədirlər“.
Göründüyü kimi, hesabatda Ermənistanla bağlı olduqca bədbin, Azərbaycanla bağlı isə nikbin proqnoz verilir. Bu qənaətləri nə dərəcədə əsaslı saymaq olar?
Ekspert Elşən Həsənovun sözlərinə görə, Rusiyada hazırlanan bu hesabat reallığı əks etdirir: “Tərəflərə eyni məsafədən yanaşıldığı hiss edilir. Rusiyanın özünü bu məsələdə tam neytral saymaq mümkün olmasa da, hesabatın ruhunda obyektivlik nəzərə çarpır. Ermənistanda doğrudan da acınacaqlı vəziyyət yaranıb. Həmin problemlərin rüşeymi yola salacağımız ildə artıq qoyulub. Növbəti ildə isə daha da kəskinləşəcək. Ermənistan bu il ərzində özü də proqnozlaşdırmadığı manevrlər etdi. Rusiya ilə müttəfiq ola-ola Qərbə sığındı. Hesabatda doğru olaraq qeyd edilir ki, artıq Ermənistanda anti-Rusiya ritorikası artıb. Hakimiyyətə yaxın qüvvələrin təşkilatçılığı ilə Moskvaya qarşı sərt fikirlərin səslənməsinə şərait yaradılır. Ermənistan Rusiyaya arxa çevirməyə cəhd edir. Təbii ki, bu, daxili auditoriyada narazılıq yaraadacaq. Ölkənin sosial problemləri daha qabarıq şəkildə özünü büruzə verəcək. Azərbaycanda isə doğrudan da İlham Əliyevin Prezident seçilmək şansı daha yüksəkdir. Növbəti ildə bu proqnozun özünü doğruldacağına qəti şübhə yoxdur. Növbəti il üçün ölkəmizdə iqtisadi artımın da yüksək olacağı proqnozlaşdırılır. Bu baxımdan da hesabatı obyektiv saya bilərik. Diqqətçəkən məqamlardan biri də Ermənistanın qeyri-konstruktiv mövqedə olmasının etiraf edilməsidir. Bütün bunlar həm də onu deməyə əsas verir ki, növbəti ildə Dağlıq Qarabağ münaqişəsilə bağlı ciddi irəliləyişlər ola bilər”.
Məhəmmədəli QƏRİBLİ