Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinin uzanması konfliktin hərb müstəvsində çözülə ehtimalını artırır və artıq bunu əngəlləyəcək güclərin yoxluğu da aydın şəkildə vurğulanır. Əvvəllər belə fikirlər səslənirdi ki, regionda marağı olan böyük güclər, xüsusən də Rusiya münaqirşənin yenidən alovlanmasını əngəlləmək iqtidarındadır. Amma ötən ilin apreli əyani surətdə təsdiqlədi ki, münaqişə istənilən an alovlana bilər və Azərbaycanın istəyi olmadan kiminsə onu dayandırması sadəcə mümkünsüzdür.
Elə ötən ilin aprelində başlanan hərbi əməliyyatların miqyasının genişlənməsinin də qarşısı məhz Bakının istəyi ilə alındı. Həmin vaxt ermənilərin hücumunun qarşısının alınması məqsədilə edilən əks həmlə nəticəsində ordumuz yüzlərlə hektar ərazini düşməndən azad etdi. Elə o vaxtdan ermənilər üçün ən təhlükəli hesab edilən məqamlardan biri hərbi əməliyyatların yenidən bərpa oluna biləcəyi ilə bağlıdır. Bu zaman düşmən böyük itkilərə məruz qalacağını yaxşı bilir.
Azərbaycan da, öz növbəsində, konfliktin hərb müstəvisində çözülmə ehtimalının daim gündəmdə olduğunu açıq bəyan edir. Danışıqların nəticəsiz olması fonunda güc variantının tətbiq edilmə səviyyəsi də yüksəlir. Bunu “tert.am” saytına açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk da təsdiq edir və bildirir ki, Ermənistana artıq müharibənin olmayacağına dair heç kim, o cümlədən Rusiya belə zəmanət verə bilməz: “Ermənistanın Qarabağ məsələsində hər zaman əsas tələbi ölkənin təhlükəsizliyi olub. 2016-cı ilin aprelində baş verənləri Ermənistan özünə birbaşa hücum kimi dəyərləndirir. O bilir ki, artıq təhlükəsizliyinə heç kim, hətta Moskva da zəmanət verə bilməz. Ermənistan indi hər kəsdən təmas xəttində atəşin dayandırılmasına yardım gözləyir. Belə zəmanəti isə heç kim verə bilməz”. Belə vəziyyətdə regionda maraqlı qüvvələr üçün ən yaxşı vasitə Ermənistana təsir edərək, onu real addımlar atmağa məcbur etməkdir. Bu mövqe rusiyalı hərbi politoloq Pavel Felgenhauer tərəfindən də xüsusi olaraq vurğulanır. O hesab edir ki, heç kimə Qarabağ konfliktinin eskalasiyası lazım deyil: “Gərginliyin yumşalıb və ya sərtləşdirilməsi konflikt iştirakçılarının qərarından asılıdır. Müharibəni boş yerə başlamırlar. Kimsə faydalı olduğunu biləndən sonra müharibə qərarını verir. İkincisi isə bu gün nə Rusiya, nə ABŞ, nə İran, nə Türkiyə, nə də hansısa başqa dövlətə Qarabağ konfliktinin gərginləşməsi lazımdır. Onların öz problemləri var.
Bu günlərdə mən Vaşinqtonda ABŞ prezidentinin müşaviri Herbert Makmasterin olduğu konfransda iştirak etdim. Makmaster çoxlu sayda müxtəlif konfliktlərdən danışdı, amma o, Qarabağdan bir söz belə dilə gətirmədi. Hər kəsin problemi kifayət qədərdir. Qarabağ xarici qüvvələrin radarlarında yalnız buradakı gərginliyin yeni savaş başladacağı aydın olanda görsənir. Siz sakit oturduğunuz müddət ərzində dünya sizi unudur. Situasiya pisləşəndə hadisələr qızmar olur və bu onları maraqlandırır. Amma bu gün baş verənlər müvəqqəti sakitlikdir. Tərəflərdən hansısa biri nəsə tətbiq etməyin zamanı gəldiyini düşünəndə, bu, xarici dünya üçün sürpriz olacaq”.
Ekspertin fikrincə, ABŞ-ın da Qarabağ məsələsində aktiv mövqe sərgiləməsi çox vacibdir: “Tramp administrasiyasının Qarabağla bağlı imkanları azdır. Ona görə ki, Dövlət Departamenti hələ çoxlu sayda məmurun təyinatını həyata keçirməyib. Müşavir Makmaster isə hərbçi olduğuna görə aktiv siyasətin aparılması gərəkdiyini anlayır. Passiv siyasətlə qalib gəlmək olmaz. Amerikanın şansları böyükdür, amma onlar məhdudlaşdırılıb. Onların sənədində çoxlu problemlər sadalanıb, amma onlar prioritetləri seçirlər…Bu gün konfliktin həlli üçün imkan yoxdur. Hər iki tərəf silahlanmağa davam edir. Silahlar həm Ermənistana, həm Azərbaycana tədarük edilir. Konflikt partlasa, bu çox güclü olacaq. Mən bilmirəm bu nə vaxt olacaq, amma gələn il olma imkanları da çoxdur”.
Felgenhauer, tərəflər arasında müharibə başlayacağı təqdirdə, Azərbaycanın qalibiyyət imkanlarının çox olduğunu deyib: “Aprel müharibəsi göstərdi ki, erməni ordusunun silahlanma və hərbi hazırlıq baxımından ciddi çatışmazlıqları var. Azərbaycan apreldə dayanmasaydı, o zaman hadisələrin necə inkişaf edəcəyini söyləmək çətin olardı. Doğrudur, ermənilər dərs götürüb, çatışmazlıqlarını anlamağa və mümkün olanları həll etməyə çalışır. Lakin daha fundamental olan şeylər də var. Bu da Ermənistan ordusunun geriliyidir. Bu isə ermənilərin günahı yox, bədbəxtliyidir. Hərbi əməliyyatlar üçün müasir silahlar lazımdır, bu da Azərbaycanda var. Azərbaycanda zərbə endirəcək pilotsuz aparatlar mövcuddur. Aprel savaşında onlar erməni zirehli maşınları və texnikasını məhv etdilər. İrəvanın belə aparatları yoxdur, hətta Rusiyada da bu mövcud deyil. Azərbaycan indi bəzi şeylərdə Rusiyadan daha irəliyə gedib. Ona görə ki, onlara bu texnikanı İsrail tədarük edir. Rusiya isə belə şeyləri özü istehsal etmək gücündə deyil. Ermənistan keyfiyyətli hərbi texnika baxımından çox geri qalır. Ermənistanda texnika sovetdən qalıb, Azərbaycan isə texnikasını İsraildə modernləşdirib. Azərbaycanın hərbi-texniki üstünlüyü əvvəlki kimi qalır. Bu üstünlük genişmiqyaslı müharibə zamanı Azərbaycanın imkanlarını artıracaq”.
Xatırladaq ki, hazırda Ermənistanda da rus hərbi politoloq kimi düşünənlərin sayı kifayət qədərdir. Elə bu səbəbdən yeni mümkün müharibə erməni cəmiyyətində əsl kabus kimi qarşılanır. Amma müharibədən qaçmaq üçün onlar işğal altındakı Azərbaycan ərazilərinin azad olunmasının zəruriliyini də yaxşı bilirlər. Bu, Qafqazı xüsusi diqqət mərkəzində saxlayan dövlətlərə də aiddir. Yuxarıda qeyd olunduğu kimi, regionda maraqlı qüvvələr Ermənistana təsir göstərməklə münaqişənin hərbi yolla həllinin qarşısını ala bilir. Digər rus politoloq Maksim Şevçenko bu xüsusda qeyd edir: "Dağlıq Qarabağ münaqişəsi regionun siyasi liderləri olan Rusiya, İran və Türkiyə olmadan həll edilə bilməz. Rusiya, İran və Türkiyənin yaxınlaşması Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək edə bilər”. Dünyanın ciddi dəyişikliklərə hazır olduğunu vurğulayan Şevçenko bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini tapmamasından yorulub: “Dağlıq Qarabağ münaqişəsi ona görə yaradılıb ki, gələcəkdə digər münaqişə ocaqları meydana gəlsin”. Şevçenkonu dediyi kimi, Qarabağ münaqişəsinin həllinin uzanması Azərbaycan cəmiyyətini yorub. Elə bu səbəbdən konfliktin dinc müstəvidə həlli üçün yaxın tezlikdə əməli addımlar atılmasa, hadisələrin alternativ olan hərb müstəvisində cərəyan etməsi qaçılmaz sayılır. Azərbaycanın kifayət qədər güclü mövqe sahibi olması fonunda isə ermənilər üçün hərbi əməliyyatlar yeni böyük itkilər deməkdir. Ermənistan ordusunun baş qərargah rəisi Movses Akopyanın ötən həftə dediyi sözlər də bunu təsdiq edir.
Xatırladaq ki, Akopyan erməni ordusunun “aprel müharibəsi”ndə Azərbaycan ordusunun azad etdiyi əraziləri yenidən işğal edə biləcəyini iddia edib. Lakin o əlavə edib ki, buna ehtiyac yoxdur: “Çünki erməni əsgərlərinin həyatını bu cür xırda şeylərə qurban verməyə dəyməz”. Aydındır ki, Akopyanın dedikləri İrəvanın siyasi-hərbi rəhbərliyinə erməni ictimaiyyəti önündə haqq qazanmaq cəhdidir. Çünki Azərbaycan ordusu qarşısında zəif vəziyyətdə olan Ermənistanın rəhbərliyi “erməni əsgərlərinin həyatı” məsələsini önə çıxararaq, əllərində əsas yaratmaq istəyir. Lakin Akopyanın bu sözləri erməni ictimaiyyətində ciddi etirazlara səbəb olub. Erməni siyasi şərhçi Tevos Arşakyan yazır ki, rəsmi İrəvan “aprel müharibəsi”ndə məğlubiyyətinə bəraət qazandırmaq gedişi edir: “Akopyan ərazilər haqqında danışarkən Azərbaycan ordusunun nəzarətə götürdüyü Lələtəpə və 800 hektar (Azərbaycan ordusu əslində, 2 min hektar ərazini işğaldan azad edib) ərazidən bəhs edir. “İgid general” “istənilən vaxt əraziləri ala bilərik” deyir, ardınca da “əsgərlərimizin həyatı daha önəmlidir” deməklə özü-özünü təkzib edir. Əslində, bütün bunlar ümumi sistemin məğlubiyyətə bəraət qazandırmaq instinktindən irəli gəlir. Serj Sarkisyan da ötən il Azərbaycan ordusunun nəzarətə götürdüyü əraziləri “əhəmiyyətsiz” adlandıraraq, məsuliyyətdən qaçmağa cəhd etmişdi”. Arşakyan xatırladır ki, 1994-cü ildə erməni hərbi birləşmələri Lələtəpə yüksəkliyini zəbt etmək üçün 400 itki verib: “Vaxtilə bu ərazilər olduqca əhəmiyyətli idi, indi rəqibin üstünlüyünü gizlətmək üçün əhəmiyyətsiz adlandırılır”. Erməni yazar Azərbaycan generalları ilə Ermənistan generallarını da müqayisə edib: “Erməni generallar ölən əsgərlərin ruhuna tüpürdülər. Azərbaycan generalları isə hər gün əraziləri azad etmək haqda danışır. Bizim generallar əraziləri asanlıqla qaytarmağa hazırdır. Çünki döyüşən bahalı avtomobillərdə gəzən oğlanları yox, daxmalarda yaşayanlardır. Sizə yalnız o lazımdır ki, heç kim sərvət toplamağınıza mane olmasın. Hətta bunun üçün əraziləri də qaytarmağa hazırsınız”. Real vəziyyətin təhlili də göstərir ki, bu gün erməni cəmiyyəti hakimiyyətdə yer alan qüvvələrin Qarabağ siyasətindən çox narazıdır. Çünki bu siyasət hakimiyyətdə yer alanların külli miqdarda sərvət toplamasına imkan verdiyi halda, erməni cəmiyyətinin çöküşünü sürtələndirib. Elə bu səbəbdən düşmən ölkədə hakimiyyətin Qarabağ siyasətindən narazılıqlar artır. Bu fonda Dağlıq Qarabağ münaqişəsində status-kvo ətrafındakı vəziyyətin dəyişməsi ehtimaıl daha da artır. Düzdür, məsələnin dinc yolla həlli ehtimalı da yüksək deyil və danışıqlar prosesində real irəliəlyişlərin yoxluğu da bunu şərtləndirən amillərdən sayılır. Belə vəziyyətdə yaxın tezlikdə erməni hakimiyyəti tərəfindən dinc yolla həll üçün addımlar atılmasa, Azərbaycan güc yolu ilə bu addımların atılmasını təmin etməli olacaq.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.