Xeyriyyəçi və ilk dollar milyarderi Con Rokfeller 1839-cu il iyul ayının 8-də anadan olub. O, dünyaya gəldiyi zaman Rokfeller ailəsi Nyu-Yorkda yaşayırdı. Gələcək milyarderin atası Con Devison, anası Abby Aldrixdir. Con Rokfellerin tərbiyəsi ilə anası və keşiş məşğul olub. Anası bütün övladlarına zəhmətkeş və qənaətçil olmağı öyrədib və onları nümunəvi tərbiyə etməyə çalışıb. Kiçik Rokfeller uşaq yaşlarından atasının yaşam tərzinə mənfi yanaşıb və özünə söz verib ki, böyüyəndə spirtli içkidən istifadə etməyəcək, həyat yoldaşına sadiq qalacaq. Doğrudan da Con Rokfeller sağlam həyat tərzi sürmüş nümunəvi ər və ata olub.
Neft maqnatı hələ uşaq yaşlarından qənaətcil və çalışqan olub. Gələcəyin milyarderi ilk biznes gəlirlərini hinduşka alverindən əldə edib. Ticarətdən əldə etdiyi gəlirləri isə dövriyyəyə buraxıb. Belə ki o, yaxın qonşusu olan fermerə illik 7,5 faizlə 50 dollar kredit verib.
Kollecə daxil olan gənc Rokfeller kolleci bitirməkdən imtina edərək bu təhsil müəssisəsini yarımçıq tərk edib. Bunun əvəzində 3 aylıq mühasibatlıq kursuna yazılıb. Kursu bitirdikdən sonra yaşadığı Klivlenddə iş axtarışına çıxıb. 1,5 ay sürən iş axtarışının nəticəsində Con Rokfelleri ticarət şirkəti olan “Hewitt and Tuttle” baş mühasibin köməkçisi olaraq işə qəbul edib. O, tezliklə işdə uğur əldə edərək baş mühasib vəzifəsinə kimi yüksəlib, fəqət şirkətdə onunla bərabər olan digər bir baş mühasibin əmək haqqının daha çox olması Conun qüruruna toxunub. Beləliklə, Rokfeller həmin vəzifədən imtina edərək, ümumiyyətlə muzdlu iş fəaliyyətini buraxıb. Bu hadisə gələcək milyarderin həyat prinsiplərinə təsir edib və onun məşhur 12 qaydasından biri kimi qeyd olunub.
Mühasiblik fəaliyyəti zamanında Rokfellerin şəxsi hesab kitabçası olub. Həmin kitabçada o, bütün xərc və gəlirlərinin hesabını aparırdı. Rokfellerin gəlirlərinə qənaətçiliklə yanaşması ona ilk kapitalını toplamağa imkan verib.
18 yaşında 800 dollar toplayan Rokfeller kommersant Morris Klarkla işbirliyinə qoşulub. Fəqət Rokfellerin topladığı vəsait işbirliyinə qoşulmaq üçün tələb olunan miqdarda olmayıb. Buna görə də o, atasından sələminə 1200 dollar borc pul götürüb. Yeni biznes ortaqları hazır məhsulların təyin olunmuş məkanlara çatdırılması ilə məşğul olurdular. Həmin ərəfədə, yəni 1861-1865-ci illərdə ABŞ-da vətəndaş müharibəsinin hökm sürməsi Con Rokfellerin biznesinin çiçəklənməsinə səbəb olub. Belə ki, milli ordunun ət, un və duzla təchiz edilməsi üçün federal qüvvələr Rokfellerlə heç bir hesablaşma aparmadan razılığa gəlib və ondan məhsulları Rokfellerin xeyrinə olan dəyərdə almağa başlayıblar.
Con Rokfellerin neft karyerası isə 1860-cı illərdə Pensilvaniyada neft quyularının tapılması ilə başlayıb. Bu ərəfədə kimyaçı Endryus “qara qızıl” emalının perspektivini əvvəlcədən görür və Rokfelleri də buna inandırır. Bundan sonra Endryusla birlikdə Rokfeller və Klark “Endryus və Klark” adlı bir şirkət yaradırlar ki, bu şirkət Klivlenddə yerləşən neft emalı ilə məşğul olan sahibkarlıq fəaliyyəti “Flets”in başlanğıcını qoyur.
Con Rokfeller “Standart Oil” şirkətinin əsasını 1870-ci ildə qoyub. O, öz işçilərinə mükafat qismində şirkətin aksiyalarını hədiyyə edirdi. Bununla Con Rokfeller hesab edirdi ki, əməkdaşlar özlərini şirkətin bir hissəsi kimi qəbul etsələr, o zaman daha məhsuldar olacaqlar və bütün səylərini əsirgəməyəcəklər. Neft maqnatı bu qərarında yanılmayıb və onun şirkəti tezliklə çiçəklənib, geniş miqyas alıb. Rokfellerin biznesi böyüdükcə o, neft hasilatı və emalı ilə məşğul olan bütün zavodları alaraq onları vahid neft trestində birləşdirib. Con Rokfellerin bazarda kifayət qədər gücü olduğundan, o, trestə qoşulmaq istəməyən müəssisələri məcburi və bir qədər də dolayı yolla trestə daxil edirdi. İnhisarçı bazar fəaliyyətinə malik olan Rokfeller qəsdən neftin qiymətini aşağı salırdı. Bununla da kiçik müəssisələr rəqabətə tab gətirməyərək ya trestə qoşulur, ya da tənəzzülə uğrayırdılar. Beləliklə, “Standart Oil”un yaranmasından 10 il keçməmiş Con Rokfeller Amerikanın neft emalı sənayesinin 90 faizini ələ keçirib.
1890-cı ildə Amerikada antiinhisar qanunları qüvvəyə minib. Buna baxmayaraq, Con Rokfeller və onun şirkətləri 20 il müddətində qanunvericilikdən yan keçiblər. Ancaq 1911-ci ildə “Standart Oil” 32 şirkətə bölünüb. Müasir Amerika şirkətləri arasında kifayət qədər şirkət var ki, “Standart Oil”un törəmələridir.
Bu gün Con Rokfellerin adı zənginlik simvolu sayılır. İllərin keçməsinə baxmayaraq, o hələ də dünyanın ən zəngin insanı hesab olunur. 1917-ci ildə neft maqnatının maddi vəziyyəti 1 milyard dollar idi ki, bu rəqəm ABŞ-ın Ümumi Daxili Məhsulunun 2,5 faizini təşkil edirdi. Həmin rəqəmləri müasir ekvivalentlə ifadə etsək, Con Rokfeller bugünkü hesablamalarda 192 milyard dollara sahib olardı. Müqayisə üçün qeyd edək ki, ABŞ-ın ən zəngin işgüzar adamlarından biri olan Uorren Baffetin maddi vəziyyəti 53,5 milyard dollar təşkil edir.
Con Rokfeller öz adını tarixə təkcə neft maqnatı kimi deyil, həm də xeyriyyəçi kimi həkk edib. Onun yaratdığı xeyriyyə fondu bir çox Universitet və təhsil müəssisələrinin, xəstəxanaların, iş yerlərinin və binaların tikilməsində iştirak edib və bir çox xeyriyyə məqsədli tədbirləri, elmi araşdırmaları maliyyələşdirib.
Con Rokfeller özü də qəbul edib ki, biznesdə kəskin inhisar fəaliyyəti apararaq bazarda gücünü yerbəyer edib. Fəqət onu da unutmaq olmaz ki, Rokfeller bundan əvvəl artıq nüfuzlu bir milyonçu sayılırdı. Milyardlarının olmasına baxmayaraq, o həmişə insanda qənaətçilliyi üstün tuturdu. Con Rokfellerin özü kostyumu tam çırılıb sıradan çıxmayana kimi yenisini almırdı. Rokfellerin 4 övları – 3 qızı və 1 oğlu olub. O, uşaqlarına yalnız təhsil və tibb xidmətlərinə gəldikdə heç nəyini əsirgəmirdi. Digər xırda şeylərdə isə onun uşaqları adi uşaqlar kimi böyüdülüb, uşaqlıqdan onlarda qənaət və zəhmətə vərdiş formalaşdırılıb. Yeganə oğlu çox vaxt bacısının paltarlarını geyirdi. Bunun çox sadə səbəbi vardı: paltarlar təzə idi və sıradan çıxmamışdı. Con Rokfeller ailəsində sanki bazar iqtisadiyyatı sistemi qurmuşdu. Belə ki, onun uşaqları hər nümunəvi hərəkətə – yaxşı oxumaq, ev işlərində kömək etmək, qoca və köməksiz qonşulara xırda köməyə görə mükafatlandırılır, pis hərəkətlərə və sözə baxmamağa görə isə cəzalandırılır və cərimə edilirdilər.
Con Rokfellerin həyat yoldaşına gəldikdə isə, Lora Spelman Rokfelleri hədsiz dərəcədə sevir və hörmət edirdi. Onlar bir sinifdə oxumuşdular. Hələ məktəb vaxtlarından Con Rokfellerin Loradan xoşu gəlirdi. Lora isə imkanlı bir ailənin qızı idi və Rokfellerin qayğı və diqqətinə özünəməxsus şəkildə cavab vermişdi: “Mən imkanlı bir kişi ilə ailə qurmalıyam”. Bu sözlərin Con Rokfellerə nə dərəcədə təsir etdiyini deyə bilmərik, fəqət o, məqsədinə nail olur. Lora ilə evlənərkən Con Rokfeller kifayət qədər maddi təminata və biznes aləmində nüfuza malik idi.
Ömür boyu bir qadını sevən və ona sadiq qalan, nümunəvi bir ata olan Con Rokfellerin Allaha dərin inamı var idi. Buna görə də xeyriyyəçilik edirdi. Bütün bu müsbət keyfiyyətləri ona anası aşılamışdı.
Con Rokfeller təkcə neft sənayesindən böyük gəlir əldə etməklə kifayətlənməyib. O, həmçinin, olduqca böyük narıngi və tütün plantasiyalarına sahib olub. O cümlədən ən iri yükdaşıma şirkətləri də onun büdcəsini ağılasığmaz məbləğlərlə zənginləşdirib.
Con Rokfeller pul qazanmağa başladığı gündən ömrünün sonunadək gəlirinin 10 faizini kilsələrə verib. Onun xeyrəyyəçiliyi bununla da bitməyib. O, insanlara təmənnasız olaraq 500 milyon dollardan artıq pul paylayıb. Bugün də Con Rokfellerin adını daşıyan xeyriyyə fondu milyarderin ənənələrini davam etdirir. Ümumilikdə Rokfellerin qazandığı 318 milyardın 100 milyardı xeyriyyə məqsədilə sərf olunub. Şəxsi həyatında isə Rokfeller hədsiz qənaətçil olub. Zəngin həyat tərzini sevməyən milyarderin ən çox sevdiyi qidalar süd və şirin çörək olub. Rokfellerin həyat yoldaşı da qənaətçillikdə ərindən geri qalmayıb. Ailədə uşaqlar böyüyəndə onlara velosiped almaq üçün valideynlər bir neçə saat qərara gələ bilməyiblər. Nəhayət uzun-uzadı müzakirələrdən sonra valideynlər qərara gəliblər ki, iki uşağa bir velosiped alınsın və onlar velosipeddən növbə ilə istifadə etsinlər. Con Rokfeller pul qazandığı bütün illər ərzində bir dəfə bədxərclik etdiyini ömrünün sonunadək söyləyib. Belə ki, o, nişanlı olarkən gələcək həyat yoldaşına 118 dollara nişan üzüyü almasını ən böyük maliyyə səhvi sayıb.
Con Rokfellerin gərgin işguzarlığı ona böyük problemlər yaradıb. Uzun illər pul qazanmaq ona sağlamlığı ilə məşğul olmağı unutdurub. Bir dəfə güzgünün qarşısında dayanıb özünə baxanda narahatlıq keçirməyə başlayıb. Saçlarının tökülməsi, hətta qaşlarının seyrəlməsi, üzündə iz salmış qırışlar və bütövlükdə xəstə insan görkəmi onu məcbur edib ki, həkimə müraciət etsin. Müayinədən sonra həkimin narahatlığını hiss edən Rokfeller soruşub:
– Hiss edirəm ki, sağlamlığımla bağlı ciddi problemlərim var. Bu belədirmi?
Həkim onun dediklərini təsdiqləyib:
– Cənab Rokfeller, siz düzgün fikirləşirsiniz. Sağlamlıq durumunuz bir o qədər də ürəkaçan deyil.
– Mən indi nə etməliyəm?
– Sizin iki yolunuz var. Siz ya pul qazanmalısınız, ya da sadə bir insan kimi yaşamalısınız.
Bu dialoqdan sonra Rokfellerin həyatında ciddi dəyişikliklər hiss olunub. O, öz sağlamlığına diqqət etməyə və ən iri xeyriyyə aksiyalarına bu dövrdən sonra başlayıb.
Con Rokfellerin uşaqlıq illəri oxumaq və fikirləşməklə keçib. O, hər zaman nə barədəsə düşünüb. Con bir gənc kimi, sözün əsl mənasında praktik idi. Öz valideynləri üçün belə təmannasız heç bir iş görməzmiş. Babasından, atasından və anasından çox şey öyrənib. Nəyin xeyirli, nəyin ziyanlı olması barədə illərcə formalaşmış qənaətləri aram-aram onu milyarderliyə doğru aparıb.
Con Rokfeller 28 may 1937-ci ildə vəfat edib. Ancaq onun qurduğu maliyyə imperiyası daha da çiçəklənib. 1972-ci ildə onun neft şirkəti “Exxon” adını qəbul edib. Hazırda ailənin kapitalı “Rokfeller qardaşları” şirkətində mərkəzləşir.
Təhsilin və səhiyyənin inkişafı üçün heç vaxt pulunu əsirgəməyən milyarder 1913-cü ildə öz adına fond təsis etdirib. Hazırda bu fond kənd təsərrüfatı, demoqrafiya, ekologiya, təhsil və mədəniyyət sahələrində milli və beynəlxalq araşdırmaları maliyyələşdirir, 50-dən çox gəlirsiz təşkilatı himayə edir.
Con Rokfeller 100 milyon dollar qazanmağı və 100 yaşına qədər yaşamağı arzu edib. Onun ilk arzusu tez bir zamanda, ikinci arzusu isə qismən reallaşır. O, 1937-ci il mayın 23-də 97 yaşında rahat ölümlə dünyasını dəyişir və adını əbədi olaraq tarixə yazdırır.
Ruhu şad olsun!
Fazil QARAOĞLU Professor