Xəzər Teyyublu: “Biz alınan yüksəkliyin nə kimi strateji əhəmiyyətə malik olduğunu gözəl bilirik”
Ermənistan parlamentində təmsil olunan deputat, general Seyran Saroyan maraqlı açıqlama ilə çıxış edib. O, parlamentdə bildirib ki, Ermənistanın itirdiyi Lələtəpə yüksəkliyini geri qaytarmağa lüzum görmür.
Parlamentdə hakim partiyanı təmsil edən general bildirib ki, 2016-cı ilin aprelində itirilən həmin yüksəkliyi yenidən ələ keçirməyə cəhd etmək doğru deyil: “Çünki Ermənistanın əlində kifayət qədər yüksəklik var. Bir Lələtəpə üçün erməni əsgərlərini ölümə vermək olmaz”.
General, həmçinin, erməni KİV-lərini də bu məsələ ətrafında doğru təbliğat apara bilməməkdə qınayıb: “Bizim jurnalistlər yazırlar ki, həmin təpəyə görə Ermənistan çoxlu sayda itki verib. Müharibədir, burada itkilərin olması təbiidir. Ancaq biz həmin səhvi bir daha buraxmalı deyilik”.
Saroyan hətta bildirib ki, genişmiqyaslı müharibə başlayacağı təqdirdə guya Ermənistan həmin təpəni qaytarmağa qadirdir.
Erməni generalın bu açıqlamasından hansı nəticələri çıxarmaq olar?
Klassik Xalq Cəbhəsi Partiyasının funksioneri Xəzər Teyyublu qəzetimizə bildirdi ki, erməni generalın bu açıqlamasında səmimiyyət notları yoxdur: “Onlar bu cür açıqlama ilə özlərinə təskinlik vermək istəyirlər. Çünki güclü ordularının olması ilə bağlı təbliğatları, demək olar ki, iflasa uğrayıb. Onlar Dağlıq Qarabağda əldə etdikləri müvəqqəti üstünlükləri ordularının əziyyətlə qazandığı zəfər kimi sadə xalqa çatdırırdılar. Ancaq biz hamımız bilirik ki, belə deyil. Ermənilərin havadarları olmasaydı, hazırda vəziyyət tamamilə başqa cür olardı. Aprel döyüşləri sübut etdi ki, Azərbaycan Ordusu işğal faktı ilə barışmayıb. Ermənilərin bir təbliğatı da bununla bağlı idi ki, işğalın üstündən xeyli vaxt keçib, nəsil dəyişib və guya yeni nəsildə döyüş ruhu əvvəlki kimi olmayacaq. Ancaq biz tamamilə fərqli mənzərənin şahidi olduq. Azərbaycanın igid oğulları sübut etdilər ki, gənc nəsil düşmənə qarşı daha böyük əzmlə səfərbər olunur. Ermənilərin xislətində güzəşt yoxdur. Onlar bu cür açıqlamaları ilə guya Lələtəpənin strateji əhəmiyyətinin aşağı olduğuna diqqəti yönəltmək istəyirlər. Düşmənin bu cür göz yaşlarına inanmaq lazım deyil. Biz alınan yüksəkliyin nə kimi strateji əhəmiyyətə malik olduğunu gözəl bilirik. Ermənilər bu cür timsah göz yaşları ilə bizi aldada bilməz. Bir faktı da yadda saxlasınlar ki, Azərbaycan əsgəri geri qaytardığı Vətən torpağından geriyə deyil, yalnız irəli baxır”.
Məhəmmədəli QƏRİBLİ