Elşən Həsənov: “Məlum oldu ki, onlar ABŞ-dan asılılıqları hesabına ona dəstək veriblər”
BMT Baş Assambleyası Qüdsü İsrailin paytaxtı kimi rəsmən tanımayan qətnamə qəbul etdi. Baş Assambleya ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarını rədd edib. Belə ki, Türkiyə və Yəmənin hazırladığı layihənin əsasında qəbul edilən qətnamənin lehinə 128, əleyhinə 9 ölkə səs verib. 35 dövlət isə bitərəf qalıb.Qətnamənin əleyhinə səs verən ölkələr ABŞ, İsrail, Qvatemala, Honduras, Marşall adaları, Toqo, Nauru, Palau, Mikroneziya olublar.
Göründüyü kimi, BMT-dəki səsvermədə ABŞ faktiki olaraq məğlub vəziyyətə düşüb. Ən azından, onu dəstəkləyən ölkələrin adı və sayından bunu təyin etmək mümkündür. Bu vəziyyəti ABŞ-n Qüds siyasətinin iflasa uğraması kimi qəbul etmək olarmı?
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov qəzetimizə açıqlamasında bildirdi ki, BMT-də belə bir qərarın veriləcəyi gözlənilən idi: “Çünki Trampın verdiyi impulsiv qərarın bundan da ağır nəticələrə aparıb çıxaracağını biz demişik. Səsvermədə İsrailin və Trampın yanında yer alan ölkələrlə bağlı balaca araşdırma apardım, biabırçı mənzərə ortaya çıxdı. Məlum oldu ki, onlar ABŞ-dan asılılıqları hesabına ona dəstək veriblər. Bu 9 ölkədən biri olan Toqo ABŞ-dan yalnız 300 min dollar yardım almaq ümidi ilə belə bir addıma əl atıb.
İsrailin tərəfində olan Marşall adaları buna görə heç bir yardım almayacaq.
Ərəb ölkələrindən Misir, İordaniya, İraq, Əfqanıstan və Nigeriya hər il Amerikadan maddi yardım alırlar. Amma buna baxmayaraq, onlar Trampın qərarının əleyhinə səs veriblər.
Amerikadan ilə yarım milyon dollar yardım alan Kenya və həmçinin, ABŞ-dan 400 milyon yardım almaq istəyən Zambiya: bu iki ölkənin nümayəndələri ümumiyyətlə səsvermə zamanı zalda hazır olmayıblar.
Haiti də ABŞ-ın yardımlarına göz dikənlərdən biridir. Bu ölkə ABŞ-dan 150 milyon dollar əldə etmək istəyir. Səsvermədən imtina edən Macarıstan da bir milyon dollar əldə edəcək.
Fici adaları isə ABŞ-ın vəd etdiyi 200 min dollara göz dikməkdə davam edir.
Amma səsvermədə Trampın əleyhinə çıxan ölkələrə gəldikdə isə, ABŞ Dövlət Departamenti də bu barədə sakit qalmayıb. Departamentdən bildirilib ki gələcək addımları müəyyənləşdirmək üçün qrup yaradılıb.
Bundan öncə Tramp BMT-də onun Qüdslə bağlı qərarının əleyhinə səs verənləri maddi yardımların kəsiləcəyi ilə təhdid edib. Bütün bunlar sübut edir ki, ABŞ Qüdslə bağlı verdiyi qərarda acınacaqlı vəziyyətə düşüb”.
Məhəmmədəli QƏRİBLİ