Gürcüstanın separatçı bölgələrindən keçməklə Rusiya və Enmənistanı birləşdirən dəmir yolu xətlərinin yenidən işə salınması vaxtaşırı bu qonşu ölkədə hakimiyyətdə olan “Gürcü arzusu“ tərəfindən gündəmə gətirilir. Amma bu məsələnin özü elə gürcü cəmiyyətində ciddi narazılıqla qarşılanır. Çünki bu vəziyyət, faktiki olaraq, separatçı rejimlərlə Tiflisin əməkdaşlığa getməsidir.
Amma görünən odur ki, hakimiyyət qeyd olunan məsələdə ölkə üçün kifayət qədər təhlükəli olan bu fəaliyyətə birdəfəlik son qoymaq istəmir. Baş nazir Georgi Kvirikaşvilinin Ermənistandan gələn yüklərin fors-major hallarda Cənubi Osetiya və Abxaziyadan keçməklə Rusiyaya çatdırılmasına icazə verilməsi ilə bağlı fikirləri də bunun növbəti təsdiqi sayıla bilər. Elə bu da qonşu ölkənin özündə ciddi narazılığa yol açıb. Kvirikaşvili parlamentdəki çıxışı zamanı Ermənistandan gələn yüklərin fors-major hallarda Abxaziya və Cənubi Osetiyadan keçməklə Rusiyaya çatdırılmasını təklif edib. Hökumət başçısı bildirib ki, bu yoldan fors-major hallarda təkcə Ermənistan deyil, Türkiyə və digər ölkələr də istifadə edə bilər. Gürcüstan müxalifəti, öz növbəsində, Kvirikaşvilinin həmin təklifini sərt tənqid edib.
Gürcüstanın əsas müxalifəti hesab olunan “Vahid milli hərəkat” Partiyasının üzvü, Gürcüstan hökumətinin sabiq başçısı Qriqor Vaşadze qeyd edir ki, bu dəhlizdən üçüncü ölkənin istifadə etməsi 2011-ci ildə imzalanmış müqavilənin şərtlərinə ziddir. Ermənistana öz yüklərini bu dəhlizlə daşıma icazəsinin verilməsinin bu müqavilə ilə heç bir əlaqəsi yoxdur. Gürcüstanda hesab edilir ki, yüklərin daşınması istiqamətində atılan hansısa addım çox mənfi presedent yarada bilər. Xatırladaq ki, ötən ayın sonlarında da gürcü hökuməti qeyd olunan istiqamətdə təhlükəli gedişlər etməyə can atırdı. Həmin vaxt iddialar səslənirdi ki, Rusiya və Gürcüstan separatçı Abxaziya və Cənubi Osetiya üzərindən keçən nəqliyyat dəhlizlərinin açılmasını tezliklə həll edə bilər. Gürcüstan baş nazirinin xüsusi nümayəndəsi Zurab Abaşidze bununla bağlı Praqada Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə iki ölkə münasibətlərinin normallaşmasına dair danışıqların növbəti raundunu da keçirib. Lakin elə o vaxt da gürcü müxalifəti məsələyə sərt reaksiya verdi. Çünki Abxaziya ərazisindən keçən və Rusiyanı Ermənistana birləşdirən dəmir yolunun açılması Gürcüstanın separatçı bölgələri birdəfəlik itirməsi, onları müstəqil subyekt kimi tanıması deməkdir. Sözügedən dəmir yolu isə 90-cı illərin əvvəllərindən Abxaziya münaqişəsinə görə bağlıdır. Digər tərəfdən, Abxaziya dəmir yolu açılsa, Ermənistan Azərbaycan ərazilərinin işğalı nəticəsində düşdüyü nəqliyyat blokasından çıxacaq.
Bu dəmir yolnun açılması üçün isə Rusiya, Gürcüstan və İsveçrənin SGS şirkəti müvafiq razılaşmanı imzalamağa çalışır. Razılaşmaya əsasən, neytral ölkə kimi İsveçrənin SGS şirkəti Cənubi Osetiya və Abxaziyanın Rusiya ilə sərhədində iki nəzarət postu quracaq. Daha iki nəzarət postu isə bu qondarma “respublikaların” Gürcüstanla inzibati sərhədlərində qoyulacaq. Razılaşma Cənubi Osetiya və Abxaziyanın statusuna toxunmadan Rusiya ilə Gürcüstan arasında ticarət əlaqələrinin inkişafına imkan yaradacaq. Amma bu, separatçı bölgələrin tanınması anlamına gəldyindən, gürcü müxaliftəi buna qarşı çıxır. Elə Bakı da məsələyə xoş baxmır. Abxaziya dəmir yolunun açılması Ermənistanın nəqliyyat blokadasına xeyli ölçüdə son verəcəyinə görə Bakının həmin razılaşmaya münasibəti müsbət ola bilməz. Azərbaycan tərəfi Gürcüstanla münasibətlərindən və qonşu ölkəyə təsir imkanlarından istifadə edərək Ermənistana hava və su kimi gərəkli olan dəmir yolunun açılmasına qarşı çıxır. Amma gürcü hökuməti, hələ ki, təhlükəli oyununa davam edir.
Rusiyadakı strateji kommunikasiyalar Mərkəzinin prezidenti Dmitri Abzalov hesab edir ki, indiki siyasi və iqtisadi reallıqlarda Abxaziya və Cənubi Osetiyadan keçən nəqliyyat dəhlizlərinin açılmasına dair razılaşma yaxın vaxtlarda imzalana bilər. Onun sözlərinə görə, bu layihə əslində Mixeil Saakaşvilinin hakimiyyəti dövründə nəzərdən keçirilirdi: “Lakin prezident Barak Obama ilə görüşdən sonra layihə əngəlləndi. Üstəlik, 2008-ci ilin avqust hadisələri də bu dəhlizlərin açılmasını mürəkkəbləşdirmişdi. Lakin razılaşma imzalansa, xüsusən də İsveçrə üçüncü tərəf kimi çıxış etsə, bu, layihənin həyata keçirilməsi perspektivlərini ciddi ölçüdə yaxşılaşdıracaq. Razılaşma imzalansa Rusiya ilə Gürcüstan arasında diplomatik münasibətlərin bərpası mərhələsinə keçmək olar”. Amma yuxarıda qeyd olunduğu kimi, Abxaziyadan keçən dəmir yolunun açılması Gürcüstan hakimiyyətinin separatçı bölgələri müstəqil tərəf kimi qəbul etməsi anlamına gəlir.
Nahid SALAYEV