Yaxın Şərqdə kifayət qədər gərgin xarakter alan Rusiya-ABŞ münasibətləri MDB sərhədləri çərçivəsində də özünün təhlükəli mərhələsinə qədəm qoymağa başlayır. Belə görünür ki, tezliklə postsovet məkanında ən azı iki ölkədə Rusiya-ABŞ qarşıdurması açıq müstəviyə keçəcək. Söhbət ilk növbədə Ukrayna və Gürcüstandan gedir.
Ümumiyyətlə, proseslərin gedişi bu qənaətə gəlməyə əsas verir ki, Ukraynada məlum konflikt ocağı tezliklə yenidən alovlanacaq. Bunun əsas səbəblərindən biri də ABŞ prezidenti Donald Trampın administrasiyasının Kiyevə ölümsaçan silahların birinci partiyasının çatdırmasını bəyənməsidir. Halbuki, Barak Obama dövründə bu məsələyə birmənalı şəkildə rədd cavabı verilmişdi. Amma indi vəziyyət dəyişib. “The Washington Post”un məlumatına görə, ABŞ Ukraynaya istədiyi silahları verəcək. Bununla Tramp administrasiyası Barak Obamanın Ukraynaya uçuş silahların satılması barədə qoyduğu qadağadan imtina edib. Bu addım ABŞ Milli Təhlükəsizlik Şurasının aparıcı ekspertləri tərəfindən də təsdiqlənib. Qərar Trampın Rusiya prezidenti Vladimir Putinlə əməkdaşlıq etmək səylərinə ciddi zərbə kimi qiymətləndirilir.
Qeyd edək ki, bu ay ABŞ Dövlət Departamenti Ukraynaya 41,5 milyon dollar dəyərində M107A1 snayper tüfənginin, silah-sursatın, lazımlı detal və aksessuarların satılmasına dair kommersiya lisenziyası verib. “The Washington Post” yazır ki, silahların bu növünün çatdırılması Ukrayna güclərinin müəyyən zəifliyini aradan qaldırmağa imkan verəcək. Tennesi ştatından respublikaçı senator Bob Korker isə bildirib: “Mən şadam ki, administrasiya Ukraynaya ölümcül müdafiə silahının satışını bəyənib. Bu qərar Rusiyanın təcavüzü qarşısında Ukraynaya sədaqətimizi əks etdirir”. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə Vaşinqtonda Ukraynaya silah ötürülməsi faktının ilk dəfə elan edilməsindən təəssüfləndiyini bildirib. Daha əvvəl prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukraynaya ölümsaçan silahın çatdırılması Donbasda qan tökülməsinə çalışan “millətçilərin isti başlarını qızdıracaq”.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Ukraynaya ölümsaçan silahların çatdırılmasının Donbas probleminin nizama salınmasına kömək etməyəcəyini, əksinə, vəziyyəti daha da ağırlaşdıracağını bəyan edib: “Biz bu prosesə təsir etməyi bacarmırıq, amma ümumi beynəlxalq qaydalar və yanaşmalar var. Münaqişə zonasına silahın çatdırılması vəziyyəti yalnız ağırlaşdırır”. Putin, həmçinin, Ukraynanın “başqa regionlarını” hücumla hədələyib: “ABŞ Ukraynaya silah çatdırarsa, Rusiya döyüşçüləri Ukraynanın başqa regionlarına öz silahlarını göndərə bilər”. Ukrayna parlamentinin “Xalq cəbhəsi” fraksiyasının deputatı Anton Qeraşenko bildirib ki, Rusiya, ABŞ Ukrayna ordusuna silah verəcəyi təqdirdə, Kiyevi hücumla hədələyib. Belə bir vəziyyətdə ABŞ-ın Ukraynaya sülhməramlı qüvvələr göndərə biləcəyini də açıqlaması vəziyyti xeyli ağırlaşdırır. Rusiyanın bütün bunlara seyrçi qalmayacağı və Ukrayna savaşının yenidən alovlanması qaçılmaz sayılır. ABŞ-ın isə burada atdığı addımlar əslində münaqişənin Moskva və Vaşinqton arasında gedəcəyini də deməyə əsas verir. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov bildirir ki, Rusiya istənilən vaxt Kremldən verilən əmrlə dövlətimizə qarşı genişmiqyaslı döyüş əməliyyatlarına başlaya bilər: “Rusiya Ukrayna ilə sərhəd boyu güclü hərbi infrastruktur yaradır və istənilən vaxt dövlətimizə qarşı genişmiqyaslı döyüş əməliyyatları başlaya bilər”. Turçinov Rusiyanın regional və qismən qlobal hökmranlığının bərpasına yönəldilmiş siyasətini “qisasçı” adlandırıb. Onun sözlərinə görə, bu siyasət Avropanın şərqində və bütövlükdə qitədə təhlükəsizliyə zərər vurur.
Ukrayna iəl yanaşı, qonşu Gürcüstanda da vəziyyət ürəkaçan sayılmır. Xüsusən də Gürcüstanın NATO ilə əməkdaşlığının gedərək genişlənməsi Moskvada qəzəblə qarşılanır. NATO-nun 2016-cı il Varşava zirvəsinin qərarına uyğun olaraq, artıq ABŞ və Fransa Gürcüstanın hava hücumundan müdafiəsini qurmağa başlayıb. Bu məsələnin detalları gizli saxlanır, amma güman olunur ki, söhbət Gürcüstanın VL MICA “Mistral” sistemləri və mobil RLS ilə təchiz olunmasından gedir. ABŞ Konqresi isə, bunlara paralel olaraq, Gürcüstana tank əleyhinə “Javelin” raket kompleksləri verilməsini təsdiqləyib. Açıq görünür ki, 2008-ci il müharibəsində Gürcüstanın müdafiəsindəki ən kritik boşluqlar və çatışmazlıqlar nəzərə alınıb. O zaman Gürcüstan ordusu Rusiya aviasiyasının və zirehli hərbi texnikasının qarşısında aciz qalmışdı. Gürcülər "Buk" vasitəsilə bir neçə təyyarə vura bilsələr də, Rusiya aviasiyası ciddi maneəyə rast gəlmədən Gürcüstanın bütün vacib hərbi infrastrukturuna, o cümlədən paytaxt Tiflisdə yerləşən obyektlərə havadan zərbələr endirməyə nail olmuşdu. Amma ABŞ vəziyyəti dəyişməyə çalışır. Moskvanın isə separatçı rejimlər vasitəsilə buna sərt reaksiya verməsi və Gürcüstanda vəziyyətin yenidən qarışması istisna deyil.
Tahir TAĞIYEV