Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hansısa nəticələrin əldə olunmaması və Ermənistanın hələ də qeyri-konstruktiv mövqe nümayiş etdirməsi konfliktin yenidən alovlanma ehtimalını artırıb. İndi ekspertlərin böyük əksəriyyti bu qənaətdədir ki, yaranmış vəziyyətin gələn il ərzində də davam etməsi mümkünsüzdür. Elə bu səbəbdən hesab edilir ki, növbəti ildə danışıqlarda ciddi irəliləyiş olmayacağı təqdirdə konfliktin hərb müstəvisində çözümü qaçılmaz olacaq. Bunu Rusiyanın beynəlxalq əlaqələr üzrə məsləhət şurası (RSDM) da təsdiq edir. Qurum bildirir ki, 2018-ci ildə Dağlıq Qarabağda müharibə başlaya bilər.
“Rusiyanın xarici siyasəti: 2018-ci il” adlı hesabatda RSDM münaqişə ilə bağlı gərgin vəziyyətin hökm sürdüyünü bəyan edir. Bildirir ki, 2018-ci ildə Azərbaycanda və Ermənistanda seçkilər keçiriləcək. Seçki ilində Qarabağ münaqişəsində ziddiyyətlər gözlənir. RSDM ekspertləri hesab edirlər ki, gələn il Ermənistan Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqı arasında qalacaq: “Lakin istisna deyil ki, seçkilər fonunda Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi yüksələcək. Bu fonda Rusiyanın Ermənistanın arxasından çəkilməsi istisnalıq təşkil etmir”. Hesab edilir ki, bu vəziyyətdə savaş ehtimalı artır. Azərbaycana gəlincə, hesabatda qeyd olunur ki, Bakının Moskva ilə münasibətləri qarşılıqlı əlaqələr fonunda davam edəcək: “Böyük ehtimalla, xalqın dəstəklədiyi Prezident İlham Əliyev seçkinin qalibi olacaq. Moskvada keçiriləcək Rusiya, İran və Azərbaycan liderlərinin sammiti ilin böyük hadisəsi olacaq”. Hesabatda Dağlıq Qarabağ ətrafında ziddiyyətlərin davam edəcəyi, münaqişə zonasında gərginliyin arta biləcəyi qeyd olunur: “Seçkilər dövründə Qarabağ ətrafında ziddiyyətlər aktuallaşacaq. Müəyyən fasilələrlə toqquşmalar baş verəcək. Hər iki tərəf müdafiə xərclərini artıracaq”. Amma burada da Azərbaycanın hərb müstəvisində birmənalı üstünlüyü xüsusi olaraq vurğulanır. Yeni savaşın Ermənistan üçün fəsadlarının ağır olması ilə bağlı İrəvanın özündə də maraqlı faktlar səslənir. Məsələn, Ermənistan ordusunun Baş Qərargah rəisi Movses Akopyanın sözlərinə görə, elə düşünmək lazım deyil ki, Azərbaycanın Qarabağı geri qaytarmaq istəyi yoxdur: “Onlar Qarabağı da, Zəngəzuru da, zaman-zaman İrəvanı da geri qaytarmaq niyyətindədirlər“.
Eyni qorxunu erməni ekspert Vardan Malxasyanın açıqlamalarında da sezmək mümkündür. O qeyd edir ki, Qarabağda hərbi variantın gündəmə gəlməsi aktualdır: “Xüsusilə “aprel müharibəsi” yenidən təkrarlana bilər. Ehtimal ki, toqquşma başlasa, Azərbaycan sürətli hücum planı ilə Ermənistana zərbələr endirəcək. Bu baxımdan, biz siyasi ambisiyalara görə buna getməməliyik və daha ayıq olmalıyıq. Çünki “aprel müharibəsi” nəticənin necə olacağını indidən deməyə imkan verir”. Erməni siyasi şərhçi Sarkis Artsruni də bildirir ki, Azərbaycan Qarabağı geri almaqda israrlıdır.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Ermənistandan olan həmkarı Edvard Nalbandyanla görüş haqda dediyi sözləri o, təsadüfi saymır. Xatırladaq ki, Məmmədyarov Nalbandyanla gələn ay planlaşdırılan görüşü haqda danışarkən aşağıdakıları bildirib: “Mən hətta demişəm ki, iki gün də danışıq aparmağa razıyam. Əsas odur, nəticə olsun”. Sarkis Artsruni yazır ki, Bakı nəticə deyəndə ərazilərin qaytarılmasını nəzərdə tutur: “Söhbət ilkin mərhələdə Qarabağ ətrafındakı ərazilərin azad olunmasından gedir. İrəvanda görüşün olacağı təsdiq olunur, lakin detallar haqda susurlar. “Aprel müharibəsi”ndən sonra Vyana və Sankt-Peterburq razılaşmaları olsa da, bu yalnız kağız üzərində qaldı. Hazırda münaqişə ilə bağlı, Bakının bütün israrına rəğmən, heç bir nəticə yoxdur. Bu isə müharibənin ön plana çıxması deməkdir. Hazırda beynəlxalq situasiya da Qarabağ münaqişəsinin arxa plana keçməsinə səbəb olub. Əslində, münaqişənin dondurulmasına imkan verən bu şərait Ermənistan üçün sərfəlidir. Lakin müharibə istisna deyil, çünki heç bir irəliləyiş yoxdursa və danışıqlar dalana dirənibsə, Azərbaycan vəziyyətlə barışmayacaq. Bu isə müharibənin yenidən alovlanması ilə nəticələnə bilər”.
Müharibənin Ermənistan üçün sarsıdıcı olacağına dair isə bu vaxta qədər erməni tərəfinin özündə kifayət qədər etiraflar səslənib. Məsələnin bu tərəfinə nəzər salan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov ordumuzun qarşıya qoyulan tapşırıqların özdəsindən layiqincə gəlməyə hazır olduğuun bildirir. Bura ərazi bütövlüyünün bərpası da daxildir: “Dövlət müstəqilliyimizin, milli təhlükəsizliyimizin, xalqımızın əminamanlıq şəraitində yaşamasının təminatçısı olan Azərbaycan ordusu son illərdə daha da möhkəmlənib, mütəşəkkil hərbi qüvvəyə çevrilib. Qürur hissi ilə deyə bilərik ki, Azərbaycan ordusu regionun ən güclü ordusudur və düşmənin istənilən təcavüzünün qarşısını almağa, hücum tapşırığını yerinə yetirməyə qadirdir. Ötən il aprel döyüşləri zamanı Azərbaycan ordusu nəyə qadir olduğunu bir daha nümayiş etdirdi. Aprel döyüşlərində qazandığımız qələbə xalqımızın birliyinin, həmrəyliyinin, vətənpərvərliyinin, Azərbaycan ordusunun güc və qüdrətinin, həmçinin müdrik Prezidentimiz, qətiyyətli sərkərdəmiz, Ali Baş Komandan İlham Əliyevin qələbəsi kimi tarixə düşdü. Ordumuza, onun şəxsi heyətinə ölkə rəhbərliyi tərəfindən hərtərəfli diqqət və qayğı göstərilir. Ordumuzun maddi-texniki bazası hər gün möhkəmlənir, yeni-yeni döyüş texnikaları, silah-sursatlar, zenit-raket kompleksləri, artilleriya qurğuları, döyüş təyyarələri, helikopterlər alınır. Keçirilən irimiqyaslı taktiki təlimlər, komanda-qərargah hərbi oyunları göstərir ki, Azərbaycan Ordusu quruda, dənizdə və havada, istənilən iqlim şəraitində qarşısına qoyulmuş hər bir vəzifəni yerinə yetirməyə hər an hazırdır”.
Beləliklə, hərb müstəvisində vəziyyətin təhlili Azərbaycanın kifayət qədər üstün bir mövqedə olduğunu göstərir. Amma Azərbaycan əlavə qan tökülməməsi üçün məsələnin sülh yolu ilə beynəlxalq hüquq normaları çərçivəsində həllində maraqlıdır. Bunu Azərbaycan prezidenti İlham Əliyev “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda çıxışı zamanı bir daha gündəmə gətirdi: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan dövlətinin mövqeyi beynəlxalq hüquqa tam əsaslanır. İlk növbədə, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır, tarixi torpağıdır, digər tərəfdən, beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz hissəsidir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Belə olan halda münaqişə yalnız və yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır, BMT Təhlükəsizlik Şurasının qətnamələri, - bu sənədlərdən daha üstün sənəd dünyada yoxdur, - tam icra edilməlidir və ölkəmizin ərazi bütövlüyü bərpa olunmalıdır. Azərbaycan dövləti və Azərbaycan xalqı öz torpağında ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcək”. Bununla Azərbaycan mövqeyini birəmnalı şəkildə meydana qoyur. Rəsmi Bakı hesab edir ki, məsələnin dinc yolla həll edilməsinə beynəlxalq ictimaiyyət daha böyük güc sərf etməlidir. Azərbaycan ona da ümid bəsləyir ki, 2018-ci ildə beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk Qrupu bu reallığın fərqində olacaq, münaqişənin həlli ilə bağlı qətiyyətli mövqe ortaya qoya biləcək. Yoxsa hadisələr mürəkkəb xətt üzrə inkişaf edəcək. Bunu Avropa Siyasət Mərkəzinin eksperti, analitik Amanda Pol da təsdiq edir. O, İrəvan konstruktiv mövqe tutacağı halda, münaqişənin dinc müstəvidə həllini mümkün sayır: ”Gələn il Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsində çoxdan gözlənilən irəliləyişə nail oluna bilər”. Onun sözlərinə görə, tərəflər bu qanlı münaqişənin nəticələrini aradan qaldırmağa başlamalıdır: “Ümid edirəm ki, 2018-ci ildə sülh prosesində çoxdan gözlənilən irəliləyişə nail olunacaq”. Analitik bildirir ki, 2017-ci ildəki danışıqlar prosesinin nəticələrinin mühüm irəliləyiş kimi qiymətləndirilməsi çətindir: “Rusiya, Fransa və ABŞ-ın Dağlıq Qarabağ üzrə danışıqlar prosesini yenidən canlandırmaq cəhdləri müşahidə olunsa da, status-kvo hələ də qorunub saxlanıb”. A.Pol Rusiyanın, o cümlədən Moskvanın həm Bakı, həm də İrəvanla yaxın olduğuna görə ATƏT-in Minsk Qrupunun ən fəal həmsədr ölkəsi olaraq qaldığını hesab edir: “Ukrayna ilə bağlı vəziyyətlə əlaqədar Rusiya-ABŞ münasibətlərindəki çətinliklərə baxmayaraq, bu ölkələr Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu çərçivəsində həll olunması üzrə birgə işlər görməyə davam edirlər və bu da müsbət haldır”. Analitik vurğulayıb ki, bu ilin oktyabr ayında Azərbaycan və Ermənistan prezidentlərinin, həmçinin xarici işlər nazirlərinin görüşlərinin keçirilməsi də vacib məqamdır: “Lakin qoşunların təmas xəttində davam edən gərginlik təhlükəlidir və narahatlıq doğurur”.
İndilikdə Azərbaycan münaqişənin mərhələli həlli üzrə substantiv danışıqların tərəfdarı olduğunu bəyan edir. Substantiv danışıqlar isə öz növbəsində qəbuledilməz və qeyri-davamlı olan status-kvonun dəyişdirilməsi, işğal olunmuş Azərbaycan ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasını təmin etməlidir. Əks təqdirdə, vəziyyətdə dəyişiklik olmasa və Ermənistan yenə də danışıqlarda imitasiyasını davam etdirərsə, regionda müharibənin başlamasının qarşısını almaq mümkün olmayacaq. Yəni bununla da heç bir tərəfin istəmədiyi müharibə aktuallaşa bilər. Müharibə də başlasa, bütün məsuliyyət Ermənistanın və onlara havadarlıq edənlərin, Qarabağ məsələsində lazımi fəallıq göstərməyən beynəlxalq ictimaiyyətinin üzərinə düşəcək. Hər halda, Azərbaycan düşmən tərəfə real addımlar atması üçün kifayət qədər vaxt verib. Bu vaxtı düzgün dəyərləndirə bilməmək isə Ermənistanın öz günahıdır.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.