Seyid Camal Əzimbəyli: “Azərbaycan bu konfransı təşkil etməklə bütün dünyaya bir sülh carçısı olduğunu göstərdi”
Məlum olduğu kimi, Bakıda keçirilən “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən beynəlxalq konfransın nəticəsi olaraq yeni koordinasiya şurasının yaradılması qərara alınıb. Belə ki, konfrans iştirakçıları müasir dünyada mövcud olan problem və çağırışları nəzərə alaraq, dinlər və mədəniyyətlərarası dialoqun davam etdirilməsini zəruri sayırlar.
Bu prosesin davam etdirilməsi üçün koordinasiya şurası yaradılması barədə qərara gələn konfrans iştirakçıları Azərbaycanın mövcud təcrübəsindən çıxış edərək, bu şuranın fəaliyyətinin Azərbaycan Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi ilə əməkdaşlıq vasitəsilə həyata keçirilməsini məqsədəuyğun hesab edirlər.
Məlumat üçün qeyd edək ki, sözügedən beynəlxalq konfransın açılışında 40-a yaxın ölkədən 150-dək nümayəndə, o cümlədən tanınmış dövlət, din və elm xadimləri, 8 beynəlxalq təşkilatın rəhbərləri və təmsilçiləri, müxtəlif ölkələrin dövlət başçılarının xüsusi nümayəndələri, dini konfessiya rəhbərləri, hökumətin və parlamentin üzvləri, diplomatik korpusun və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Ümumilikdə, dünyada gedən mürəkkəb proseslər fonunda, dinlərarası dialoqun təşkili bir sıra problemlərin həllinə, dini-etnik zəmində potensial təhdidlərin aradan qaldırılmasına yardım edə bilər. O baxımdan dinlər və mədəniyyətlərarası dialoqun davam etdirilməsi məqsədilə koordinasiya şurası yaradılmasına münasibət necədir?
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, koordinasiya şurasının yaradılması bu istiqamətdə görülən işlərə fayda verə bilər: “Əvvəla “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda konfransın Bakıda keçirilməsi Azərbaycan dövlətinin uğurudur. Bu, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun göstəricisidir. Düşünürəm ki, bu konfransın ehtiva etdiyi mədəniyyətlər və dinlərarası dialoq, eləcə də mədəni, milli dəyərlərin qurunması kimi amillər ümumi işə töhfə verəcək. Azərbaycan dövlətinin bu istiqamətdə gördüyü işlər öz nəticəsini verir. Koordinasiya şurasına Azərbaycanın evsahibliyi etməsi ölkəmizə verilən önəmin göstəricisidir. Hesab edirəm ki, belə bir şuranın yaradılması dinlərarası dialoqa töhfə verəcək. Nəzərə almaq lazımdır ki, 40-a yaxın ölkəni təmsil edən nümayəndənin tədbirə qatılması Azərbaycanın dünyəvi ölkə olaraq ciddi nüfuza sahib olmasının göstəricisidir. Ölkədə mövcud olan tolerant mühit buna şərait yaradıb. İdeoloji baxımdan da Azərbaycanın burada bir zəfər işartıları var. Yaradılan koordinasiya şurası ümumilikdə mədəniyyətlər və dinlərarası dialoqda mühüm rol oynayacaq. Həmçinin, Azərbaycanı dünyaya bir sülh ölkəsi olaraq təqdim edəcək, eyni zamanda, sülhün və təhlükəsizliyin təminatçısı kimi tanıdacaq. Nəzərə almaq lazımdır ki, dünyada çox ciddi fəlakətlər yaşanır. Azərbaycan bütün bunların fərqindədir. Ona görə ki, işğaldan əziyyət çəkən ölkə olaraq biz bunu bilirik. İşğal nəticəsində tarixi və dini abidələr məhv edilib. Hətta məbədlər belə, erməni işğalçıları tərəfindən dağıdılıb. Həmin şuranın timsalında biz bu faktları da dünyaya çatdıra bilərik. Ona görə də mən bunu təqdir edir və alqışlayıram. Bütövlükdə, 2017-ci il Azərbaycanın dini, mədəni mühitində bu bir pik, ən ucası oldu. Azərbaycan bu konfransı təşkil etməklə bütün dünyaya bir sülh carçısı olduğunu göstərdi”.
Vidadi ORDAHALLI