Məhəmməd Əsədullazadə: “Türkiyə hazırda Qüds problemində mövqeyini gücləndirdi və müsəlman aləmində öz liderliyini Qərb qarşısında sübut etdi”
Məlum olduğu kimi, BMT-nin Baş Assambleyasında Qüdslə bağlı xüsusi sessiya keçirilib. Sessiyada Türkiyə və Yəmənin təqdim etdiyi qətnamə layihəsi ilə bağlı müzakirələr aparılıb.
Müzakirələrdən sonra qətnamə səsverməyə çıxarılıb. Səsvermə nəticəsində ABŞ-ın Qüdslə bağlı qərarını rədd edən qətnamə qəbul edilib. Nəticədə BMT Baş Assambleyası Qüdsü İsrailin paytaxtı kimi tanımayıb. Belə ki, 128 ölkə qətnamənin lehinə, 9 ölkə əleyhinə səs verib. 35 ölkə isə bitərəf qalıb.
ABŞ, İsrail, Qvatemala, Honduras, Marşal adaları, Mikroneziya, Nauru, Palau və Toqo qətnamənin əleyhinə çıxıblar.
Bütün hallarda, qətnamə layihəsinin Türkiyə tərəfindən BMT-yə təqdim olunması və bunun qəbul edilməsi rəsmi Ankaranın diplomatik uğurudur. Çünki məhz Türkiyənin təşəbbüsü və ciddi səyi sayəsində sözügedən qətnamə böyük səs çoxluğu ilə qəbul olundu. Onu da nəzərə almaq lazımdır ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT-də Qüdslə bağlı keçiriləcək səsvermə öncəsində Fələstinə dəstək çağırışı edib. Çavuşoğlu heç bir qürurlu, şərəfli dövlətin ABŞ kimi ölkələrin təzyiqinə, təhdidlərinə boyun əyməyəcəyini və hər kəsin millətinin vicdanı əsasında qərar verəcəyini bildirib. O baxımdan, bütün hallarda, sözügedən məsələ həm də Türkiyənin diplomatik uğurunun göstəricisidir. Buna ekspertlərin münasibəti necədir?
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, məlum qərar Türkiyənin Qüds prosesində mövqeyini gücləndirdi. O bunu bir sıra arqumentlərlə əsaslandırdı: “Məsələ ondadır ki, BMT-nin qərarı beynəlxalq hüquqi qüvvəyə malik olsa da, təzyiq rıçaqlarına malik deyil. Buna baxmayaraq, dünya birliyi Qüdsü İsrailin paytaxtı kimi tanımır və tanımayacaq. Məlum qərarın timsalında bu bir daha dünyaya bəyan edildi. Ancaq görünən odur ki, ABŞ-İsrail tandemi Qüds məsələsində BMT-də uğursuzluğa düçar olsalar da, həmin dövlətlər heç də qərarlarından vaz keçməyəcəklər. Birləşmiş Ştatlar Qüdsü İsrailin paytaxtı kimi tanısa da, dünya birliyi İsrailin paytaxtı kimi tanımayınca, legitimlik qzanmayacaq. Çünki BMT-də səsvermə ilə Təl-Əviv İsrailin paytaxtı kimi tanınıb. Trampın məlum qərarı BMT-nin qərarını heçə saymaq, beynəlxalq hüququn əleyhinə getmək və dünyada nizamı pozmaqdır. Tramp BMT tribunasından verilən qərarı tanımırsa, bu, ABŞ kimi hüquqi bir ölkənin xarici siyasətinin fiaskosudur. Çünki BMT-nin qərarı həlledici bir sənəddir. Məlum olduğu kimi, Türkiyə başda olmaqla, müsəlman dünyası, həmçinin, Azərbaycan da bu qətnamənin lehinə səs verib. Sözügedən məsələdə Azərbaycan müsəlman dünyasının yanında oldu. Hesab edirəm ki, hazırkı situasiyada belə bir addımın atılması doğru qərar idi. İsraillə strateji tərəfdaşlığımıza baxmayaraq, ABŞ prezidentinin təhdidedici mesajlarına rəğmən, Türkiyəni bu savaşda tək qoymadıq. Qüds məsələsində Azərbaycan Qarabağ münaqişəsindən irəli gələrək, BMT-nin qətnamələrini rəhbər tutdu. Türkiyə hazırda Qüds problemində mövqeyini gücləndirdi və müsəlman aləmində öz liderliyini Qərb qarşısında sübut etdi. Hesab edirəm ki, rəsmi Ankaranın beynəlxalq hüququn yanında olması onun nüfuzunun artmasına səbəb oldu. Yaxın Şərqdə Türkiyə həlledici əhəmiyyətli bir ölkə statusunu qazandı. Bunun sayəsində Türkiyənin bölgədə söz sahibi olması imkanları bir az da artdı. O baxımdan bunu Türkiyənin diplomatik uğuru kimi qiymətləndirmək olar”.
Vidadi ORDAHALLI