Ağa Seyidli: “Ölkəmiz islam həmrəyliyini inkişaf etdirən bir ölkə modelini ortaya qoyub”
Dekabrın 21-də Bakıda, Heydər Əliyev Mərkəzində “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans işə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev konfransın açılış mərasimində iştirak edib.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilən “İslam Həmrəyliyi İli”nin yekunlaşması ilə bağlı keçirilən konfrans Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə təşkil olunub.
Beynəlxalq konfransın açılışında 40-a yaxın ölkədən 150-dək nümayəndə, o cümlədən tanınmış dövlət, din və elm xadimləri, 8 beynəlxalq təşkilatın rəhbərləri və təmsilçiləri, müxtəlif ölkələrin dövlət başçılarının xüsusi nümayəndələri, dini konfessiya rəhbərləri, hökumətin və parlamentin üzvləri, diplomatik korpusun və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Konfrans müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda nitq söyləyib.
Belə bir tədbirin Bakıda keçirilməsi nə kimi əhəmiyyət kəsb edir?
Ekspert Ağa Seyidli qəzetimizə açıqlamasında bildirdi ki, belə bir tədbirə Bakının evsahibliyi etməsi təbii və gözləniləndir: “Bilirsiniz ki, Azərbaycan dünyəvi ölkə olsa da, islam dininə böyük rəğbət və ehtiram ifadə edir. Biz bunu yalnız əhalisinin böyük əksəriyyəti müsəlman olan vətəndaşların münasibətində deyil, həmçinin, dövlət siyasətində də hiss edirik. Bilirsiniz ki, yola saldığımız 2017-ci il ölkəmizdə həm də “İslam Həmrəyliyi İli” kimi qeyd edilir. Bu eyni zamanda bizim üçün həm də bir il ərzində görülən işlərlə bağlı hesabat vermək üçün önəmli bir tədbirdir. Bilirsiniz ki, bu il biz İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə keçirdik. IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsinin özü böyük bir hadisədir. Həmin tədbirdə əllidən çox islam ölkəsi iştirak etdi. Bununla yanaşı, biz müsəlman ölkələrini əhatə edən, islam dini üçün əlamətdar olan başqa tədbirlərə də uğurla evsahibliyi etmişik. Bu baxımdan da hazırda keçirilən tədbirin məhz Bakıda olması həm də zərurətdən irəli gəlir. Ölkəmiz islam həmrəyliyini inkşaf etdirən bir ölkə modelini ortaya qoyub. Tədbirin Bakıda niyə keçirilməsi səbəbini daha dərindən anlamaq üçün mən cənab Prezidentin həmin toplantının açılışında etdiyi geniş məzmunlu çıxışla tanış olmağı məsləhət görürəm. Azərbaycan yalnız islam dininin təbliği baxımından önəmli layihələr icra etmir. Biz ölkə olaraq həm də dinlərarası diaoloq, multikultural münasibətlərin inkişafına da böyük töhfələr veririk”.
Məhəmmədəli QƏRİBLİ