Rusiyanın rosbalt.ru saytı təhlilçi Andrey Nikolayevin “Niyə rusları Avrasiya İqtisadi İttifaqı ölkələrində «işğalçı» adlandırırlar?” adlı məqaləsini yayıb. Məqalənin mövzusu bugünkü Ermənistanda gedən siyasi proseslərə çox uyğun gəldiyi üçün onu tərcümə edib kiçik ixtisarla diqqətinizə çatdırırıq:
“Anti-Rusiya əhvali-ruhiyyəsi” Ermənistanla Avropa Birliyi arasında çərçivə sazişi imzalandıqdan sonra açıq şəkildə qızışıb.
Ermənistanda dislokasiya olunmuş Rusiya sərhədçiləri respublika hökumətinə İrana qədərki dövlətlərarası İrəvan-Gorus-Mehri yolunun 40 metrlik sahəsinin (vur-tut!) təmirinə başlamağa icazə verməyib. Bu isə Ermənistan cəmiyyətini yerindən oynadıb. Çoxları Rusiya qoşunlarını, o cümlədən sərhədçiləri “işğalçı” sayır və onların Ermənistandan çıxarılmasını tələb edir. Hökumət isə Rusiya sərhədçilərini müdafiə edir, çünki indi başqası yoxdur.
Daha sonra məqalədə deyilir: Ermənistanın özü 1992-ci ildə müqavilə imzalayıb və buna əsasən, onun Türkiyə və İranla sərhədlərinin qorunmasını Rusiya FTX sərhəd idarəsi həyata keçirir. Rusiya sərhədçiləri qaçaqmalçılıq, qanunsuz miqrasiya, transsərhəd cinayətkarlığı, terrorizm və s.-nin qarşısını alır. Rəsmi məlumatlara əsasən, təkcə keçən il Ermənistan dövlət sərhədinin 74 pozucusu saxlanıb. 25 il əvvəl ermənilərin özləri aşkar şəkildə öz sərhədlərini qorumaq iqtidarında deyildilər. Xüsusən də Azərbaycanla müharibə şəraitində. Amma ehtimal ki, indi də bacarmazlar – ölkə yoxsuldur və maliyyə, hərbi və sair kasıblıq üzündən praktik olaraq özünün bütün strateji obyektlərini Rusiyanın idarəçiliyinə verib. İndi “ruslara qatlaşmaq” lazım gəlir. Bu sonuncular isə o qədər “əl-qol açıblar” ki, Araz çayının sahilində İranla sərhədin böyründə yolun bir hissəsini təmir etməyə belə imkan verməyiblər.
Erməni saytı “Lragir” soruşur: “Üçüncü dövlətin sərhəd qoşunları Ermənistanın başqa dövlətlə sərhədində təmir işləri aparmağa niyə icazə vermir?” Nəşr Ermənistanda Rusiya hərbçilərilə bağlı səs-küylü insidentləri xatırladır. Gümrüdəki Rusiya hərbi bazası hərbçilərinin, uşaqlar da daxil olmaqla, yeddi nəfərlik ailəni güllələməsini xatırladan sayt yazır ki, bu faciə indiyədək Rusiya tərəfinə ünvanlı suallar doğurur, lakin bunlar cavabsız qalır.
Və yaxud Rusiya hərbçilərinin Ermənistan parlamentinin deputatına sərhəddən yetərincə uzaqda yerləşən rayonda seçkiqabağı kampaniya aparmaq qadağası ilə bağlı əhvalatı götürək. Ona sadəcə bildirilib ki, hansısa axtarış əməliyyatı gedir və “bura olmaz”. Və budur, indi də yol təmiri məsələsi…
“Rusiya sərhədçiləri hansı əsasla İranla sərhəddə yolun təmirini qadağan edib? “Lragir” daha sonra yazır: Ermənistan niyə sərhədçilərlə prosedur məsələləri razılaşdırmadan iş aparırdı? Əks halda işğalçı rejim və suverenliyin itirilməsi təhlükəsi var”. Ermənistan hökuməti Rusiya hərbçilərinin respublikada iştirak rejimini yenidən nəzərdən keçirməlidir ki, “ruslar qonaq ola-ola, özlərini evədəki kimi hiss etməsinlər” və ümumiyyətlə, ölkə RF ilə sərhəd üzrə müqavilədən çıxmalıdır. Sarkisyanın açıq şəkildə Ermənistanın suverenliyini Rusiyaya güzəştə getməkdə ittiham olunduğu yazıda Respublika hökumətinin ziddiyyət qarşısında qaldığı deyilir: “İnşaatın dayandırılması əvvəlcə Rusiya sərhədçilərinin qadağası ilə izah olunub və birdən məlum olub ki, onlarlıq heç nə yoxdur. Məsələ bunda imiş ki, sahilbərkitmə işlərinin gedişində çayın yatağı dəyişilib və bununla bağlı “İran tərəfinin bəzi qınaqları var”. Dövlət Su Təsərrüfatı Komitəsinin sədri Arsen Arutyunyan bildirib: “İran tərəfilə danışıqlar hələ də gedir və bu il başa çatmayacaq, buna görə də inşaatçılar cərimədən yayınsın deyə müqaviləni dayandırmağa məcbur olmuşuq. Rusiya sərhədçiləri bu proseslə heç bir halda bağlı deyil”.
Başa düşmək olmur ki, Ermənistanda siyasi “qızışma”nın səbəbi gerçəkdən nə olub. Ola bilsin, qalmaqal həqiqətən də şişirdilib, bəlkə də sadəcə İranın “arxasında gizlənirlər”. Lakin bu daha çox realdır ki, Rusiya ilə bağlı istənilən məsələni əks tərəfdən şişirtmək, hay-küyə çevirmək, Rusiyaya qarşı yönəltmək artıq adət halını alıb.
Amma RF hərbçiləri respublikadan gedərsə, onu kim qorumağa başlayacaq? Axı ermənilər hər şeydən çox qonşularla -Azərbaycan və Türkiyə ilə münasibətlər zəminində xoflanırlar. Və bu, Rusiyaya sərf edir, çünki baş verənlər Cənubi Qafqaza kölgələnməklə onun Ermənistanda hərbi-siyasi və iqtisadi nüfuzunun güclənməsinə zəmanət verir.
Ədalət xatirinə razılaşmaq olar ki, Rusiya hərbçiləri Ermənistanda özlərini həmişə nəzakətli aparmır. Hətta yolla bağlı əhvalatı gözə soxsalar da, ermənilər Rusiya hərbçilərinin respublikanın qanunlarını pozmasından yetərincə faktlar gətirə bilər. Amma son qalmaqal AB ilə əhatəli və genişləndirilmiş əməkdaşlıq sazişidən ruhlanan Ermənistanda antirusiya ovqatının gücləndirilməsinə daha çox xidmət edir. Həm də bu sənəd Ermənistana heç bir güvənlik zəmanəti verməsə də, əhalisinin bir qismi özünü, az qala, Avropanın “göbəyində” hiss etməyə başlayıb. Əslində isə, Rusiya və Qərb amillərilə daim ehtiyatlı davranış nəzərə alınarsa, ermənilər heç vaxt öz ölkəsinin sahibi olmayıb…
Baki-xeber.com