Məhərrəm Zülfüqarlı: “Bütün bunlar onu göstərir ki, tək dövlət sektorunda çalışanlar deyil, eyni zamanda özəl sektorda fəaliyyət göstərənlər də Prezidenti dəstəkləyirlər”
Xəbər verildiyi kimi, “ELS - Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi 2018-ci il prezident seçkiləri ərəfəsində ölkədəki mövcud ictimai-siyasi durumun qiymətləndirilməsi, seçici fəallığı, aktual məsələlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi məqsədilə ölkə ərazisində sosioloji tədqiqat və sorğu aparıb.
Təqdim olunan tədqiqat 2017-ci ilin noyabr-dekabr aylarında ekspress rəy sorğusu şəklində ölkənin 68 rayonunda (Naxçıvan MR ərazisi və işğal olunmuş rayonlar istisna olmaqla) keçirilib. Tədqiqat respondentlərin evlərində şəxsi müsahibə üsulu ilə (face to face) keçirilən rəy sorğusu formasında aparılıb. Sorğu 18 və daha yuxarı yaşlı əhalini əhatə edib. Ümumilikdə, sorğu zamanı 4560 respondentin rəyi öyrənilib.
Rəyi soruşulanların yarısından çoxu, yəni 53,7%-i orta təhsilli olduğunu bildirib. Orta ixtisas təhsillilər 18,3 %, ali təhsillilər 17,0 %, aspirant və elmi dərəcəsi olanlar isə 0,1 % təşkil edib. Respondentlərin 7,9 %-i orta təhsilə malik olmayanlardır. Məşğulluqlarına görə respondentlərin 17,1 %-i dövlət sektorunda, 22,4 %-i özəl sektorda, 14,8 %-i özünə işləyən, 2,2 %-i tələbə, 11,0 %-i işləməyən təqaüdçü, 8,9 %-i işsiz, lakin işaxtaran, 23,6 %-i isə evdar qadın olub.
Sorğu zamanı respondentlərə gələn həftə prezident seçkiləri keçiriləcəyi halda, Prezident İlham Əliyevə səs verib-verməyəcəklərinə dair sual verilib. Rəyi soruşulanların 85,2 %-i İlham Əliyevə səs verəcəyini bildirib. Burada diqqətçəkən məqam ondan ibarətdir ki, sorğuda iştirak edənlərin 17,1 faizi dövlət sektorunda çalışır. Bu da o deməkdir ki, digər sosial zümrəyə aid olanların da böyük əksəriyyəti İlham Əliyevə səs verəcəklərini bəyan ediblər. Yəni Prezidentin sosial bazası böyükdür. İstər dövlət, istərsə də özəl sektorda çalışanların böyük əksəriyyəti İlham Əliyevi dəstəkləyir.
O üzdən, sorğunun nəticələrini ekspertlər necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlının sözlərinə görə, bu, Prezident İlham Əliyevin ona göstərilən etimadı doğrultmasının göstəricisidir: “Məsələ ondadır ki, Prezident İlham Əliyev ötən illər ərzində böyük işlər görüb. Dövlət başçısı kiçik və orta sahibkarlığın inkişafı üçün daim çalışır, özəl sektorun qayğısına hər zaman qalır. Məsələn, verdiyi sərəncamlar, bu sahəyə kreditlərin ayrılması və s. işlərin görülməsi öz bəhrəsini verir. Bütün bunlar onu göstərir ki, tək dövlət sektorunda çalışanlar deyil, eyni zamanda özəl sektorda fəaliyyət göstərənlər də Prezidenti dəstəkləyirlər. Yəni bütün ölkə vətəndaşları İlham Əliyevi dəstəkləyirlər. Çünki İlham Əliyev seçkilərdə bəyan etmişdi ki, o təkcə ona səs verənlərin yox, bütün Azərbaycanın Prezidenti olacaq. İndiki rəy sorğusunun nəticələri onu göstərir ki, doğrudan da vətəndaşların mütləq əksəriyyəti Prezidentin siyasətindən razıdır. Prezident İlham Əliyevin xalqın ona göstərdiyi etimadı doğrultmasının nəticəsidir ki, rəy sorğusunda iştirak edənlərin mütləq əksəriyyəti onu dəstəkləyib. Bu da Azərbaycanda son illər yeridilən siyasətin düzgün olduğunu bir daha sübut edir. O baxımdan hesab edirəm ki, sorğunun nəticələri tamamilə obyektivdir və reallığı əks etdirir. Dövlət başçısının gördüyü işlər nəticələrin belə olacağını deməyə əsas verirdi. Ona görə də bütün bunlara müsbət prizmadan yanaşıram və hesab edirəm ki, sorğu reallığı əks etdirir”.
Vidadi ORDAHALLI