Məhəmməd Əsədullazadə: “Azərbaycan Ordusu hərbi əməliyyatlara başlasa, nəinki Qarabağı, eyni zamanda tarixi ərazilərimizi qaytarmağa hazırdır”
“Cəbhə xəttinin əvvəlki vəziyyətini bərpa etmək mümkün olmayıb”. Bunu Ermənistanın Baş Qərargah rəisi Movses Akopyan aprel döyüşləri ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib. Baş Qərargah rəisi aprel döyüşləri zamanı Azərbaycan Ordusunun qələbəsini etiraf edib: “Biz nə qədər qələbə qazandığımızı desək də, faktiki olaraq əlverişli mövqedə olan Lələtəpəni itirdik”.
Jurnalistlərin “Niyə qaytara bilmirik? Təlimat, yoxsa imkanlarımız yoxdur?” sualına Akopyan belə cavab verib: “Yaranmış vəziyyət qəbul edilmiş qərarların nəticəsidir. Bu gün cəbhə xətti bu mövqedən keçir. Cəbhə xəttinin əvvəlki vəziyyətini bərpa etmək mümkün olmayıb. Bəzi beynəlxalq təşkilatların və Rusiyanın müdaxiləsi nəticəsində uzunmüddətli müharibənin qarşısı alınıb”.
Həmçinin, M.Akopyan hazırda həmin torpaqların yenidən işğal edilməsinin məqsədəuyğun olmadığını bildirib: “Bu gün əsgərlərin həyatı və vəziyyətin gərginləşməsi bahasına “kiçik” tapşırıqları yerinə yetirmək məqsədəuyğun deyil”.
Bununla belə, müsahibə zamanı Akopyan Azərbaycan Silahlı Qüvvələrinin öz doğma torpaqları üçün hər an əməliyyatlara başlaya biləcəyini diqqətə çatdırıb. “Siz elə zənn etməyin ki, Azərbaycan Qarabağı tutmaq istəmir, onun arzuları daha genişdir. Qarabağı, Süniki (Zəngəzuru-red.), vaxt getdikcə İrəvanı tutmağı arzulayır”, - deyə Akopyan Azərbaycan Ordusundan qorxusunu gizlətməyib.
Qeyd edək ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq 4 gün davam edən döyüşlər nəticəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Lələtəpə yüksəkliyi, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad edilib.
Akopyanın rəsmi şəxs olduğunu nəzərə alsaq, bu, Ermənistanın rəsmi olaraq aprel döyüşlərində məğlub olduğunu etiraf etməsi deməkdir.
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Baş Qərargah rəisinin etirafları Ermənistan ordusunun məğlubiyyətinin göstəricisidir: “Ermənistanın Baş Qərargah rəisi Akopyanın aprel döyüşləri barədə həqiqətləri etiraf etməsi Azərbaycanın Ermənistan üzərində hərbi və psixoloji qələbəsinin nəticəsidir. Qeyd edim ki, sözügedən döyüşlər Ermənistan ordusunda və cəmiyyətində çox ciddi şok effekti yaratdı. Bunun nəticəsində erməni ordusu haqqında yaradılan mif darmadağın edildi. Ermənistan ordusu Azərbaycanın azad etdiyi strateji əraziləri geri qaytarmağa cəhd göstərdi, amma bu alınmadı. Onların bu cəhdi uğursuz omaqla böyük sayda tələfatla nəticələndi. Hazırda bütün cəbhə istiqamətində strateji yüksəkliklər Azərbaycan nəzarətindədir. Baş Qərargah rəisinin etirafları Ermənistan ordusunun məğlubiyyətinin göstəricisidir. Hesab edirəm ki, Baş Qərargah rəisi bir daha bunu deməklə bundan sonra da Ermənistan ordusunun Azərbaycan Ordusu qarşısında zəif durumda olduğunu açıq etiraf edir. Azərbaycanın Silahlı Qüvvələrinin döyüş qabiliyyəti yüksəkdir. Yeni zirehli texnikaların nümayiş olunması Ermənistan ordusu qarşısında hərbi və psixoloji üstünlüyü artırır. Bu da, öz növbəsində, qarşı tərəfdə məğlubiyyət sindromunun yaranmasına şərait yaradır. Azərbaycan Ordusu hərbi əməliyyatlara başlasa, nəinki Qarabağı, eyni zamanda tarixi ərazilərimizi qaytarmağa hazırdır. Bunu Ermənistan siyasi-hərbi rəhbərliyi bilir və istənilən qarşıdurmadan çəkinir. Rusiyaya arxalanmaqla işğalı davam etdirsə də, bunun sonuna az qalıb və hazırda işğalçı ölkə təşviş içindədir”.
Vidadi ORDAHALLI