Əkbər Qoşalı: “Bu, Bakının əhəmiyyətini və şanslarını artırır”
Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyi bu ölkənin paytaxtı Bern şəhərində “Ekspo-2025” Ümumdünya Sərgisinə evsahibliyi etmək üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə əlaqədar geniş təqdimat mərasimi keçirib.
Mərasimə İsveçrənin mərkəzi və yerli qurumlarının rəhbər şəxsləri, habelə işgüzar dairələrin və ictimaiyyətin aparıcı simaları və eləcə də bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri qatılıblar.
Tədbir iştirakçılarını salamlayan Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfiri Xanım İbrahimova ölkəmizin müstəqillik dövründə keçdiyi inkişaf yolundan, xüsusilə son dövrlərdə əldə etdiyi nailiyyətlərdən, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən köklü islahatlardan, strateji yol xəritələrinin reallaşdırılması vasitəsilə iqtisadiyyatın şaxələndirilməsindən bəhs edib.
Səfir Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzundan, keçirilən çoxsaylı mühüm beynəlxalq tədbirlərdən də söz açıb. Xanım İbrahimova tədbirə toplaşanların diqqətinə çatdırıb ki, “Ekspo-2025”ə evsahibliyi etmək üçün Bakı şəhərinin seçilməsi bu sərgilərin coğrafiyasını həm ziyarətçi, həm də evsahibliyi edən ölkələr baxımından genişləndirəcək.
Azərbaycanda həyata keçirilən nəqliyyat-infrastruktur layihələrinin bundan sonra da davam edəcəyini bildirən səfir son illər ölkəmizə gələn turistlərin sayının bir neçə dəfə artdığını, 2025-ci ilədək Bakını 100-dən artıq məntəqə ilə birbaşa hava xəttinin birləşdirəcəyini diqqətə çatdırıb. Xanım İbrahimova “Ekspo-2025” Ümumdünya Sərgisinin keçirilməsinə Azərbaycanda ən yüksək səviyyədə siyasi dəstəyin mövcudluğunu qeyd edərək, ölkəmizin təcrübəsinin və qonaqpərvərliyinin bu sərginin mükəmməl səviyyədə keçirilməsinə kömək edəcəyini vurğulayıb.
Səfir tədbirə toplaşanları öz ölkələrini Bakının namizədliyini dəstəkləməyə təşviq etməyə çağırıb.
Ümumilikdə, bir sıra ölkələrdə bu kimi tədbirlərin keçirilməsinin Bakının “Ekspo-2025”in qalibi olması baxımından nə kimi əhəmiyyəti var?
Məsələyə münasibət bildirən Milli QHT Forumu İdarə Heyyətinin üzvü Əkbər Qoşalının sözlərinə görə, belə tədbirlər Azərbaycanın şanslarını artırır: “Nəzərə almaq lazımdır ki, Bakı şəhəri son illər bir sıra beynəlxalq tədbirlərə evsahibliyi edib. Bu tədbirlərin bəzisi tarixdə ilk dəfə keçirilib. Məsələn, Birinci Avropa Oyunlarını, keçmiş sovet məkanında ilk dəfə keçirilən İslam Həmrəyliyi Oyunlarını misal çəkmək olar. Bunlar ölkəmizə zəngin təcrübə qazandırıb. Eyni zamanda, Azərbaycanın istər çoğrafi məkan, istərsə də infrastruktur, kadr potensialı və dövlətin iradəsi baxımından nəyə qadir olduğunu göstərir. Bu mənada “Ekspo-2025” Ümumdünya Sərgisinin Bakıda keçirilməsi ilə bağlı müxtəlif ölkələrdə tədbirlərin keçirilməsinə müsbət yanaşıram. Bu, Bakının əhəmiyyətini və şanslarını artırır. Azərbaycana bununla bağlı dəstək çağırışlarının səslənməsi çox təbii və qanunauyğundur. Artıq indiyə qədər sərf edilən əmək, nümayiş olunan əzmkarlıq dostlarımızın bizə dəstək verməsinə zəmin yaradır. Ona görə də bu istiqamətdə görülən işlərin öz bəhrəsini verəcəyinə ümid edirəm”.
Vidadi ORDAHALLI