Qabil Hüseynli: “Prezidentin islam dövlətlərini Ermənistana qarşı sərt mövqe tutmağa çağırışı, görünür, bəzilərində müsbət reaksiya doğursa da, bəzilərinin...”
Bir neçə ərəb şahzadəsi və onların oğulları Ermənistanın qonağı olublar. Ermənistan mətbuatının verdiyi məlumata görə, gələn qonaqlar arasında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti şeyx Zahid əl-Nahayyanın böyük oğlu da var. Erməni saytları yazırlar ki, ərəb şeyxləri Ermənistan iqtisadiyyatını dəstəkləmək üçün sərmayə qoymağa qərar veriblər.
Ərəb şeyxlərinin Ermənistana sərmayə yatırması bu ölkənin gücləndirilməsi deməkdir ki, bu da dolayısı ilə Qarabağın Ermənistan ordusu tərəfindən işğalına dəstək verilməsi anlamına gəlir.
Təəssüf doğuran hal həm də budur ki, səfər Türkiyənin sədrliyi ilə keçirilən İslam Əməkdaşlıq Təşkilatının zirvəsindəki çıxışlarda işğala, terrora qarşı çağırışların səslənməsindən, İslam dünyasının bu kimi hallara qarşı səfərbər olunması barədə mövqe bildirilməsindən sonraya təsadüf edib. Belə ki, Azərbaycanın dövlət başçısı da İslam aləmini məscidlər dağıdan Ermənistanla əlaqələrdən çəkinməyə çağırmışdı. Ancaq görünən budur ki, bəzi müsəlman ölkələri üçün belə dəyərlər əhəmiyyət kəsb etmir. Ərəblərin Ermənistana sərməyə qoymaq meyllərinə ekspertlərin münasibəti necədir?
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, bəzi müsəlman dövlətləri islam həmrəyliyindən dəm vursalar da, müsəlmana, onun məscidinə, dininə, imanına xələl gətirən vəhşi, barbar xristian dövlətlərinin hərəkətləri barədə tənqidi düşünməyi bacarmırlar: “Bu nöqteyi-nəzərdən ölkə Prezidentinin islam həmrəyliyini nəzərdə tutaraq, İƏT-in İstanbul Zirvəsində xüsusi bir sos siqnalı verməsi ciddi əhəmiyyətə malikdir. Bundan sonra da Azərbaycan diplomatiyası bu məsələləri beynəlxalq rəyə çevirməyi bacarmalıdır. Çox təəssüf ki, dünyada müsəlman həmrəyliyi hələ də tam şəkildə formalaşmayıb. Bu məsələdə ərəb dövlətlərinin günahı kifayət qədər çoxdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İstanbulda İƏT-in fövqəladə sammitində çıxışında da bu məsələyə çox incə bir formada toxundu. Prezident Dağlıq Qarabağ problemindən danışarkən Ermənistanın işğal etdiyi ərazilərdə keçirdiyi etnik təmizləmə, erməni barbarlığı və insanlara vəhşi münasibətindən də misallar gətirdi və bunun da islam ölkələrinin diqqət mərkəzində olmasının vacibliyindən xüsusi söz açdı. Ərəb şeyxlərinin İƏT-in bu iclasından sonra Ermənistanda peyda olmasının təhlükəli meylləri var. Onların bir qismi hətta Ermənistan mətbuatında bəyanat yayaraq bildirib ki, oraya sərmayə yatırmağa gediblər. Prezidentin islam dövlətlərini Ermənistana qarşı sərt mövqe tutmağa çağırışı, görünür, bəzilərində müsbət reaksiya doğursa da, bəzilərinin düşüncəsinə hələ tam otura bilməyib”.
Məhəmmədəli QƏRİBLİ