Seyid Camal Əzimbəyli: “Mən ölkəmizdə olan müsəlmanları da təmkinə, səbrli olmağa dəvət edirəm”
İsrail İslam Vəqfinə aid olan Məscidi Əqsanın qərb divarındakı Burak divarının altında sinaqoq açıb. İsrailin Qərb Divarı Vəqfi tərəfindən verilən yazılı açıqlamada Burak divarında aparılan 12 illik fəaliyyətin ardından yeni bir sinaqoqun inşasının tamamlandığı bildirilir. Sinaqoqun yaxın zamanda ibadətə açılacağı xəbər verilir.
Xatırladaq ki, Qüdsdəki İslami Vəqf və təşkilatlar daha əvvəl İsrailin Məscidi Əqsa altında apardığı qazıntı işlərinə reaksiya göstərmişdilər. Yüksək islam nümayəndə heyətinin rəhbəri və Məscidi Əqsa xətibi şeyx İkrimə Səbri isə daha əvvəl etdiyi yazılı şərhdə "Burak divarı Məscidi Əqsanın qərb divarının bir hissəsidir və İslam Vəqfidir. Qiyamət gününə qədər də islama aid olmağa davam edəcək" sözlərini yazıb.
Qüdsün heç zaman bölünməyəcəyini vurğulayan şeyx Səbri daha sonra yazır: "İşğalçı İsrailin Qüdsdə tarixi əsəri yoxdur və tarixi əsər araşdırması apara bilməz. 1967-ci ildən bu yana inşa etdiyi sinaqoqların da heç birinin tarixi keçmişi yoxdur. Bu səbəbdən bu yeni strukturlar işğal gücünə özünə tarixi bir arxa plan təmin edə bilməz".
Onu da qeyd edək ki, Qüdsdə olan Məscidi Əqsa müsəlmanların ilk qibləsidir. Lakin yəhudilər Məscidi Əqsa Külliyyəsinin altında Süleyman Məbədi qalıqlarının olduğu iddiası ilə illərdir burada qazıntı işləri aparırlar.
İsrailin bu davranışını İslam dünyasının heysiyyəti ilə oynaması kimi dəyərləndirmək olarmı?
Şərqşünas Seyid Camal Əzimbəyli qəzetimizə açıqlamasında bildirdi ki, ABŞ-ın Qüdslə bağlı verdiyi qərardan sonra İsrailin sakitləşmək əvəzinə, daha da radikal addımlar atması bir çox üstüörtülü mətləblərin olduğundan xəbər verir: “Mən bir araşdırmaçı şərqşünas kimi bildirirəm ki, bu olduqca təhlükəli addımdır. Ancaq hesab etmirəm ki, İsrail bunu düşünmədən edir. Əksinə, bu addımı düşünülmüş planın tərkib hissəsi kimi qəbul edirəm. Belə olmasaydı, İsrail bütün dünya müsəlmanlarının duyğuları ilə bu şəkildə oynamazdı. Onlar bütün müsəlmanların ayağa qalxıb etiraz etməsi üçün zəmin yaradırlar. Düşünürəm ki, hədəfləri radikal islamı yenidən oyandırmaqdır. Fikir verin, İŞİD-in, “Taliban”ın zərərsizləşdirildiyi bir zamanda İsrail yeni terrorların ortaya çıxmasına zəmin yaradır. Bilirlər ki, etdikləri əməl cavabsız qalmayacaq. İstəyirlər ki, müsəlmanları daha vəhşi terrorçu obrazında təqdim etsinlər və bu üsulla daha çox müsəlmanı zərərsizləşdirsinlər. Müsəlman dünyası üçün Kəbə qədər doğma olan bir qibləgaha bu şəkildə təcavüz etmək dünyada yalnız düşmənçiliyə, gərginliyə yol aça bilər. Mən ölkəmizdə olan müsəlmanları da təmkinə, səbrli olmağa dəvət edirəm. Çünki bu cür hallarla yalnız birlik ortaya qoymaqla mübarizə aparmaq olar. Hansısa radikal addımların atılmasının isə özümüzə ziyanı ola bilər”.
Məhəmmədəli QƏRİBLİ