Fikrət Sadıqov: “Bu, tam məntiqli və siyasi reallığa uyğun bir addımdır”
Məlum olduğu kimi, Konstitusiyaya edilmiş son dəyişikliklərdən irəli gələrək Silahlı Qüvvələrin fəaliyyəti ilə bağlı hüquqi tənzimləməni müəyyən edən “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” yeni qanun layihəsi hazırlanıb. Yeni sənəddə Silahlı Qüvvələrin anlayışı dəqiqləşdirilib və Silahlı Qüvvələrin Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarət olduğu qeyd olunub.
1991-ci ildə qəbul edilmiş və hazırda qüvvədə olan “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanun bütövlükdə Silahlı Qüvvələrin deyil, yalnız onun bir hissəsi olan Azərbaycan Ordusunun hüquqi əsaslarını müəyyən edirdi. Yeni qanun layihəsində isə ilk dəfə olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və onun tərkib hissəsi olan Azərbaycan Ordusu və Azərbaycan Respublikasının başqa silahlı birləşmələrinin anlayışı verilir. Azərbaycan Ordusunun fəaliyyəti Müdafiə Nazirliyi tərəfindən təşkil edilir, başqa silahlı birləşmələr dedikdə isə ölkənin təhlükəsizliyini və milli maraqlarını təmin edən, terrorçuluqla mübarizə aparan xüsusi xidmət orqanları, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasını təmin edən Daxili Qoşunlar, dövlət sərhədinin qorunmasını təmin edən sərhəd mühafizə orqanları, mülki müdafiəni təşkil edən hərbi birləşmə, dövlət mühafizəsi obyektlərinin təhlükəsizliyini və mühafizə olunan obyektlərin qorunmasını təmin edən qurum və digərləri başa düşülür.
Qanun layihəsi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı, idarə olunması və hərbi quruculuğu məsələlərini tənzimləyir, habelə Silahlı Qüvvələrin əsas vəzifələrini və fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir.
Qanun layihəsi Milli Məclisdə müzakirə edilərək ikinci oxunuşda səsə qoyularaq qəbul olunub.
Ümuməm, qanunda edilən sözügedən yeniliklərə münasibət necədir?
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqov sözügedən dəyişikliklərə müsbət kontekstdən yanaşdı: “Hesab edirəm ki, bu dəyişikliklər vaxtında qəbul olunub və tamamilə normaldır. Ona görə ki, biz Ermənistanla müharibə vəziyyətindəyik. Belə vəziyyət hələ də davam edir və Ermənistan bizim torpaqlarımızı işğal edib. Belə bir şəraitdə orduya yeni funksiyalar verilməli idi. Bu da tam məntiqli və siyasi reallığa uyğun bir addımdır. Ona görə də sözügedən düzəlişləri müsbət dəyərləndirirəm. Çünki ordu xalqı müdafiə etməlidir. Hesab edirəm ki, ordunun fəaliyyəti şəffaf olmalıdır. Təsadüfi deyil ki, bu yaxınlarda orduda, hərbi hissələrdə açıq qapı günü keçiriləcək. Eyni zamanda, ordunun daha da güclü olması üçün müəyyən ictimai nəzarət olmalıdır. Bütün bunlarla yanaşı, ordu tam şəkildə Ali Baş Komandana tabe olmalıdır. Həmçinin öz vəzifələrini bu qanunlar çərçivəsində dəqiq, mütəmadi və ardıcıl şəkildə yerinə yetirməlidirlər. Hesab edirəm ki, yanaşma bundan ibarət olsa, daha yaxşı olar. Bütün hallarda, ordu ilə bağlı qanunvericilikdə aparılan yeniliklərə normal yanaşıram və düşünürəm ki, bu lazımdır”.
Vidadi ORDAHALLI