Arzu Nağıyev: “Son bəyanatları ilə Türkiyə-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu, eyni zamanda Türkiyənin bu məsələdəki mövqeyinin prinsipiallığını öz dillərilə etiraf etmiş olublar”
Ermənistan xarici işlər nazirliyi Türkiyənin İrəvan-Ankara münasibətlərinin perspektivləri ilə bağlı açıqlamasında bildirib ki, Türkiyə 2009-cu ildə imzalanan “Sürix protokolları”nın mahiyyətini təhrif edir. Etirazın da başlica mahiyyəti bununla bağlıdır ki, Ermənistan iki ölkə arasındakı sərhədlərin açılmamasında Türkiyəni Azərbaycana açıq tərəfkeşlik etməkdə günahlandırır.
Ermənistanın yaydığı rəsmi bəyanatda bildirilir ki, Türkiyənin bu məsələdə ən başlica tələbi Dağlıq Qarabağ konfliktində Azərbaycanın xeyrinə olan addımların atılmasıdır. Əslində isə Türkiyə haqqın-ədalətin bərpasını tələb edir. Bu yanaşması ilə Ermənistan özü də bilmədən Türkiyə-Azərbaycan qardaşlığını etiraf edir və bu münasibətlərin hər şeyin fövqündə dayandığını bəyan edir. İkinci aspektdən isə rəsmi İrəvan özü-özünü təkzib etmiş olur. Çünki bir müddət əvvəl onlar rəsmi bəyanat yaydılar ki, güya Çavuşoğlu Türkiyənin “Sürix protokollarındakı şərtlərdən imtina etdiyini bildirib. Ermənistanın bu caşqın mövqeyi nə ilə izah oluna bilər?
Politoloq Arzu Nağıyevin sözlərinə görə, Ermənistanın xarici işlər naziri Türkiyə ilə İrəvan arasında imzalanan “Sürix protokolunu” ləğv edəcəklərini bilirib: “ Erməni nazirin sözlərinə görə, buna səbəb məlum protokolların ratifikasiya edilməməsidir.
Ermənistan bu yolla Türkiyəyə təzyiq göstərməyə çalışır. 2018-ci il yaxınlaşdıqca, Ermənistan tərəfindən tez-tez bu məzmunda bəyanatlar səslənməyə başlayıb.
“Sürix protokolları”nda əsas məqam qondarma soyqırımla bağlı məsələ idi. İndi Ermənilər belə bir bəyanat verməklə həmin qondarma soyqırımı yenidən gündəmə gətirməyə çalışır.
Son vaxtlar bəzi media orqanlarında Türkiyə ilə Ermənistan arasında hava nəqliyyatının bərpası ilə bağlı müəyyən söz-söhbətlər yer aldı. Məhz buna görə də Türkiyə tərəfi bəyanat verdi ki, Ermənistanla sərhədlər açılmayacaq. Nə qədər ki, Qarabağ münaqişəsi həll olunmayıb, sərhədlərin açılmasından söhbət gedə bilməz. Buna görə də Ermənistan tez-tez “Sürix protokolları”nın ratifikasiya edilməməsi ilə bağlı bəyanatla çıxış edir. Bundan təzyiq metodu kimi yararlanmağa çalışırlar.
Biz onsuz da bunu öncədən siyasi təzyiq vasitəsi kimi qiymətləndirmişik. Əvvəldən bilirdik ki, ermənilər bu məsələləri istənilən vaxt qabarda bilər. Düşünmürəm ki, bunun ölkəmiz üçün hər hansı mənada mənfi təsiri olsun. Ancaq onlar verdikləri son bəyantaları ilə Türkiyə-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu, eyni zamanda Türkiyənin bu məsələdəki mövqeyinin prinsipiallığını öz dillərilə etiraf etmiş olublar”.
Məhəmmədəli QƏRİBLİ