“2017-ci ildə GUAM təşkilatının əsas nailiyyətlərindən biri üzv ölkələrin mövqelərinin bir olmasıdır”. Bunu APA-nın Gürcüstan bürosuna açıqlamasında GUAM-ın baş katibi Altay Əfəndiyev deyib.
O bildirib ki, GUAM-a üzv ölkələr bir neçə beynəlxalq qurumda vahid mövqe nümayiş etdirib: “BMT, ATƏT, Avropa İttifaqı kimi beynəlxalq təşkilatlarda ölkələrin mövqeləri bir olub. Bu, çox müsbət tendensiyadır və çox güman ki, növbəti illərdə də davam etdiriləcək”.
A. Əfəndiyev 2017-ci ili GUAM təşkilatı üçün ən vacib il kimi qiymətləndirib: “Bu il təşkilatın 20 illiyi tamam olub. Gürcüstanın GUAM-da sədrliyi təşkilatın fəaliyyətinə yeni təkan verib. Təşkilatın nəqliyyat dəhlizi və azad ticarət zonasının yaradılması ilə bağlı təşəbbüslərinin həyata keçirilməsi üzrə işlər görülüb”.
O qeyd edib ki, gələn il Moldovanın GUAM-a sədrliyi dövründə də bu təşəbbüslər üzrə işlər davam etdiriləcək.
Baş katib əlavə edib ki, gələn il GUAM beynəlxalq, regional və parlament təşkilatları ilə əməkdaşlığı daha da genişləndirməyi planlaşdırır.
“GUAM ölkələrində münaqişələr regionun normal inkişafına mane olur”. Bunu isə Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze Tbilisidə keçirilən GUAM Parlament Assambleyasının 10-cu illik sessiyasında çıxışında deyib. O bildirib ki, GUAM çərçivəsində sülh və təhlükəsizlik məsələlərinə tam nail olunmayıb: “Ərazi bütövlüyü məsələsi aktual olaraq qalır. Bu problemlər aradan qaldırılmadan regionun potensialını tam realizə etmək mümkün olmayacaq. Bu sahədə beynəxalq ictimaiyyətin dəstəyinə böyük ehtiyac var”.
M. Canelidze qeyd edib ki, GUAM təşkilatı region və ondan kənarda etibarlı tərəfdaşa çevrilib. Onun sözlərinə görə, təşkilat çərçivəsində bütün istiqamətlər üzrə nailiyyətlər əldə olunub: “Təşkilat çərçivəsində ümümi gələcəklə bağlı iqtisadi inkişaf, siyasi konsolidasiya və mədəniyyət və xalqlar arasında əməkdaşlıq sahələri üzrə birgə prioritetlər müəyyən olunub”.
Gürcüstan XİN rəhbəri GUAM-ı dəstəkləyən qurum və dövlətlərə təşəkkür edib.