Tağı Qəmbərov: “Hüquqi perspektivi olmayan bu addımdan ermənilər ancaq piar vasitəsi kimi öz xeyirlərinə istifadə edə bilərlər”
Bu yaxınlarda Azərbaycan Prezidentinin imzaladığı əfv fərmanı ilə azadlığa çıxan bloger Aleksandr Lapşin yenidən fəallaşıb. Ermənistan mətbuatının verdiyi məlumata görə, Lapşin Azərbaycana qarşı Avropa Məhkəməsində iddia qaldırmağı planlaşdırır. İddianın gələn ilin əvvəlində məhkəməyə təqdim ediləcəyi deyilir.
Konkret olaraq isə bu tarixin yanvarın axırına təsadüf ediləcəyi bildirilir. Lapşin açıqlamasında Azərbaycandan hansı məbləğdə kompensasiya ödənilməsi ilə bağlı iddia qaldıracağını hələ ki, açıqlamayıb. Məlum olduğu kimi, Lapşin Azərbaycan Prezidentindən əfv olunmağını xahiş edib və onun bu xahişi nəzərə alınaraq, adı əfv fərmanına salınıb. Bu faktor onun Avropa Məhkəməsinə edəcəyi müraciətdə nə kimi təsirə malik olacaq?
Hüquqşünas Tağı Qəmbərov qəzetimizə bildirdi ki, Lapşinin bu çabalarının heç bir hüquqi perspektivi yoxdur: “Konvensiyanın tələblərinə görə, Avropa Şurasına üzv olan ölkələrin hamısı Avropa Məhkəməsilə əməkdaşlıq etməlidirlər. Yəni həmin ölkələrdə olan istənilən məhkəmə qərarından Avropa Məhkəməsinə şikayət edilə bilər. Ancaq bunun prosedur qaydaları var. Daxili məhkəmə instansiyalarına müraciət bitdikdən sonra bu məzmunlu şikayət oluna bilər. Azərbaycanda bu instansiya kassasiya sayılır. Yəni Ali Məhkəməyə verilən kassasiya şikayətinə baxıldıqdan sonra, qoyulan müddət çərçivəsində Avropa Məhkəməsinə şikayət oluna bilər. Lapşın Azərbaycan qanunlarını pozduğu üçün, bizim qanunvericiliyə əsasən azadlıqdan məhrum edilib. Yuxarı instansiyalara edilən şikayətlərin vaxtı isə bitib. O, həbsxanada düşünüb-daşınıb və etdiyi hərəkətdən peşman olduğunu etiraf edərək, Prezidentdən əfv olunmasını xahiş edib. Prezident də Azərbaycan dövlətinin yürütdüyü humanizm siyasətini əsas götürərək, blogeri əfv edib. Lapşin məhkum olunduğu işlə bağlı Avropa Məhkəməsinə müraciət etmək hüququnu itirib. Birbaşa Avropa Məhkəməsinə müraciətini isə icraata götürməyəcəklər. Bu baxımdan da Lapşinin bu cür hərəkətləri daha çox publikaya hesablanıb. Hüquqi perspektivi olmayan bu addımdan ermənilər ancaq piar vasitəsi kimi öz xeyirlərinə istifadə edə bilərlər. Lapşin həm məhkəmədə, həm də etdiyi əfv müraciətində günahlarını etiraf edib, peşmanlığını dilə gətirib. Böyük ehtimalla, Lapşin etdiyi əməllərdən çəkdiyi peşmançılığı unudub, yenidən erməni diasporunun təsiri altına düşüb. Ona görə də heç bir hüquqa sığmayan addımlar atmaq istəyir”.
Məhəmmədəli QƏRİBLİ