Elşən Mustafayev: “Buna görə də baş verənlərə erməni diasporunun barmağı olan məsələ kimi baxa bilərik”
Ermənistan mətbuatının verdiyi məlumata görə, İsraildəki müxalifət partiyasının lideri Yair Lapid qondarma soyqırımın tanınması ilə bağlı layihəni parlamentə təqdim etməyə hazırlaşır.
Lapid, həmçinin, vurğulayıb ki, İsraillə Türkiyənin barışması diplomatik səhv ucbatından baş verib. Onun sözlərinə görə, ölkəsi həmin səhvi düzəltmək üçün müstəqil kürd dövlətinin yaranmasını dəstəkləməlidir. Lapid Türkiyənin prezidenti Ərdoğanı qondarma soyqırımı tanımadığına görə tənqid atəşinə tutub.
Qeyd edək ki, Türkiyənin Trampın Qüdslə bağlı verdiyi qərara kəskin etiraz etməsindən sonra İsrail siyasətçiləri rəsmi Ankaranın və Ərdoğanın ünvanına kəskin ittihamlar yağdırmağa başlayıblar. İsraildəki bu cür təşəbbüsləri həmin ölkədə olan erməni lobbisinin Azərbaycan və Türkiyənin Qüds məsələsində tutduqları prinsipial mövqeyə görə cavab reaksiyası saymaq olarmı?
Politoloq Elşən Mustafayev qəzetimizə bildirdi ki, qondarma soyqırım iddiasının nə vaxt və hansı ölkələrdə qaldırıldığına baxsaq, prosesin mahiyyəti bizə tam aydın olacaq: “Bu faktordan uzun illərdir Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Nə zaman Türkiyə bir qədər fəallaşırsa, onda bunu “Domokl qılıncı” kimi onun başının üstündən asırlar. Ancaq praktika göstərir ki, Türkiyə ilə bu dildə danışmaq kiməsə sərf etməyib. Dünyanın bir neçə ölkəsində belə cəhdlər olub. Sonunda yenə Türkiyənin mövqeyi əsas götürülüb. Artıq Türkiyə bu cür mübarizədə çox ciddi təcrübə əldə edib. Türkiyənin İsraillə münasibətləri gərgin idi. Son vaxtlar düzəldi. Hazırda onu yenə başqa istiqamətə çəkmək istəyirlər. Belə gözləmə mövqeyində hər zaman erməni lobbisi olur. Türkiyə və Azərbaycan olduqca prinsipial bir məsələ ilə bağlı etirazlarını ifadə ediblər. Çünki Trampın Qüdslə bağlı elan etdiyi qərar bütün bəşəriyyət üçün təhlükəlidir və yaxın zamanlarda biz bunun fəsadlarını görəcəyik. Ermənilərin də əlinə bu mövzu ilə bağlı bir fürsət düşür. Fikir versəniz görərsiniz ki, onların təsiri altına daha çox müxalif partiyalar düşür. Müəyyən şirnikləndirici vədlər müqabilində bunu edirlər. Bilirlər ki, nəticəsi olmayacaq. Sadəcə, səsin çıxmasında maraqlıdırlar. Çünki İsrail hökumətinin Azərbaycanla çox ciddi münasibətləri var. Belə bir qərarın verilməsi ölkələrimizin münasibətlərini korlaya bilər. Həmçinin Türkiyə ilə İsrailin münasibətlərinə də təsir göstərə bilər. Buna görə də baş verənlərə erməni diasporunun barmağı olan məsələ kimi baxa bilərik”.
Məhəmmədəli QƏRİBLİ