Daşdəmir Əliyev: “Ona görə də yaxın günlərdə cəbhədə ermənilərin təxribatlarını gözləmək lazımdır”
Avropa İttifaqına üzv ölkələrin yekdilliklə Birgə Bəyannamə qəbul edib həm ittifaqa, həm də “Şərq Tərəfdaşlığı”na daxil olan ölkələrin ərazi bütövlüyünü birmənalı olaraq təsdiqləməsindən heç bir ay da keçməyib. Qarabağın Ermənistan silahlı qüvvələri tərəfindən işğalının aradan qaldırılması prosesinə qoşulmuş Avropa İttifaqı indiyədək heç də aydın və birmənalı mövqe nümayiş etdirməyib.
Qeyd etdiyimiz Birgə Bəyannamə bu istiqamətdə əldə olunmuş müsbət nəticənin real təcəssümü kimi qiymətlidir. Bu sənədin qəbulundan sonra diplomatiyamız qarşısında duran başlıca məsələlərdən biri Avropanın digər qurumlarının da eyni məzmunlu bəyannaməni qəbul etməsinə nail olmaqdır. Çünki müxtəlif sahələri özündə birləşdirən bir neçə qurum yeri gələndə ümumi məsələlər barədə tam fərqli qərarlar verir və bunu belə izah edirlər ki, “biz müstəqil qurumlarıq”. Amma Azərbaycanın Avropadakı nümayəndə heyətinin səyləri öz nəticəsini verib. Dekabrın 13-də Avropa Parlamenti “Avropa İttifaqının xarici siyasət və təhlükəsizliyi ilə bağlı qətnamə” adlı sənədi qəbul edib. Qətnamə böyük səs çoxluğu ilə qəbul edilib (408 lehinə, 132 əleyhinə). Sənəd Aİ-nin “Şərq Tərəfdaşlığı” ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü dəstəkləməyə dair öhdəliklərinə sadiq olduğunu ilk dəfə təsdiqləyir. Bu qətnamə Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın ərazi bütövlüyü ilə bağlı münaqişələrə Avropa İttifaqının münasibətinə dair prinsipial əhəmiyyətə malikdir.
İddialara görə, diplomatik müstəvidə ard-arda iki böyük məğlubiyyətlə üzləşən Ermənistan ənənəvi taktikasına əl atıb cəbhədəki gərginliyi artıra bilər. Ermənistanın bu davranışı ortaya qoyacağı ilə bağlı versiyaya bizim ekspertlərin münasibəti necədir?
Ekspert Daşdəmir Əliyevin sözlərinə görə, ermənilər artıq bu prosesə başlayıb: “Son 2-3 gün ərzində yayılan rəsmi məlumatlardan da görürük ki, ermənilər bilərkədən atəşkəsi pozur və vəziyyəti gərginləşdirmək istəyirlər. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Salahov Füzuli Süleyman oğlu şəhid olub. Bu fakt ermənilərin ənənəvi taktikalarına qayıtdıqlarına bir sübutdur. Götürün statistikanı araşdırın. Baxın görün, ermənilər daha çox nə vaxt fəallaşırlar? Azərbaycanda mühüm tədbirlər keçiriləndə, danışıqlar prosesinə hansısa ümid yarananda ermənilər cəbhədə vəziyyəti gərginləşdirirlər. Hazırkı məqamda Avropanın müxtəlif təsisatları tərəfindən iki sənəd qəbul edilib. Onların hər ikisində Azərbaycanın ərazi bütövlüyü tanınıb. Təbii ki, ermənilər bu acı məğlubiyyətin əvəzini deyilən üsullarla kompensasiya etməyə çalışacaqlar. Bununla beynəlxalq ictimaiyyətin diqqətini danışıqlara yox, təhlükəsizliyin təmin olunmasına yönəldəcəklər. Digər tərəfdən isə daxildəki narazılığı bu yolla yatırmaq istəyirlər ki, əhali onlardan diplomatik məğlubiyyətin hesabını soruşmasın. Ona görə də yaxın günlərdə cəbhədə ermənilərin təxribatlarını gözləmək lazımdır”.
Məhəmmədəli QƏRİBLİ