Əli Orucov: “Ona görə ki, Ermənistan iqtisadiyyatı bərbad vəziyyətdədir”
Məlum olduğu kimi, Ermənistan İranla Mehri rayonunda azad iqtisadi zonanın yaradılması istiqamətində səylərini artırıb.
Qeyd edək ki, iki ölkə arasında belə zonanın yaradılması çoxdan müzakirə obyektidir. Ermənistanın daim irəli sürdüyü azad iqtisadi zona ideyası 90-cı illərdə də iqtisadi baxımdan əsas müzakirə edilən mövzulardan birinə çevrilmişdi. İlkin olaraq təxminən 30 milyon investisiya tələb edən iqtisadi zona Ermənistanın Aqarak şəhərinə yaxın ərazidə yerləşməli idi. O zaman bu ideya İrana “Qobl planı”nın (ərazi mübadiləsi) qarşısını almaq üçün bir vasitə kimi lazım idi. Bu baxımdan, iqtisadi deyil, yalnız siyasi yöndən alətə çevrilən bu ideya İran tərəfindən uzadıldı, təxirə salındı və nəticədə bir neçə il donduruldu.
Ancaq 2016-cı ildə yenidən bu məsələ gündəmə gəldi. Tərəflər arasında müəyyən anlaşma əldə olundu. Bundan başqa, bu ilin noyabrında İran xarici işlər naziri Cavad Zərifin Ermənistana səfəri zamanı bir necə iş adamı da nümayəndə heyətinin tərkibində idi. Tərəflər növbəti dəfə bu məsələni müzakirə etdilər. Bəzi məlumatlara görə, ilin sonuna qədər bu ideya reallaşa bilər. Bütövlükdə, İranla Ermənistan arasında belə bir zona yaradılsa, bu, Ermənistanın blokadadan çıxmasında nə kimi rol oynaya bilər? Məsələyə münasibət bildirən AMİP Siyasi Şurasının üzvü Əli Orucovun sözlərinə görə, əslində, İran Ermənistanı blokadada saxlamır: “Məsələ ondadır ki, İranla Ermənistan sərhədləri daim açıq olub. Kimsə deyə bilməz ki, İran-Ermənistan sərhədində hansısa məhdudiyyət var. Doxsanıncı illərdə, Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi ən kritik dövrlərdə belə, İran Ermənistanla sərhədi bağlamadı. Halbuki, belə bir addım atsaydı, Ermənistanın təcavüzü cilovlanardı. Çünki məhz İranın sayəsində Ermənistan ərzaq və digər zəruri məhsullarla təmin olundu. İki ölkə arasında azad iqtisadi zonanın yaradılmasına gəldikdə isə, tərəflər bunda qərarlı görünür. Xüsusən də İran buna pis baxmır. Ona görə ki, dəfələrlə bu məsələ müzakirə olunub. Əlbəttə, İran və Ermənistan arasında belə bir zona yaradılsa, bu, işğalçı ölkənin xeyrinə olacaq. Ancaq İranın özü bundan ciddi dividend əldə etməyəcək. Çünki Ermənistan nə indi, nə də bundan sonra iqtisadi baxımdan İran üçün xüsusi önəmə malik deyil. Başqa bir tərəfdən, sözügedən azad iqtisadi zonanın İran iş adamları üçün cəlbedici olacağını düşünmürəm. Ona görə ki, Ermənistan iqtisadiyyatı bərbad vəziyyətdədir. Bu daha çox siyasi məqsəd daşıyır”.
Vidadi ORDAHALLI