Şahin Qafarov: “Belə bir sərginin paytaxt Bakıda keçirilməsi haqqında müsbət qərar olarsa, bu, ölkəmizin perspektiv tərəqqisi baxımından böyük əhəmiyyət kəsb edəcək”
“Qafqazın mirvarisi” adlandırılan Azərbaycan “Expo-2025” Ümumdünya Sərgisinə (World Expo 2025) evsahibliyi etmək üçün namizədliyini irəli sürüb. Qeyd edək ki, Bakı ilə yanaşı, Rusiyanın Yekaterinburq, Yaponiyanın Osaka və Fransanın Paris şəhərlərinin də “Expo-2025” universal sərgisinin keçirilməsi üçün namizədliyi irəli sürülüb.
Ötən gün Heydər Əliyev Mərkəzində Bakının “Expo 2025” Ümumdünya Sərgisinə (World Expo-2025) evsahibliyinə namizədliyini irəli sürməsi ilə bağlı Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri üçün təqdimat keçirilib. Təqdimat mərasimində Azərbaycanın “Expo-2025” Ümumdünya Sərgisinə namizədliyini irəli sürməsi istiqamətində görülən işlər və atılacaq addımlar barədə məlumat verilib. Bildirilib ki, may ayının 18-də Azərbaycan Prezidenti İlham Əliyevin Bakının 2025-ci il Ümumdünya Sərgisinə evsahibliyi etməsi üçün namizədliyinin irəli sürülməsi barədə məktubu Beynəlxalq Sərgilər Bürosuna (BSB) təqdim edilib.
Bəllidir ki, beynəlxalq tədbirlərin keçirilməsi sahəsində Azərbaycanın kifayət qədər uğurları və təcrübəsi var. Bu günədək ölkəmizdə bir sıra mühum tədbirlər keçirilib. Bakıda keçirilən Qlobal Humanitar Forum, Birinci Avropa Oyunları, 4-cü İslam Həmrəyliyi Oyunları, Dünya Şahmat Olimpiadası, 2016-cı ildən bəri keçirilən Formula 1 Bakı Qran-Prisi, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, “Bakı prosesi”, Dünya Dini Liderlərinin Sammiti kimi genişmiqyaslı beynəlxalq tədbirlərin keçirilməsində Azərbaycan zəngin təcrübəyə malikdir.
Onu da bildirək ki, “Expo-2025”in Bakıda keçirilməsi üçün Azərbaycanın namizədliyini irəli sürməsini tək yerli ictimaiyyət nümayəndələri deyil, xarici mütəxəssislər də yüksək dəyərləndirir.
İKT sahəsi üzrə mütəxəssis Şahin Qafarov bizimlə söhbətində bildirdi ki, Azərbaycanın 2025-ci ildə “Bakı Expo-2025” sərgisində evsahibliyi etməsi üçün namizədliyinin irəli sürülməsi olduqca müsbət haldır: “Nəzərə almaq lazımdır ki, bu günə kimi Azərbaycanda müxtəlif aspektlərlə bağlı beynəlxalq tədbirlər keçirilib. Bu tədbirlər tək ölkəmizdə deyil, xarici ölkələrdə də böyük rezonansla qarşılanıb”.
Həmsöhbətimizin sözlərinə görə, Bakının “Expo-2025” Ümumdünya Sərgisinə evsahibliyi etməsi ölkənin tanıtımı baxımından müsbətdir. Sərgi baş tutarsa, ölkəmizə xeyli nümayəndə gələcək: “Sərgidə təmsil olunan xarici ölkələrin şirkətləri özləri ilə yeniliklər gətirirlər. Dünyada yetərincə innovasiyası olan nəhəng şirkətlər var. O şirkətlərin Azərbaycana gəlib öz təcrübələrini nümayiş etdirməsi bizim üçün əhəmiyyətlidir”.
Ekspert qeyd etdi ki, bu gün Bakı şəhəri dünyanın inkişaf mərkəzi kimi diqqətdədir. Belə bir sərginin paytaxt Bakı ərazisində keçirilməsi haqqında müsbət qərar olarsa, bu, bütövlükdə, ölkəmizin perspektiv tərəqqisi baxımından böyük əhəmiyyət kəsb edəcək.
Günel CƏLİLOVA