Elşən Həsənov: “Hansısa siyasi partiyanın belə səfeh qərarı Dağlıq Qarabağa qanunsuz səfər etməkdən daha təhlükəlidir”
Avstriyada fəaliyyət göstərən Yaşıllar Partiyası qondarma “Dağlıq Qarabağ Respublikası”nı müstəqil qurum kimi tanımağı öz siyasi platformasına əlavə edib. Bu barədə məlumatı Ermənistan mətbuatı yayıb. Verilən məlumatda deyilir ki, bu, ermənilərdən ibarət olmayan ilk partiyadır ki, Dağlıq Qarabağ məsələsində belə prinsipiallıq nümayiş etdirir.
Həmçinin qeyd olunur ki, həmin partiya Avstriya hökumətinə qondarma qurumu rəsmən tanımaq barədə müraciət edib. Avstriyada fəaliyyət göstərən erməni milli konqresi bu addımına görə partiyaya xüsusi minnətdarlığını bildirib.
Qeyd edək ki, hazırkı ikipalatalı Avstriya parlamentində Yaşıllar Partiyası 9 senator və bir deputatla təmsil olunur.
Avstriyada qəbul olunan bu qərar barədə bizim siyasilər nə düşünürlər?
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov qəzetimizə açıqlamasında bildirdi ki, hansısa bir partiyanın belə bir qərar qəbul etməsi həmin dövlətin rəsmi mövqeyi kimi dəyərləndirilə bilməz: “Ancaq bu olduqca zərərli bir tendensiyanın əsasını qoyur. Hər bir partiyanın ali məramı hakimiyyətə gəlməkdir. Avropada yaşıllar fraksiyası elə də zəif deyil. Yəni onların nə vaxtsa hakimiyyətdə təmsil olunması da istisna deyil. İndi təsəvvür edin ki, belə mövqedə olan bir partiya həmin ölkədə hakimiyyətə gəlir, nə baş verər? Ona görə də biz indidən həmin partiya ilə münasibətlərimizi aydınlaşdırmalıyıq. Ən əsası isə budur ki, sözügedən partiya ədalətsiz mövqe ortaya qoyur, birbaşa separatizmi dəstəkləyir. Ola bilər ki, həmin partiya ilə bizim ölkəmizdə də əlaqələri olan siyasi qurumlar və ya siyasətçilər var. Onlardan tələb etmək lazımdır ki, həmin partiya ilə əlaqəyə girib həqiqəti anlatsınlar. Necə deyərlər, yolun yarısından dönmək də pis deyil. Bu məlumatı Ermənistan saytları yayıbsa, ilk növbətə xəbərin səhihliyi də yoxlanmalıdır. Məlumat təsdiqini taparsa, Azərbaycanın rəsmi dairələri də Avstriya hökumətinə müraciət edib problemin mahiyyətini anlatmalıdırlar. Həmçinin gələcək üçün sözügedən partiya ilə münasibətlərin kəsilməsi barədə işlər görülməlidir. Bir növ, partiya ölkəmizdə “qara siyahı”ya salınmalıdır. Cünki Dağlıq Qarabağ mövzusuna ölkəmiz olduqca həssaslıqla yanaşır. Hansısa siyasi partiyanın belə səfeh qərarı Dağlıq Qarabağa qanunsuz səfər etməkdən daha təhlükəlidir”.
Məhəmmədəli QƏRİBLİ