Şəlalə Cəsur: “Bakı prosesi” isə lazım olan bütün tələbləri özündə cəmləyən tədbirdir”
BMT Baş Assambleyasının dekabrın 11-də keçirilən iclasında “Dinlərarası və mədəniyyətlərarası dialoqun, qarşılıqlı anlaşmanın və sülh naminə əməkdaşlığın təşviqi” adlı qətnamə yekdilliklə qəbul edilib. Bu barədə Azərbaycan Respublikasının BMT-dəki Daimi Nümayəndəliyindən bildiriblər.
Baş Assambleya ilk dəfə olaraq Azərbaycanın UNESCO, BMT Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa İttifaqı və Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə İslam Təşkilatı (ISESCO) ilə birgə iki ildən bir təşkil etdiyi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna aid qətnaməyə ayrıca bir paraqraf həsr edib və Ümumdünya Forumuna mədəniyyətlərarası dialoqun təşviqedici əsas qlobal platforması qismində istinad edib.
Bununla əlaqədar qətnamədə BMT-nin baş katibi Antonio Quterreşin bu mövzu üzrə məruzəsi xatırladılır. Həmin məruzədə 2008-ci ildən həyata keçirilən “Bakı prosesi”nin mədəniyyətlərarası dialoqun dəstəklənməsinə yönəlmiş səylər çərçivəsində mühüm yer tutması xüsusi qeyd edilir, həmçinin, 2017-ci il mayın əvvəllərində Bakıda təşkil olunan IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun işi barədə ətraflı məlumat verilir.
Qətnamə, həmçinin, BMT Sivilizasiyalar Alyansının qlobal forumlarında qəbul edilən bəyannamələri, o cümlədən 2016-cı ildə qəbul edilən Bakı Bəyannaməsini alqışlayır.
Azərbaycan nümayəndə heyəti bu sənədlə bağlı danışıqlarda fəal iştirak edib və onun həmmüəlliflərindən biri olub.
BMT-nin baş məclisi tərəfindən “Bakı prosesi”ni dəstəkləyən qərar qəbul edilməsinin nə kimi əhəmiyyəti var?
Ekspert Şəlalə Cəsurun sözlərinə görə, bu gün Azərbaycan müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa dair sanballı tədbirlər keçirilməsi üçün ənənəvi məkana çevrilib: “Bunun da həm coğrafi, həm tarixi, həm də mədəni əsasları var. Çünki Azərbaycanda bütün xalqlar, dinlərin nümayəndələri əsrlər boyu bir ailə kimi yaşayırlar. Prezident İlham Əliyevin dediyi kimi, ölkədə milli və dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması faktdır və bu, Azərbaycan xalqının güc mənbəyidir: “Hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyindədir”. Əlbəttə, bu sözlər Prezident İlham Əliyevin strateji mövqeyini dəqiq nümayiş etdirir. Həmin mövqeyə görə, çox zəngin tarixi və mədəni irsi, dini və sosial tolerantlıq ənənələri olan Azərbaycan hazırda mədəniyyətlərarası dialoq, dünya mədəniyyətlərinin və sivilizasiyaların qarşılıqlı təsiri məkanına uğurla transformasiya olunur, özünün zəngin təcrübəsini dünya ictimaiyyətinə təklif edir. Məlum olduğu kimi, 2008-ci ildən “Bakı prosesi” başlayıb. O vaxt respublikamızın paytaxtında keçirilən Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına İslam Əməkdaşlığı Təşkilatının nümayəndələri, nazirlər də dəvət olunmuşdu. Bu, dünya miqyasında çox mühüm bir hadisə idi. Çünki ilk dəfə idi ki, həm Avropa Şurasına, həm də İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlər birgə humanitar xarakterli beynəlxalq tədbirdə iştirak edirdilər. Həmin tədbirin hər iki qurumun fəal üzvü olan Azərbaycanda baş tutması isə təbii ki, böyük siyasi məna daşıyırdı. Təbii ki, bu cür bəşəri missiyaya BMT-nin verdiyi qiymət bizim üçün sevindiricidir. Çünki belə işlərin görülməsi elə BMT-nin nizamnaməsi və fəaliyyət proqramına aiddir. “Bakı prosesi” isə lazım olan bütün tələbləri özündə cəmləyən tədbirdir”.
Məhəmmədəli QƏRİBLİ