Yeganə Hacıyeva: “Bu isə ABŞ-ın onsuz da islam ölkələri ilə ürəkaçan olmayan münasibətlərini daha da pisləşdirəcək”
ABŞ prezidenti Donald Tramp dekabrın 18-də yeni milli təhlükəsizlik strategiyasını açıqlayacaq. Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Herbert Makmaster bildirib.
Sənəd dörd əsas maddədən ibarət olacaq: amerikalıların müdafiəsi, ABŞ-ın rifahının gücləndirilməsi, “güc vasitəsilə sülhün qorunması” və Amerikanın təsirinin artırılması.
“Geosiyasət geri qayıdıb, özü də ikiqat güclə qayıdıb”, - müşavir vurğulayıb.
Bu strategiyada, həmçinin, amerikalılara və onların maraqlarına təhlükələr müəyyən ediləcək. Belə təhlükələr sırasında Rusiya, Şimali Koreya və İranın qeyd ediləcəyi gözlənir.
Yeni konsepsiyanın qəbulundan sonra ABŞ-ın İslam dünyası ilə münasibətləri necə olacaq?
Politoloq Yeganə Hacıyeva qəzetimizə bildirdi ki, ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasını bir cümlədə ifadə etmək istəsək, bunu növbəti bir anqlo-amerikan təhlükəsizlik strategiyası adlandıra bilərik: “Təsadüfi deyil ki, ABŞ-ın yeni milli təhlükəsizlik strategiyası haqqında sənədin müəllifi ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Herbert Makmaster britaniyalı həmkarı, Böyük Britaniya baş nazirinin milli təhlükəsizlik üzrə köməkçisi Mark Sedvilllə ABŞ-Britaniya münasibətlərinin müzakirəsinə həsr olunan bir görüşdə elan edib. Düzdür, ABŞ Dövlət Departamenti hələ keçən həftə qurumun Pentaqon, Milli Təhlükəsizlik Nazirliyi və kəşfiyyat orqanları ilə birlikdə yeni milli təhlükəsizlik strategiyasını təhlil etdiyi, sənədin suallar doğuran əsas siyasi mövzularının bu qurumlardakı mütəxəssislərlə razılaşdırıldığı haqqında məlumat verdi, lakin sənədin detalları isə məhz yuxarıda haqqında danışdığımız görüşdə elan edilib.
Makmaster sənədin 4 əsas maddədən ibarət olacağı haqqında bunları deyib:
- Amerika və amerikalıların müdafiəsi ;
- ABŞ-ın rifahının gücləndirilməsi ;
- Amerikanın dünyadakı proseslərə təsirinin artırılması ;
- Dünyada güc vasitəsilə sülhün qorunması.
Sənəddə daha hansı nüanslar əksini tapa bilər sualına cavab versək, əlbəttə, burada bir neçə mühüm məqamı qeyd edə bilərəm. Əminəm ki, yeni milli təhlükəsizlik strategiyasında ABŞ milli maraqlarına təhdid olaraq əvvəlki kimi yenə də beynəlxalq terrorizm, Şimali Koreya, Çin və əlbəttə, keçən seçkilərdən sonra isə Rusiya göstəriləcək.
Yeni strategiyanın fəaliyyət konsepsiyasında ABŞ-ın beynəlxalq terrorizmə, Yaxın Şərqdə İrana, Asiya qitəsində Çinin artan siyasi və möhkəmlənən iqtisadi təsirinə, Avropada və ümumilikdə Qərb adlandırdığımız coğrafiyada isə Rusiyanın aqressiv davranışına qarşı mübarizəsi öz əksini tapacaq.
Bu konsepsiyadan sonra ABŞ-ın İslam dünyası ilə münasibətlərində nə gözlənir sualına cavab verməmişdən öncə, bu günlərdə Yaxın Şərqdə sülh vasitəçisi rolunu oynayan ABŞ-ın prezidenti Donald Trampın müsəlmanların müqəddəs torpaq elan etdikləri Qüdslə bağlı beynəlxalq hüququ pozan və BMT qətnamələrindən də kənara çıxan qərarı və bunun ardınca 57 islam ölkəsinin daxil olduğu İslam Əməkdaşlıq Təşkilatının təşkil etdiyi İslam dünyası ölkələri liderlərinin İstanbul sammiti və burada alınmış qərarlar haqqında söz açmaq istərdim. Belə ki, bu sammitdə 22 islam ölkəsinin lideri ABŞ-ın bu Yaxın Şərq regionunda onsuz da həssas olan sülhün pozulmasına gətirib çıxaracaq qərarına etiraz edib və Trampı bu qərara yenidən baxmağa cağırıb.
Sırf bu suala cavab vermək üçün fikirləşirəm ki, yeni strategiyanın müəllifi Makmasterin qlobal təhlükəsizlikdə mühüm rol oynayan islam ölkəsi Türkiyə haqqında səsləndirdiyi fikirlərə diqqət yetirmək kifayətdir. Belə ki, Makmaster Türkiyəni Qətərlə əl-ələ verib Avropanın Balkan yarmadasında, Afrikadan Cənubi Asiyaya qədər türk mədrəsələri, məscidləri və xeyriyyəçilik vasitəsilə ekstremist islamçı ideologiya yeritməkdə günahlandırıb. O, guya Türkiyənin beynəlxalq ekstremist ideologiyaların və terrorizmin yayılması üçün şəraitin yaradılmasına kömək edən qrupları maliyyələşdirməsi ilə bağlı narahatlığını ifadə edib.
Bütün bunları nəzərə alaraq bu nəticəyə gəlmək olar ki, ABŞ-ın beynəlxalq terrorizm və ekstremist islamçı ideologiyalarla mübarizəsi yeni fazaya, yəni hərbi üsullarla mübarizə ilə yanaşı, nəzəri təbliğat mərhələsinə keçir. Bu isə ABŞ-ın onsuz da islam ölkələri ilə ürəkaçan olmayan münasibətlərini daha da pisləşdirəcək”.
Məhəmmədəli QƏRİBLİ