Seyid Camal Əzimbəyli: “Qoy onlar da Ermənistanla münasibətlərin islama vurduğu ziyan haqqında arqumentlərə diqqət etsinlər”
Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin İstanbulda keçirilən fövqəladə toplantısında bildirib ki, iyirmi ildən artıqdır Ermənistan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu daxil olmaqla, 20 faiz torpaqlarını işğal altında saxlayır.
Prezident, həmçinin, ABŞ-ı Qüds qərarına yenidən baxmağa çağırıb: “Dünya müsəlmanları bilməlidirlər ki, müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz. 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. İşğal olunmuş ərazilər tamamilə etnik təmizləməyə məruz qalmış və talan edilib. Ermənistan məscidlər və islam abidələri daxil olmaqla, bütün mədəni abidələri məhv edib. Bununla bərabər, Ermənistan müxtəlif müsəlman ölkələri ilə dostluq münasibətləri qurmaq istəyir. Bu ən böyük riyakarlıqdır.
Azərbaycan heç vaxt erməni işğalı ilə barışmayacaq, münaqişənin həlli yalnız və yalnız Azərbaycanın tanınmış beynəlxalq sərhədləri, ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.
Dövlət başçısı ABŞ prezidentinin Qüds qərarından da danışıb. O deyib ki, beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnaməsinə zidd olan Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınması və ABŞ Səfirliyinin bu şəhərə köçürülməsi ilə bağlı qərarı böyük narahatlıq yaradır:
“Bu qərar Fələstin-İsrail münaqişəsinin ədalətli və hərtərəfli nizama salınması işinə mənfi təsir edə, Yaxın Şərqdə təhlükəli fəsadlara gətirib çıxara bilər. Hesab edirik ki, Amerika Birləşmiş Ştatları bu qərara yenidən baxmalıdır. Azərbaycan ardıcıl olaraq Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə, Şərqi Qüdsün Fələstin dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında həllini dəstəkləyir”.
Qeyd edək ki, Prezident İlham Əliyev bundan əvvəl də Ermənistanın islam ölkələrilə əlaqə qurmaq istəyinə kəskin münasibət bildirmişdi. Ölkə başçısı yenidən bu mövzuya toxunaraq, Ermənistanla dost olmaq istəyən müsəlman ölkələrinin düz yolda olmadığını diqqətə çatdırıb. Bu cür yanlış fikirdə olan müsəlman ölkələrini doğru yola dəvət etmək üçün Bakıda mövzunu əhatə edən bir beynəlxalq konfransın keçirilməsi necə olar?
Şərqşünas Seyid Camal Əzimbəyli qəzetimizə açıqlamasında bildirdi ki, belə bir tədbirə doğrudan da ehtiyac var: “İstanbuldakı tədbir bir daha göstərdi ki, Azərbaycan sözdə deyil, gercəkdə də islam təəssübkeşi olan dövlətdir. Prezident bununla neçənci dəfədir belə xatırlatmanı edir. Bir dünyəvi ölkənin başçısı kimi o sübut edir ki, islami dəyərlər bizim üçün olduqca vacibdir. Ölkəmizdə dini birlik, birgəyaşayış, müxtəlif dinlərə olan dözümlü münasibətin sərgilənməsinin zəruriliyini əhatə edən çoxsaylı tədbir keçirilib. Onların çox ciddi nəticələri də olub. Düşünürəm ki, dediyiniz toplantının da ölkəmizdə keçirilməsi çox gözəl olar. Bunun üçün Azərbaycan bütün parametrlərə cavab verir. Həmin toplantıya ölkə başçıları ilə yanaşı, dövlətlərin nüfuzlu dini liderlərini də dəvət etmək lazımdır. Qoy onlar da Ermənistanla münasibətlərin islama vurduğu ziyan haqqında arqumentlərə diqqət etsinlər. Cünki elə ölkələr var ki, orada dini rəhbərlərin təsiri güclüdür. Çox gözəl təklifdir, ümid edirəm ki, reallaşacaq. Bu, erməni vandallığını dünyaya çatdırmaq baxımından da önəmli sayılacaq”.
Məhəmmədəli QƏRİBLİ