Natiq Cəfərli: “Neft bahadır və ölkənin valyuta ehtiyatları da artıb”
Məlum olduğu kimi, ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iki gün davam edən iclası yekunlaşıb. Proqnozlaşdırıldığı kimi, FED uçot dərəcəsini 0,25 faiz-1,25 faiz səviyyəsindən 1,50 faizədək artırıb.
Daha əvvəl FED martın 15-i və iyunun 14-də uçot dərəcəsini artırıb. Federal Ehtiyatlar Sistemi uçot dərəcəsinin tədricən artırılması siyasətinə 2015-ci ilin dekabrından başlayıb. Bundan əvvəl sonuncu dəfə uçot dərəcəsi 2006-ci ilin iyununda artırılıb. 2007-2008-ci illərdə FED tədricən uçot dərəcəsini minimal (0-0,25%) həddədək aşağı salıb.
Ümumi götürəndə uçot dərəcəsinin artırılmasının manata ciddi təsir edəcəyi gözlənilmir. Məsələ ondadır ki, hazırda manata təsir edən amillər müsbətdir. Çünki neftin qiyməti 60-65 dollar səviyyəsindədir. Bundan başqa, ölkənin ticarət dövriyyəsində müsbət saldo var, ixrac idxalı üstələyib. Həmçinin, Mərkəzi Bank pul kütləsinə çox ciddi nəzarət edir. Bütün bunlar, istər-istəməz, manatın qorunub saxlanması üçün şərait yaradır. “Üzən məzənnə” rejimi olsa da, Mərkəzi Bank manatın məzənnəsini stabil saxlamağa çalışır. Ola bilər ki, kiçik psixoloji təsirlər olsun. Ancaq sözügedən artımın manata ciddi təsir edəcəyi gözlənilmir.
Maraqlıdır, bəs ekspertlərin buna münasibəti necədir?
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, FED-in belə bir qərar verəcəyi gözlənilən idi: “FED-in uçot dərəcəsini 0,25 faiz-1,25 faiz səviyyəsindən 1,50 faizədək artırması gözlənilən idi. Bazarlarda və birjalarda sanki bu qərar verilmiş kimi davranılırdı. Çox vacib qərardır. FED verdiyi sözü tutdu və gələn il üçün 3 faiz artım olacağını elan etdi ki, bu da çox ciddi bəyanatdır. FED-in qərarı dünyada dollar indeksinin artmasına, dollara marağın yenidən güclənməsinə səbəb olacaq. Gələn il dolların əsas dominant valyuta və dəyər qazanan yatırım kimi öndə ola biləcəyi ehtimalı yüksəkdir. Bu, məcburən digər ölkələrin valyutalarına da təsir göstərəcək ki, dollar indeksinə daxil olan dünyanın əsas valyuta növlərinə qarşı dollar güclənəcək. Azərbaycana bu qərarın təsiri ətraf ölkələrdə milli valyutaların dəyərdən düşməsi və dolların möhkəmlənməsindən asılı olacaq. Yəni bu qərar Azərbaycana birbaşa təsir göstərmir. Bizdə məzənnəyə inzibati müdaxilələr daha çoxdur. Mərkəzi Bank məzənnəyə inzibati müdaxilələr edir. Bu səbəbdən bizdə vəziyyət bir az fərqli olacaq. FED-in qərarı o dəqiqə təsir etməsə də, bir müddət sonra qonşu ölkələr vasitəsilə bizə də mütləq təsirləri olacaq. Gələn ilin əvvəlində növbəti faiz artımından sonra dünyada dolların bahalaşması sürətlənən zaman Azərbaycanda da müəyyən dəyişikliklərin olması və dolların güclənməsi ehtimalı yüksəkdir. Azərbaycanda kəskin devalvasiya olmayacaq. Ona görə ki, neft bahadır və valyuta ehtiyatları da artıb. Amma cüzi dəyişikliklər mümkündür. Çünki qonşu ölkələrdə milli valyutaların sürətli ucuzlaşması olacaq. Həm rubl, həm türk lirəsi, həm də Qazaxıstan təngəsində ucuzlaşma gözlənir”.
Vidadi ORDAHALLI