Vüqar Bayramov: “Nədənsə bəzi dövlətlər sərmayə qoyuluşu məsələsində gözləmə mövqeyindədirlər”
Qarabağın və Şərqi Zəngəzurun bərpasında yenə də bizim yanımızda qardaş ölkələrdir. Bu sözləri Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşünün iştirakçılarını qəbul edərkən bildirib.
Dövlət başçısı daha sonra bunları deyib: “Türkiyədən olan bir çox şirkətlər önəmli infrastruktur layihələrində - yollar, körpülər, tunellər, dəmir yolları layihələrində iştirak edirlər. Eyni zamanda, Qarabağda iş yerlərinin yaradılması da bizim üçün çox önəmlidir və yenə də burada birinci xarici sərmayə qardaş ölkələrdən gəlib. Xankəndidə Özbəkistanın dəstəyi ilə böyük tikiş fabriki fəaliyyətə başlamışdır”.
Görünən odur ki, işğaldan azad edilən ərazilərə xarici sərmayə yenə də ilk olaraq qardaş ölkələrdən gəlir. Maraqlıdır, digər ölkələr nəyi gözləyir? Niyə qeyri-türk dövlətləri sərmayə qoyuluşuna maraq göstərmir?
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən millət vəkili Vüqar Bayramov hesab edir ki, TDT ölkələri arasında iqtisadi və strateji münasibətlərin daha da dərinləşməsi müşahidə edilir: “Qardaş türk dövlətləri Qarabağ və Şərqi Zəngəzurda humanitar istiqamətdə dəstək nümayiş etdirir. O cümlədən, məktəb və digər binaların tikintisində iştirak edirlər. Bu istiqamətdə dəstəyin nümayiş etdirilməsi məhz münasibətlərin yüksək səviyyədə olmasını bir daha təsdiq edir. Cənab Prezidentin qeyd etdiyi kimi, sözsüz sərmayələrin cəlb edilməsində də məhz bu qardaş dövlətlərin rolu kifayət qədər çoxdur. Azərbaycan da türk dövlətlərində sərmayə qoyuluşları həyata keçirən ölkələrdəndir. Azərbaycan praktiki olaraq türk dövlətləri ilə həm investisiya qoyuluşları, həm də digər istiqamətlərdə əməkdaşlığın güclənməsinə töhvə verən dövlətdir. Qarabağ və Şərqi Zəngəzurda sərmayə qoyuluşunda türk dövlətlərinin marağının həm yüksək olması, həm də dəstəyinin artması müşahidə edilir. Təbii ki, Azərbaycan digər dövlətləri təmsil edən şirkətləri də işğaldan azad edilmiş ərazilərimizdə investisiya qoyuluşuna dəvət edib. Xüsusən də strateji münasibətlərimiz olan dövlətləri. Məsələn, İtaliya şirkətlərinin bu istiqamətdə aktivliyi müşahidə edilir. Lakin nədənsə bəzi dövlətlər sərmayə qoyuluşu məsələsində gözləmə mövqeyindədirlər. Ancaq sözsüz daha çox aktivlik qardaş türk dövlətlərin payına düşür. Bu, bir daha təsdiq edir ki, türk dövlətləri arasında strateji münasibətlər həm də qardaşlıq və dostluq əlaqələrinə söykənir. Eyni zamanda uzunmüddətli və daimi münasibətlərdir”.
Vidadi ORDAHALLI