ABŞ-İsrail münaqişəsi davam edərkən, dünən gecə İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ hərbi təyyarəsini vurub.
İranın yarı-rəsmi Mehr Xəbər Agentliyi, İran tərəfindən vurulan ABŞ hərbi təyyarəsinin pilotunu tapmaq üçün axtarış-xilasetmə əməliyyatlarında iştirak edən ABŞ helikopterinin də vurulduğunu açıqlayıb.
Amerika mediasında yayılan məlumatlara görə, pilotlardan biri xilas edilib. Ancaq pilotun harada və necə qurtarıldığı barədə heç bir məlumat yoxdur.
İran İnqilab Keşikçiləri Korpusu ölkənin mərkəzi hissəsində hava hücumundan müdafiə sistemlərindən istifadə edərək F-35 qırıcı təyyarəsini vurduğunu iddia etmişdi. Vurulan təyyarənin olduğu iddia edilən şəkillər də İran mediasında paylaşılıb.
İran mətbuatında vurulan təyyarə ilə bağlı dərc olunan fotoşəkillərdə, quyruq qalıqlarının üzərindəki "ABŞ Hərbi Hava Qüvvələri Avropada" yazısı olan emblem F-15 Eagle təyyarəsindəki emblemlərlə uyğun gəlir.
O da bildirilir ki, ABŞ pilotu xilas etmək üçün “Black Hawk” helikopteri və C-130 hərbi yük təyyarəsi göndərib, lakin onların səyləri uğursuz olub.
Tahir TAĞIYEV