Gürcüstanın xalq müdafiəçisi Levan İoselianinin illik hesabatında Tiflisdəki Azərbaycan teatrının binasının vəziyyətinə diqqət çəkilib. Gürcüstan mediasının yaydığı məlumata görə, hesabatda qeyd olunub ki, milli azlıqların tam vətəndaş inteqrasiyasına nail olmaq üçün onların mədəniyyətlərini qorumaq və təşviq etmək vacibdir. Sənəddə bildirilir ki, milli azlıqların mədəniyyətlərinin populyarlaşdırılmasına yönəlmiş tədbirlərin və görülən işlərin sayı artırılmalıdır: "Milli azlıqlar üçün mədəni əhəmiyyət kəsb edən və uzun illərdir möhkəmləndirmə və bərpaya ehtiyacı olan binaların vəziyyəti problemli olaraq qalır. Onların arasında təəssüf ki, bərpası hətta 2025-ci ildə belə aparılmayan Azərbaycan dram teatrını qeyd etmək lazımdır," – deyə sənəddə vurğulanıb. Xatırladaq ki, Tbilisidə fəaliyyət göstərən Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının 150 illik tarixi var. Sözügedən mədəniyyət ocağının binası uzun illərdir qəzalı hesab edilir və bərpasının çətin olduğu bildirilir. Teatr üçün yeni binanın təməli 2023-cü il oktyabrın 27-də qoyulub, lakin inşa işlərinə bu günədək başlanılmayıb.
İRADƏ