İran İnqilab Keşikçilərinin bu səhər qabaqcıl ABŞ döyüş təyyarəsini vurduqlarını açıqlamasından sonra yeni iddialar ortaya atılıb.
İran mənbələri ABŞ-ın F-15E Strike Eagle qırıcı təyyarəsinin Kohgiluyə əyalətində vurulduğunu və pilotun paraşütlə katapult etdiyini bildirib. Bəzi yerli mənbələr pilotun İran tərəfindən əsir götürüldüyünü iddia etsə də, əyalət televiziyası ictimaiyyətə müraciət edərək pilotu sağ təslim edən hər kəsə "mükafat" təklif edildiyini açıqlayıb. İnqilab Keşikçiləri katapult oturacağının və paraşütün düşdüyü ərazinin şəkillərini də paylaşıb.
“Axios” nəşri də əməliyyata yaxın mənbələrə istinadən təyyarənin vurulduğunu təsdiqləyib. Vurğulanıb ki, bu hadisə ABŞ və İsrailin İrana hücumlarından bəri "düşmən atəşi ilə vurulan ilk ABŞ təyyarəsi" olub və bu Vaşinqtonun regiondakı nüfuzuna böyük zərbə vurub. ABŞ mediası həmçinin iki ekipaj üzvünün axtarış işlərinin davam etdiyini bildirib.
Bu arada, “Reuters” xəbər agentliyinə danışan ABŞ rəsmisi, döyüş təyyarəsinin İran hava məkanında vurulduğunu və itkin düşmüş heyət üçün axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini təsdiqləyib.
Bölgədəki xəbər mənbələri ABŞ qüvvələrinin pilotu xilas etmək üçün “Black Hawk” helikopterləri və C-130 nəqliyyat təyyarəsi ilə əməliyyat başlatdığını, lakin bu cəhdlərin uğursuz olduğunu iddia edib.
İranın səhər tezdən təyyarəni vurduğu iddialarına baxmayaraq, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) hələ də rəsmi açıqlama verməyib.
Tahir TAĞIYEV