Xaqani Cəfərli: “Əgər bu təşəbbüs nəticə versə, Pakistanın beynəlxalq münasibətlərdə mövqeyi güclənəcək”
Çin gözlənilmədən İrana qarşı ABŞ-İsrail müharibəsində vasitəçi kimi çıxış etmək üçün Pakistana qoşulur. Pekin və İslamabad rəsmiləri atəşkəsə nail olmaq və həyati əhəmiyyət kəsb edən Hörmüz boğazında gəmiçiliyi bərpa etmək məqsədi daşıyan beş bəndlik planı təqdim ediblər. BBC-nin yaydığı məlumata görə, ABŞ-ın uzun müddət müttəfiqi olan Pakistan görünür, Trampı münaqişədə vasitəçilik edə biləcəyinə inandırıb.
Pekin isə may ayında Xi Jinping və Donald Tramp arasında vacib ticarət danışıqları ərəfəsində Vaşinqtona rəqib kimi mübarizəyə girir.
Yaxın Şərq üzrə ekspert və Lanzhou Universitetinin Əfqan Araşdırmaları Mərkəzinin direktoru Zhu Yongbiao Çinin bu məsələdə dəstəyi "çox vacibdir" deyib: "Çin, Pakistanın daha görkəmli rol oynaya biləcəyi ümidi ilə mənəvi, siyasi və diplomatik olaraq tam dəstək verir".
Çin və Pakistan birlikdə İrana və ABŞ-a 5 maddəlik sülh planı verib.
Bunun nəticəsi nə ola bilər? Çinin və Pakistanın təqdim etdiyi 5 maddəlik planı hansı nəticələrə səbəb olacaq?
“İranı özündən daha çox asılı salmaq üçün Çin hərəkətə keçib”
Politoloq Xaqani Cəfərli baki-xeber.com-a bildirdi ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının ilk həftələrindən Pakistan diplomatik fəallıq göstərməyə başladı. “Pakistanın bu təşəbbüsünün arxasında Çinin dayandığı iddiası da o zamandan var. Bu mənada Pakistanın təşəbbüsünə Çinin qoşulması gözlənilməz deyil. Belə görünür ki, Pekin atəşkəsə və sülhə nail olmağın mümkünlüyünü düşünür. Digər tərəfdən Pekində anlayırlar ki, İranın müqavimət gücü tükənir və yaxın zamanlarda Tehran təslim ola bilər. Əks halda Çin bu prosesə qoşulmazdı.
ABŞ-ın tam qələbəsinə imkan verməmək, eyni zamanda İranı özündən daha çox asılı salmaq üçün Çin hərəkətə keçib”.
X.Cəfərli qeyd etdi ki, Hindistanla strateji rəqabətdə olan Çin Hindistana qarşı birinci müttəfiqi olan Pakistanın da bu prosesdən güclənərək çıxmasında maraqlıdır. “Əgər bu təşəbbüs nəticə versə, Pakistanın beynəlxalq münasibətlərdə mövqeyi güclənəcək. Digər tərəfdən İran məğlub olaraq dağılsa bundan ən çox zərər görən ölkələrdən biri Pakistan olacaq. İranın parçalanmasından sonra Pakistanın bütövlüyünü qoruması çox çətin, hətta mümkünsüz ola bilər. Belə bir prespektiv isə Çini qorxudur. Digər tərəfdən İranın parçalanmasından sonra Çin əsas müttəfiqlərindən birini itirməklə yanaşı, eytiyac duyduğu enerji daşıyıcıları ilə bağlı ABŞ-dan asılı düşə bilər. Bütün bunlara yol verməmək üçün Pekin Tehranı sarsıdıcı məğlubiyyətdən xilas etməlidir. Çinin bu təşəbbüsünün gerçəkləşməsinə Vaşinqtonun siyasi dairələrinin imkan verəcəyinə şübhəm var. Bəlkə də, Trampı bu məsələdə aldatmaq olar. Ancaq Vaşinqton Trampdan ibarət deyil”-deyə X.Cəfərli vurğuladı.
İradə SARIYEVA