İsveçrə Gürcüstanın diplomatik, rəsmi və xidməti pasport sahibləri üçün viza məhdudiyyətləri tətbiq edib. Bu barədə İsveçrənin Federal Şurasının mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, 3 apreldən etibarən adıçəkilən pasportlara malik Gürcüstan vətəndaşları İsveçrəyə daxil olmaq üçün viza almalı olacaqlar.
Qərar Federal Şuranın 1 aprel tarixində keçirilən iclasında qəbul edilib və 12 ay müddətində qüvvədə olacaq. Məhdudiyyətlər Gürcüstanın adi vətəndaşlarına şamil edilmir.
Bundan əlavə, İsveçrə ilə Gürcüstan arasında vizaların verilməsinin sadələşdirilməsinə dair sazişin bəzi müddəalarının dayandırıldığı da qeyd olunub.
Açıqlamada vurğulanır ki, Avropa İttifaqı üçüncü ölkələrə münasibətdə vizaların dayandırılması mexanizmini gücləndirib. Bu mexanizm insan hüquqları və fundamental azadlıqların pozulması kimi hallarda viza tələblərinin müvəqqəti tətbiqinə imkan verir.
Məlum olduğu kimi, Avropa İttifaqı da ötən il Gürcüstanda qəbul edilən qanunvericilik dəyişikliklərindən sonra gürcü diplomatları və dövlət məmurları üçün vizasız rejimi 12 ay müddətinə dayandırıb. Bu qərar Şengen qanunvericiliyinə uyğun olaraq İsveçrə üçün də məcburi xarakter daşıyır.
İradə SARIYEVA