Azərbaycan ərazisində çar Rusiyasının müstəmləkə siyasətinə uyğun olaraq ermənilərin Şimali Azərbaycana köçürülməsi və onların əli ilə zaman–zaman 1905-1906, 1918-1920, 1948-1953, 1988-1994 və digər illərdə yerli əhaliyə qarşı soyqırım siyasətinin həyata keçirilməsindən beynəlxalq ictimaiyyətin hələ də kifayət qədər məlumatı yoxdur.
Bolşevik və erməni quldurlarının azərbaycanlılara qarşı törətdiyi çinayətlərin tədqiqi göstərir ki, bu cinayətlərdən ən dəhşətlilərindən biri 1918-ci ilin mart-aprel aylarında Şamaxıda törədilmişdi.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Prezidenti, Şamaxının Millət Vəkili Elxan Süleymanovun təşəbbüsü ilə 2011-ci ildə Azərbaycan və ingilis dillərində “Şamaxı soyqırımı” adlı kitabı nəşr olunub. Şamaxıda Avropa Şurası deputatlarının iştirakı ilə kitabın geniş təqdimatı keçirilib.k Məqalə hazırlayarkən kitabın müəllifi kimi həmin mənbəyə istinad etmişəm.
Cinayətin əsas səbəbləri
Bolşeviklər neft və digər sərvətlərlə zəngin olan Azərbaycanın müstəqilliyinin qarşısını almaq üçün yerli əhaliyə qarşı soyqırım cinayətlərinin qış fəsilində deyil yaz aylarında törədilməsinin təsadüf olmadığını faktlar sübut edir. Bununla bağlı Bakıda yaşamış, sonralar Almaniyaya mühacirət etmiş, kadet partiyasının üzvü B.Baykov öz xatirələrində belə yazmışdı: “Çar Rusiyasının bütün neftini Bakı verirdi. Neftin əksəriyyəti Volqa çayı vasitəsilə Rusiya şəhərlərinə daşınırdı.Volqada buzların əriməsilə ticarət gəmilərinin fəaliyyəti martın ortalarında başlanırdı. Bolşeviklərin təxirəsalınmaz vəzifəsi Bakını tezliklə işğal etmək idi.”
S. Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin təhriki ilə yerli müsəlman əhaliyə qarşı 1918-ci ilin mart ayında soyqırım cinayəti həyata keçirildikdən sonra, konkret olaraq 1918–ci ilin aprelində Bakıdan Rusiyaya 94 min ton, may ayında 182 min ton, iyun ayında 466 min ton, iyul ayında isə 492 min ton neft daşınmışdı.
Hadisə ərəfəsi baş verənlər
S.Şaumyanın göstərişi ilə Stepan Lalayev yerli əhaliyə qarşı palanlaşdırılan cinayətlərə hazırlıq məqsədilə 1917-ci ilin sonu 1918-ci ilin əvvələrindən başlayaraq gizli surətdə Şamaxıda yaşayan ermənilərə silah, sursat paylamışdır. Bu dövrdə müxtəlif cəbhələrdən 7.000 erməni əsgəri Bakıya gətirilmişdi ki, onlar Bakı Sovetinin hərbi qüvvələrinin tərkibinə daxil edilmişdi. Bu məsələ barədə erməni Q. Avetisyan qeyd edir ki, “Bakıda 25 alay,18 min döyüşçüdən ibarət Qızıl Ordunun dörd briqadası var idi. Qızıl Ordu döyüşçülərinin də 70 faizi erməni idi“.
İstintaq Komissiyası tərəfi ndən hazırlanan sənədə görə hələ yanvar ayında Bakı Soveti tərəfi ndən 15 maşın silah, mart ayının ortalarında isə 60 maşın silah və 2000 erməni əsgəri Şamaxıya göndərilmişdi.
Hadisənin əsas mərhələləri
Şamaxı soyqırımının baş verdiyi dəqiq tarixlər çox təəssüf ki, əksər kitab və məqalələrdə konkret göstərilməyib. Bəzi kitab və məqalələrdə hadisələrin 1918–ci il martın 18-də, bəzilərində 1918–ci ilin aprel ayında, bəzilərində 3-16 apreldə baş verdiyi qeyd olunur. Mövcud mənbələri müqayisəli təhlil etməklə cinayətlərin başverdiyi günləri müəyyən etmək mümkündür. Araşdırmalar Şamaxı soyqırımının qısa fasilələrlə bir neçə mərhələdə, Bakı və Qubadakı qırğınlardan əvvəl baş verdiyini təsdiq edir (mötərizənin içərisində yazılan tarixlər yeni təqvimlədir–müəllif) :
I mərhələ - martın əvvələri–15 (27) mart 1918–ci il (400 erməni əsgərinin Kürdəmirdən Şamaxıya doğru irəlləməsi ilə başlayıb, 15(27) martda dini rəhbərlərin razılaşması ilə müvəqqəti dayandırılıb.)
Birinci mərhələdə erməni quldurlara qarşı yerli əhalinin qəhrəmancasına müdafiəsinə aid uzun müddət gizli saxlanılmış bir hadisə baş vermişdir.
Pirəmşaq döyüşü
Erməni-bolşevik qüvvələrinin 1918-ci ildə törətdiyi mart soyqırımı və vəhşilikləri haqqında çox yazılsa da, soyqırımı törədən cinayətkarlara qarşı əhalinin müqaviməti, göstərdiyi qəhrəmanlıqlar tədqiqiata çox az cəlb edilib. Erməni quldurlarına qarşı müqavimətin nümunəsi kimi Ağsu yaxınlığında erməni quldurlarından müdafiə məqsədilə baş verən Pirəmşaq döyüşünü göstərmək olar. Pirəmşaq döyüşünü 1918-ci ildə erməni soyqırımına qarşı təşkil edilən ilk ən böyük müdafiə döyüşü adlandırmaq olar. Çünki Şamaxıda, Bakıda,Qubada və s. yerlərdə erməni soyqırımı baş verməzdən əvvəl, erməni vəhşiliklərini qabaqcadan görən qeyrətli insanlar müdafiə döyüşünü təşkil ediblər. Əslən Ağsunun Bico kəndindən olan Zəka Mirzəyevin “Azərbaycan” qəzetinin 02 aprel 2013-cü il tarixli sayında “Pirəmşaq döyüşü” adlı məqaləsində ermənilərə qarşı müqavimət göstərmiş yerli əhalinin qəhrəmanlığından ətraflı bəhs edib.
Pirəmşaq döyüşünə səbəb 1918-ci il martın əvvəllərində rus-türk cəbhəsindən geri dönən 400 nəfər erməni əsgərinin Kürdəmirdən Ağsu istiqamətində Şamaxıyaqayıdarkən törətdikləri vəhşiliklər olub. 1918-ci ildə digər müsəlman kəndləri kimi Bico kəndi də taleyin ümidinə buraxıldı. O zaman Şamaxıda yaşayan, nüfuz sahibi Babaş əfəndi Mikayılzadənin məsləhəti ilə Şahalı yüzbaşı Biconun müdafiəsi üçün qadınları və uşaqları dərələrdə gizlədir. Erməni quldurlar Bağırlı, Ləngəbiz və Qəşəd kəndlərini viran qoyub Bicoya yaxınlaşdıqda, Şahalı yüzbaşı quldur dəstəsinin qarşısına çıxır, kəndə girməyəcəkləri təqdirdə onlara mal-qara, qızıl təklif edir. Ermənilər razılaşmayıb onsuz da kəndi ələ keçirib talan edəcəklərini bildirirlər. Balta, yaba,xəncər, dəryaz və bir neçə tüfənglə silahlanan bicolular Pirəmşaq deyilən ərazidə təxminən 400 nəfərdən ibarət erməni hərbi dəstəsinin qarşısına çıxır. Kəndin yaşlı insanlarının söylədiklərinə görə, bu döyüşdə tüfəngdən açılan ilk atəşlə erməni hərbi dəstəsinin başçısı öldürülür, düşmənin çaşbaş düşdüyünü görən bicolular hücuma keçirlər. Özləri də tələfat vermələrinə baxmayaraq, onlar erməni silahlı dəstəsini darmadağın edir, bununla da kənd əhalisini soyqırımdan xilas edirlər. Pirəmşaq döyüşündə ermənilərdən cəmi altı nəfər sağ qalsa da, dördü Bico kəndinin yaxınlığında öldürülür, ikisi isə Şamaxıya gələrək, Bakıdan kömək istəyirlər.
II mərhələ - 18 (30) mart-28 mart (09 aprel) 1918-ci il. (1918–ci il martın 18- də (30) başlayıb və martın 28-də (aprelin 9-da) İsmayıl bəy Ziyadxanovun dəstəsinin Şamaxını azad etməsi ilə müvəqqəti qarşısı alınıb.)
Pirəmşaq döyüşündən sonra daha da azğınlaşan ermənilər dərhal Bakıdakı ermənilərdən kömək istəyir. Bakıdan S.Lalayanın rəhbərliyi ilə az müddət ərzində müxtəlif silahlarla təhciz edilən 3 min erməni18 (30) martda Şamaxıya gələrək martın 28-nə (aprelin 9-da) kimi yerli əhaliyə qarşı soyqırım həyata keçiriblər.
3 min erməninin Şamaxıya göndərilməsindən xəbər tutan Müsəlman İcraiyyə Komitəsinin yerli şöbəsi Şamaxı əyalət rəisi Hacıcamalbəyovu, əyalət qazisi Abdulxalıq Əfəndi Əfəndiyevi və erməni yepiskopunu onlarla danışıqlara göndərmişdi. Nümayəndə heyəti onlardan geri qayıtmalarını xahiş etdikdə, erməni quldur dəstəsinin başçısı cavabında bildirmişdi ki, “biz bura qayıtmaq üçün deyil, Şamaxını yerlə-yeksan etməyə, müsəlman əhalini tamamilə qırmağa gəlmişik”.
Bundan sonra nümayəndə heyəti Şamaxıya qayıdaraq vəziyyətdən çıxış yolları axtarmağa başlamışlar. Ertəsi gün erməni yepiskopu Baqrat və molokanların nümayəndəsi Karabanov Müsəlman İcraiyyə Komitəsinin Şamaxı şöbəsinə gələrək Xaç və İncil qarşısında azərbaycanlılarla sülh və qardaşlıq şəraitində yaşayacaqlarına və heç vaxt onlara qarşı silahlı çıxış etməyəcəklərinə and içərək söz vermişlər. Səhəri günü 18 mart 1918-ci il tarixdə səhər saat 6-00 da ermənilər Şamaxını mühasirəyə alaraq 10 topdan, yüzlərlə pulemyotlardan və digər silahlardan şəhəri atəşə tutmuşlar. Bundan sonra şəhərin bir neçə məhəlləsində yanğın- lar başlamışdı. Həmin gün axşam müdafiəsiz qalan şəhər əhalisi təslim olmağa məcbur olmuşdu. Bundan sonra ermənilər dinc əhaliyə qarşı dəhşətli soyğunçuluq və qırğınlar törətməyə başlamışlar. Şamaxıya daxil olan erməni yaraqlıları şəhəri yenidən talan etmişlər. Şəhərdə az-çox salamat qalmış tikililər yandırılmış, şəhər yaxınlığında olan qəbristanlıqlar təhqir edilmişdi. Şamaxıda ermənilər törətdikləri qətlləri xüsusi qəddarlıqla həyata keçirmişlər. Belə ki, qətl edilənlərin qolları, qıçları, burunları, qulaqları kəsilmiş, gözləri çıxarılmış, qarınları yırtılmış, yandırılmış, çox böyük əziyyətlərlə öldürülmüşlər. Şamaxı hadisələri ilə bağlı “Azərbaycan” qəzetinin 1918–ci il 19 saylı buraxılışında gedən bir yazıda qeyd olunmuşdu ki, S.Lalayevin Şamaxı müsəlmanlarına tutduğu divan bizim bu müharibə dövründə üzləşdiyimiz bütün dəhşətləri geridə qoyur. Şamaxıda qırğına rəhbərlik edən S. Lalayevin qəddarlığı o həddə çatmışdır ki, bu hətta onun silahdaşları olan T. Əmirov və İ. Boqomolovun da narazılığına səbəb olmuşdu. İ. Boqomolovun A. Caparidzenin adına göndərdiyi müraciətdə deyilirdi: “Bir daha sizdən xahiş edirəm ki, cəllad Lalayevi həbs edəsiniz. O, çoxlu sayda qadın və uşaq öldürmüş, evləri qarət etmişdir. Əmirov onu, həbs etmək istədikdə, qaçıb gizlənmişdir. Hamı təsdiq edir ki, o, məscidi yandırmış və orada çoxlu qadın qətlə yetirmişdi.” Lakin bu müraciətə A. Caparidzedən heç bir cavabı olmamışdır. Çünki o, S. Lalayevi himayə edən S. Şaumyanın onun həbsi ilə bağlı hərbi–istintaq komissiyasının sədri Kojemyakoya etdiyi etirazdan xəbərdar idi.
Şamaxıda baş verən cinayətlərin daha qəddarlıqla həyata keçirilməsində rus və erməni millətçilərinin anti–türk, anti-müsəlman siyasəti ilə yanaşı, S.Lalayevin şəxsi intiqam hissi, yerli əhaliyə bəslədiyi kin–küdurətin də müəyyən təsiri olmuşdur. O,1905–1906–cı illərdə baş vermiş erməni–müsəlman qırğınları zamanı öldürülmüş atasının və əmisinin intiqamını şamaxılılardan almaq üçün dinc əhaliyə qarşı görünməmiş vəhşiliklər törətmişdi.Lakin faktlar sübut edir ki, 1905–1906–cı illərdə onun atası və əmisi öz cinayətkar əməllərinin qurbanı olmuşlar. Bakı Mixaylov xəstəxanasının sənədlərinə görə, 1905-ci ilin 6 fevralında erməni milyonçuları Balabek Lalayevin, Artyom Babayantsın, İsay Ter Osipovun və başqa maqnatların havadarlığı ilə terror qrupu 18 adamı öldürmüş və 33 nəfəri yaralamışdır. Onların 34-ü azərbaycanlı, 6-cı rus, qalanları başqa millətlərin nümayəndələridir. Həmin cinayətkar qrup ertəsi gün 100-dək dinc vətəndaşı öldürmüş və yaralamışdı.
Şamaxıda ermənilərin törətdikləri vəhşiliklər o qədər dəhşətli olmuşdu ki, hətta nə qədər çalışsalar da o dövrdəki bolşevik mətbuatı da bu faciəyə öz münasibətini gizlədə bilməmişdi. Lakin onlar müsəlman əhaliyə qarşı edilən bu vəhşiliklərə “dinc əhaliyə qarşı da bəzi haqsızlıqlar törədildi” kimi loyal münasibət bəsləməklə kifayətlənmişlər.
S.Lalayev və T.Əmirovun rəhbərliyi ilə təkcə Şamaxı şəhərində bir neçə gündə minlərlə müsəlman qətlə yetirilmişdir. O dövrdə Şamaxının adlı-sanlı şəxsiyyətlərindən olan Molla Cəfərqulu Axund, şəhər hakimi Teymur bəy Xudaverdov, birinci dövlət dumasına Şamaxıdan deputat seçilmiş Məmməd Əliyev, Molla Hacı Məhyəddin Əfəndi, Hacıbaba Abbasov, Əşrəf Hacıyev, Hacı Əbdül Xəlil Əhmədov, Ağa Əhməd Əhmədov, Hacı Qəni Zeynal, Hacı Əbdül Hüseyn Zeynalov, Hacı İsrafi l Məmmədov, Mir İbrahim Seyidov, Hacı İbrahim Salamov, Hacı Əbdül-Qasım Qasımov, Əyyubağa Veysov, Zeynəb xanım Veysova, Əliabbas bəy İbrahimbəyov, Ələkbər Qədirbəyov, Əbdürəhim ağa Ağalarov, Zəkəriyyə Əfəndi Mehdi Xəlil oğlu, Ziyəddin Abdullayev, Hacı Molla Həsən Zeynalov, Mahmud Hacıağa oğlu və bir çox başqaları da öldürülənlərin arasında idi.
Şamaxıda bu dövrdə ermənilər tərəfindən 13 məhəllə məscidi və məşhur müqəddəs ocaq-Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan, 743-cü ildə inşa edilmiş Cümə məscidi də yandırılmışdı. Bu məscid müsəlmanlara həm bir qibləgah, həm də qədim abidə kimi əziz idi. Çoxlu sayda qadın və uşaq həyatlarını xilas etmək üçün bu məscidə pənah gətirmişdi. Onlar belə hesab edirdilər ki, əhali arasında böyük nüfuza malik olan Molla Cəfərqulu Axundun da içərisində olduğu allah evinə ermənilər toxunmağa cürət etməzlər. Lakin erməni quldurları məscidə daxil olan kimi Axundun gözlərini çıxarmış, dilini, qulağını, burnunu kəsmiş, diri–diri dərisini soyaraq güllələmişdilər. Bundan sonra dinc əhalini məscidə yığaraq yandırmışlar.
Ermənilər Bico əhalisindən qisas ala bilmədikləri üçün buradakı məğlubiyyətin səbəbkarlarından biri hesab etdikləri Babaş əfəndi Mikayılzadənin hər iki qaynını Şamaxıda ailə üzvləri ilə birlikdə işgəncə ilə öldürürlər. O zaman Babaş Əfəndinin qaynının iki övladı dağ yolu ilə qaçıb Bicoya gəlməyi bacarırlar.Çox keçmədən Babaş Əfəndi bu vəhşiliyi törədən üç daşnak qa-tilinin hər birini yaxalayaraq onlardan qisasını ala bilir. Ermənilər Səndələn (Bico) zirvəsində iki döyüş topu yerləşdirərək Bico kəndini atəşə tutur, nəticədə, kənddəki bir neçə tikili ilə yanaşı, XII əsrə məxsus məscid də dağıdılır. Bicolular kənd əhalisini qırğına verməmək üçün onları Ağsu, sonra da Göyçay istiqamətinə köçürür və bununla da kənd əhalisinin soyqırıma məruz qalmasına imkan vermirlər. Buna görə də Fövqəladə İstintaq Komissiyasının sənədlərində soyqırıma malik kəndlər içərisində Biconun adına rast gəlinmir.
Yelizavetpol (Gəncə) Müsəlman Milli Şurasının sədri Xasməmmədov 1918–ci il martın 28-də Seymin və Cənubi Qafqaz hökumətinin sədrinə göndərdiyi teleqramında yazırdı ki, martın 18-də bolşeviklər tərəfi ndən Bakıdan 2000 yaxşı silahlanmış top və pulemyota malik olan əsgər dəstəsi Şamaxı qəzası istiqamətində yola salınmışdır. Dəstə yol boyu 15-dən çox müsəlman kəndini məhv edərək, Şamaxı şəhərini darmadağın etmişdir. Minlərlə müsəlman, o cümlədən qadın və uşaqlar qılıncdan keçirilmişdir.Faciəni təsvir etmək olmur. Təhqir və zorakılıqlar həddini aşmışdır. Təcili hökumətin köməyi lazımdır.
Azərbaycan nümayəndələrinin tələbi ilə Cənubi Qafqaz Seymi Bakı Sovetinə qarşı 100 min manat pul, piyada qoşun və süvari hissələri, iki təyyarə, zirehli qatar, çoxlu silah və sursat ayırmışdı.
İsmayıl bəy Ziyadxanovun martın 28-də (aprelin 9-da) Şamaxıya gələn süvari dəstəsi sayca az olmasına baxmayaraq düşməni məğlub etdilər. Düşmən Şamaxının malakanların yaşadığı Qozluçay kəndi istiqamətində geri çəkilməyə məcbur oldu. Şamaxıdan qaçan ermənilər malakan kəndlərinə sığanaraq Bakıdan kömək istədilər. İsmayıl bəy Ziyadxanov malakanlardan erməni quldurlarını təslim etmələrini tələb edərək onlara 2 gün vaxr verdi. Lakin malakanlar bu tələbi yerinə yetirməkdən imtina etdilər.
Bundan sonra Bakı sovetinin Şamaxı istiqamətində erməni quldurlarına kömək üçün yeni dəstələr göndərməsi ilə martın 31-də (12 aprel) İsmayıl bəy Ziyadxanovun dəstəsinin Şamaxını tərk etdi. Buna baxmayaraq erməni quldurları martın 31-dən (12 aprel) 6 aprelə (18 aprel) kimi Şamaxıya qayıtmağa cürət etmədilər. Onlar 6 gün gözlədikdən və İ. Ziyadxanovun dəstəsinin Şamaxıdan getməsinə tam əmin olduqdan sonra yenidən Şamaxıya qayıtdılar. Bunula da soyqırımın üçüncü mərhələsi başladı.
III mərhələ - 6 aprel (18 aprel) –20 iyul (01 avqust) 1918–ci il. ( İsmayıl bəy Ziyadxanovun dəstəsinin Şamaxını tərk etməsindən, martın 31– dən 6 gün sonra Şamaxının yenidən ermənilər tərəfindən tutulması ilə, yəni 1918–ci il aprelin 6-dan (18) başlayıb və Qafqaz İslam Ordusu ilə birlikdə milli ordunun iyulun 20-də (avqustun 1-də) Şamaxını azad etməsinə qədər davam edib.
1918-ci il aprelin əvvəllərində Zaqafqaziya Seyminin göstərişi ilə knyaz Maqalovun komandanlığı ilə 2 minə yaxın silahlı dəstə Tiflis və Gəncə tərəfdən irəliləyərək, Hacıqabul stansiyasını tutdu. Eyni zamanda şimaldan, Dağıstan tərəfdən, Bakı istiqamətində N.Qotsinskinin dağlılardan ibarət dəstələrinin qubalı Əli bəy Zizinskinin döyüşçüləri ilə birlikdə Xırdalana kimi gəlməsinə baxmayaraq, qüvvələr nisbətinin qeyri-bərabər olması onları geri çəkilməyə məcbur etdi. Bunula da azərbaycanlılara qarşı erməni qırğınlarının qarşısını almaq mümkün olmadı.
“Əhməd və Qumru” hekayəsi
1918-ci il hadisələri ilə bağlı müxtəlif ideoloji mövqedə olmalarına baxmayaraq M.Ə. Rəsulzadə, N.Nərimanov və digər şəxslər öz münasibətlərini bildirmişlər. Bu hadisələr bədii ədəbiyyatda da öz əksini tapmışdır. Üzeyir Hacıbəyov, Məhəmməd Hadi, Mirzə Bala Məhəmmədzadə, İbrahim Xəlil və digər sənətkarlar bu mövzuda müxtəlif əsərlər yazmışdılar. Bu əsərlər içərisində Cəfər Cabbarlının şamaxılı iki gəncin faciəsindən bəhs edən “Əhməd və Qumru” hekayəsi diqqəti özünə cəlb edir. Hekayə şamaxılı iki gəncin-Əhməd və Qumrunun saf və ülvi məhəbbətindən, mart faciəsinin bu günahsız şəxslərə gətirdiyi müsibətlərdən bəhs edir. Əsərdə valideynləri erməni quldurları tərəfindən qətlə yetirilmiş, evləri dağıdılmış Əhməd və Qumru “Böyük pəncərələri qara kömürlərə dönmüş, altun divarları matəmlərə bürünmüş”, “əti tökülmüş baş skeletinə bənzəyən möhtəşəm” İsmailiyyə binasının önündə dilənçi vəziyyətində qarşılaşırlar. Faciə və məhrumiyyətlərin məngənəsində tanınmaz hala düşmüş, “Yaralıyam, şikəstəm, Şamaxı əsiriyəm”,-yalvarışlarından bir-birini çətinliklə tanıyan iki sevgili görüşlərinə sevinsələr də, bir-birini qucaqlamırlar, daha doğrusu, qucaqlaya bilmirlər. Çünki erməni vəhşilər onların qollarını kəsmişdilər.
Fövqəladə İstintaq Komissiyası fəaliyyəti
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1918–ci il iyulun 15-də müsəlman əhaliyə qarşı həmin ildə törədilmiş cinayətləri tədqiq etmək üçün Ələkbər bəy Xasməmmədovun rəhbərliyi altında GəncəDairə Məhkəməsinin üzvləri İsmayıl bəy Şahmaliyev və Andrey Fomiç Novatski, həmin məhkəmənin prokuroru Nəsrəddin bəy Səfikürdski, Nikolay Mixayloviç Mixaylov, V.Qudvillo və Mirzə Cavad Axundzadədən ibarət Fövqəladə İstintaq Komissiyası yaratmışdı.
Fövqəladə İstintaq Komissiyası Şamaxı şəhərində törədilən cinayətlərdə əslən Şamaxıdan olub Bakı şəhərində yaşayan Stepan Lalayevin, Şamaxı şəhərinin sakinləri Qavril Karaoğlanovun, Arşak Gülbəndiyanın, Mixail Arzumanovun, Karapet Karamanovun, Armenak Martirosyantsın, Aleksandr Xaçaturovun, Mixail Xaçaturovun və başqalarının, cəmi 31 nəfərin Şamaxı qırğınlarının başlıca caniləri olduqlarını faktlarla sübut etmişdi.
Komissiyanın Şamaxı şəhəri və ona qonşu olan kəndlərdə ermənilər tərəfi ndən törədilən soyqırım hadisələri haqqında topladığı 7 cild, 925 səhifədən ibarət araşdırma materialları ermənilərin cinayətlərinin ifşasında mühüm əhəmiyyət kəsb edir.
Fövqəladə İstintaq Komissiyası Şamaxı ilə yanaşı digər ərazilərdə də ermənilərin törətdikləri vəhşilikləri də tədqiq etmişdir. Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, ermənilər
Azərbaycan nümayəndə heyəti Paris sülh konfransında Fövqəladə İstintaq Komissiyasının materiallarının bir hissəsindən istifadə etmişdir. Bundan başqa Komissiyanın materiallarının bir qismi 1919–cu ildə, İstanbulda 73 səhifəlik “Müsəlman əhaliyə qarşı erməni vəhşiliyi haqqında sənədlər” məcmuəsində fransız dilində nəşr olunmuşdur. Bütün bunlar baş vermiş cinayətlərin beynəlxalq aləmə çatdırmasında ilk cəhdlər olsa da o zaman üçün böyük əhəmiyyət kəsb edirdi.
Fövqəladə İstintaq Komissiyasının fəaliyyət göstərdiyi il yarım ərzində müxtəlif siyasi və millətçi partiyaların bayrağı altında fəaliyyət göstərən ermənilər tərəfindən Cənubi Qafqaz ərazisində əhaliyə qarşı törədilmiş cinayətlər barədə 35 cildlik, 3500 cəhifəlik materiallar toplanmışdı. Bunların əsasında 128 məruzə hazırlanmış və 194 nəfər barədə cinayət işi qaldırılmış,bundan əlavə minlərlə cinayətkarın adları dəqiqləşdirilmişdi. Komissiya həmçinin Parisdəki Azərbaycan nümayəndə heyətinə göndərmək üçün 95 foto şəkildən ibarət 6 cildlik əlavə material və 80 diapozitiv hazırlamışdı.
Lakin təəssüf ki, Azərbaycanın müstəqilliyinin de-fakto tanınmasından (11 yanvar 1920–ci il) dərhal sonra qərb ölkələrinin təzyiqi ilə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 2 fevral 1920–ci il tarixdə qəbul etdiyi aministiya haqqında qanun 1918–ci il soyqırım hadisəsi ilə bağlı məsuliyyətə cəlb olunmuş cinayətkarların cəzalandırılmasının qarşısını aldı. Qanunun 2-ci maddəsi ilə “milli düşmənçilik zəminində baş vermiş cinayətlərəgörə məsulyyətə cəlb olunanlar” təqibdən və cəzadan azad olunur, 10-cu maddəyə görə isə Fövqəladə İstintaq Komissiyasının araşdırması nəticəsində qaldırılmış bütün cinayət işlərinə həmişəlik xitam verilirdi. Fövqəladə İstintaq Komissiyası çox böyük çətinliklər bahasına cinayətkarların çüzi hissəsi, 194 nəfərinə cinayət işi qaldırsa da, amnistiya qanununun qəbulundan sonra onların hamısı sərbəst buraxılmışdı. Pul kompensasiyası iləzaminə buraxılmışların hətt a pulları da geri qaytarılmışdı. Lakin Şamaxıda qanlı cinayətlərə başçılıq etmiş Stepan Lalayev cəzadan qurtara bilməmiş, öz əcəli ilə olsa da həbsxana divarları arasında ölmüşdü.
Şamaxıda 1918–ci ilin mart–aprel aylarında öldürülənlərin sayı haqqında müxtəlif məlumatlar mövcuddur. Bəzi məlumatlarda öldürülənlərin sayı 7 min, bəzilərində 8 minə qədər, bəzilərində 8–12, bəzilərində isə 40 minə qədər olduğu göstərilir. 1920-ci ildə mühacir ədəbiyyatında öldürülənlərin sayı bir mənbədə 12 minə qədər, digər bir mənbədə isə 17 min nəfər olduğu göstərilir. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən Fövqəladə İstintaq Komissiyası 1918–ci ilin mart–aprel aylarında Şamaxı qəzasının azərbaycanlılar yaşayan 58 kəndinə ermənilərin hücumu zamanı ölənlərin sayının və kimi olduğunu dəqiq müəyyən etmişdir. Ekspertlərin arxivdəki aktlarda olan rəqəmlər üzrə hesablamalarına görə Şamaxı qəzasının 53 kəndində ermənilər 8027 nəfər azərbaycanlını qətlə yetirmişlər ki, onlardan da 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaq olmuşdur. Hesablamalara görə bu kəndlərə dəyən ümumi maddi zərər o dövrün qiymətləri ilə 339,5 milyon manat olmuşdur. Digər mənbədə isə Şamaxının 72 kəndində ermənilərin 7 min nəfəri, o cümlədən 1653 qadın və 965 uşağı qətlə yetirdiyi bildirilir.
Bu dövrdə Şamaxı qəzasında 120 kənd olmuşdur ki, bunlardan da 86-sı erməni təcavüzünə məruz qalmışdı. Göründüyü kimi, komissiya öz işini dayandırdığından, soyqırıma məruz qalmış digər 33 kənd haqqında məlumat toplamaq mümkün olmamışdı.
Komissiya topladığı sənədlər vasitəsilə bolşevik və erməni cinayətkarlar tərəfindən azərbaycanlılara qarşı soyqırım cinayətlərinin törədilməsi təsdiq edilməsinə baxmayaraq çox təəssüf ki, cinayətkarların cəzalandırılması mümkün olmamışdır. Buna 1920-ci ilin fevralında Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin qəbul ediyi amnistiya haqqında qanun və Sovet Rusiyası tərəfindən Azərbaycanın 27 aprel 1920-ci il tarixdə işğal edilməsi imkan verməmişdi. İşğaldan sonra problemin obyektiv tədqiqi əvəzinə Moskvanın göstərişi ilə Azərbaycan xalqına “dostu düşmən, düşməni dost” kimi təqdim edərək “26 Bakı komissarı” kimi saxta tarixi əfsanələr uydurulmuşdu. Sovet dövründə azərbaycanlılara qarşı törədilmiş cinayətlərin əsas təşkilatçıları “xalq qəhrəmanları” kimi qələmə verilərək, onların şərəfinə abidələr ucaldılmışdı.
Dövlət müstəqilliyinin bərpasından sonra görülmüş işlər
Ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanının
mart 1998-ci il) 1918-ci ilin martında törədilmiş cinayətlərin elmi şəkildə tədqiq edilərək geniş ictimaiyyətdə çatdırılmasında müstəsna rolu oynamışdır. Fərmanda deyilir:“Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yan-dırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir...”
Fərmandan sonra mövzuya aid müxtəlif dillərdə çoxlu sayda kitab və məqalə nəşr olunmuşdur.
1918-ci il hadisələri ilə bağlı araşdırmaları davam etdirmək üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu Fövqəladə İstintaq Komissiyasının Azərbaycan Respublikası Milli Arxiv İdarəsində saxlanılan 3 cilddən ibarət cinayət işinin materiallarını “Soyqırımı memorial kompleksi”nin işində istifadə olunması, araşdırılması, geniş ictimaiyyətə və beynəlxalq aləmə çatdırılması üçün Heydər Əliyev Fonduna təqdim edib. Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı: Azərbaycan” layihəsi çərçivəsində Şamaxıda 1918-ci ildə ermənilər tərəfindən yandırılmış Cümə məscidinin yenidənqurulması da tarixi ədalətin bərpası sahəsində görülən müsbət işlərdəndir. Bu sahədə görülmüş müsbət işlər hazırda daha geniş miqyasda davam etdirilir.
Şamaxı soyqırımı ilə bağlı faktlar beynəlxalq aləmdə terrorizmə qarşı mübarizə aparıldığı hazırki vaxtda mühüm aktuallıq kəsbedir. Buna görə də bu faktlar obyektiv şəkildə yenidən araşdırılmalı və Şamaxı soyqırımı ilə bağlı həqiqətlər beynəlxalq aləmə çatdırılmalıdır.
Məhərrəm Zülfüqarlı Tarix üzrə elmlər doktoru, professor