Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov Kiyevdə Zelenskinin ofisi və parlament binasının Rusiyanın hədəfində olmadığını deyib
Kartapolov bildirib ki, Ukrayna parlamenti, Ali Rada və Prezident Zelenskinin ofisi hərbi mənada "qərar qəbuletmə mərkəzləri" hesab edilmir.
"Ali Rada qərar qəbuletmə mərkəzi deyil. Rusiyada Dövlət Duması kimi. Parlament üzvləri ordulara komandanlıq etmir, hücumların harada və nə vaxt həyata keçiriləcəyinə qərar vermirlər" – deyə Kartapolov bildirib.
Zelenskinin ofisi haqqında da danışan rusiyalı rəsmi Ukrayna liderinin binada olmadığını iddia edib: "Zelenski orada görünmür. O, bunkerdədir. Buna görə də həmin binaya zərbə endirməyin heç bir hərbi əhəmiyyəti yoxdur".
Rusiyalı qanunverici iddia edib ki, Moskvanın əsas məqsədi Ukrayna Silahlı Qüvvələrinə məxsus gizli və mühafizə edilən komandanlıq mərkəzlərini müəyyən etməkdir. Kartapolov bu nöqtələrin Kiyevin mərkəzində yerləşmədiyini, möhkəmləndirilmiş gizli bazalar olduğunu iddia edərək, Rusiya ordusunun bu hədəfləri mövcud silah sistemləri ilə aşkar etməyə çalışdığını bildirib.
Tahir TAĞIYEV