Məhəmməd Əsədullazadə: “Belə bir mötəbər qurumda ərazi bütövlüyü məsələsinin prinsipial olaraq vurğulanması Azərbaycan, Ukrayna və Moldova üçün əsas siyasi dəstək oldu”
Dekabrın 12-də Avropa Parlamentinin (AP) Strasburqda keçirilən plenar sessiyasında Avropa İttifaqının (Aİ) xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Moqerininin iştirakı ilə növbəti “Xarici işlər və təhlükəsizlik siyasətinə dair illik hesabat” sənədi qəbul edilib.
Hesabat əhəmiyyətinə görə AP-nin Xarici Əlaqələr Komitəsinin il ərzində hazırladığı və qəbul etdiyi ən vacib sənəd hesab olunur. Müəllifi komitənin sədri Deyvid Makkalister olan bu sənəd doktrinal xarakter daşıyır və bir qayda olaraq, Aİ və onun üzv dövlətləri tərəfindən yürüdülmüş xarici siyasətin illik nəticələri və perspektivlərini əhatə edir. Sənədin mətnində son illər “Şərq Tərəfdaşlığı” ölkələrindən yalnız Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə dəstək ifadə olunurdu.
Böyük səs çoxluğu ilə (408 lehinə, 132 əleyhinə) qəbul edilmiş builki hesabatın mətnində ölkəmiz üçün prinsipial maraq kəsb edən müddəalar əks olunub. Belə ki, sənədin 20-ci bəndində Ukraynadakı müharibə misal gətirilərək, ilk dəfə olaraq bütün “Şərq Tərəfdaşlığı” ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə öhdəlik ifadə edilir. Digər tərəfdən, hesabatın əvvəlində suverenlik, ölkələrin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə bütün Aİ üzv dövlətləri tərəfindən hörmət edildiyi qeyd olunur, bu xüsusda Aİ-nin icbari Qlobal Strategiya sənədinə istinad edilir. AP-nin ermənipərəst üzvləri tərəfindən həmin müddəaların mahiyyətini təhrif edən düzəliş irəli sürülsə də, qurumun üzvlərinin böyük çoxluğu bu düzəlişin əleyhinə səs verib.
Maraqlıdır, bəs siyasi ekspertlər bunun əhəmiyyətini necə dəyərləndirirlər?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, belə bir sənədin qəbulu Helsinki Yekun Aktına əsaslanır: “Avropa İttifaqının artıq ərazi bütövlüyü məsələsində yekdil olduğu bir daha bununla təsdiqləndi. Çünki separatizm və xalqların müqəddəratı prinsiplərinə dolayı dəstək Avropa üçün bumeranq effekti verdi. Son Kataloniya hadisələri bir daha Avropa üçün siqnal oldu. Azərbaycan, Ukrayna, Moldova, Gürcüstan, Belarus və Ermənistan “Şərq Tərəfdaşlığı”nın üzvüdürlər. Belə bir mötəbər qurumda ərazi bütövlüyü məsələsinin prinsipial olaraq vurğulanması Azərbaycan, Ukrayna və Moldova üçün əsas siyasi dəstək oldu. Çünki bu ölkələr işğal və separatizmdən əziyyət çəkirlər. Avropa bu qərarla göstərdi ki, heç vaxt işğal və separatizmlə barışmayacaq. Bu, xalqların inkişafı və dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığından irəli gəlir. Bu konsepsiyaya uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü bir daha təsbit olundu. Ermənistan tərəfindən işğal edilən Azərbaycanın 20 faiz ərazilərinin bir daha hüquqi və tarixi sahibinə aid olduğu qeyd edildi. Ermənistan da ərazi bütövlüyünə imza atan dövlətdir. Bu o deməkdir ki, rəsmi İrəvan da Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Hazırda bu sənəd və BMT qərarları imkan verir ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin etsin. Bu sənədin hüquqi və siyasi əhəmiyyəti yüksəkdir. Ermənistanın bununla bağlı siyasəti, demək olar ki, iflas etdi. Azərbaycanın ərazi bütövlüyünün Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Sammitində qorunması Avropada gələcəkdə belə presedentlərin qarşısının alınmasına yönəlib. Çünki İtaliya, Fransa və Belçikada hər an separatizmin təzahürləri ortaya çıxa bilər”.
Vidadi ORDAHALLI