Mehman Muradlı: “Bununla bir daha sübut olunur ki, ermənilər Azərbaycan torpaqlarını işğal edib, vətəndaşlarımıza külli miqdarda maddi ziyan vurublar”
Laçın rayonundan olan məcburi köçkünlər – Elxan və Adışirin Çıraqovlar, Fəxrəddin Paşayev, Akif Həsənov, Ramiz və Qaraca Cəbrayılovların Ermənistan Respublikası tərəfindən işğal edilmiş Laçın rayonuna qayıtmaq və öz mülkiyyətindən istifadə etmək, öz evlərində yaşamaq imkanından məhrum olunmaları barədə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə etdikləri şikayətləri üzrə məhkəmənin Böyük Palatasının yeni qərarı elan olunub.
Avropa Məhkəməsinin mətbuat xidmətindən verilən məlumata görə, qərara əsasən, Ermənistan hökuməti 3 ay ərzində şikayətçi olan məcburi köçkünlərin hər birinə maddi və mənəvi ziyana görə 5 min avro kompensasiya ödəməlidir. Bundan başqa, Ermənistan şikayət üzrə hüquqi yardıma görə 28 min 642 funt sterlinq ödəməlidir.
Məhkəmənin Böyük Palatasının qərarına əsasən, Ermənistan dövləti 3 ay müddətində məcburi köçkünlərin və onların vəkillərinin təzminatını ödəməsə, həmin məbləğin üzərinə əlavə faizlər (il ərzində 3 faiz) gələcək.
Qeyd edək ki, 2005-ci ilin aprel ayında Laçın rayonundan olan məcburi köçkünlər – Elxan və Adışirin Çıraqovlar, Fəxrəddin Paşayev, Akif Həsənov, Ramiz və Qaraca Cəbrayılovlar Avropa Məhkəməsinə ərizə ilə müraciət edərək Ermənistan Respublikası tərəfindən işğal edilmiş Laçın rayonuna qayıtmaq və öz mülkiyyətindən istifadə etmək, öz evlərində yaşamaq imkanından məhrum olunmaları barədə şikayət ediblər.
Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanı təsdiq etdiyi və Avropa Məhkəməsinin yurisdiksiyasına daxil olduğu gündən, yəni göstərilən ərizə ilə bağlı icraat başlananadək həmin məhkəmədə məcburi köçkünlərin və qaçqınların hüquqlarının müdafiəsi məqsədilə hökumətimiz zəruri tədbirlər görməyə başlayıb. Ermənistanın işğalçı siyasəti, Dağlıq Qarabağda cinayətkar rejimə hərbi, iqtisadi, siyasi, inzibati və digər dəstəyi barədə kifayət qədər sübutlar toplanıb.
2015-ci il iyunun 16-da Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası azərbaycanlı məcburi köçkünlərin şikayəti üzrə qərarını açıqlayıb. Qərarda qeyd olunub ki, öz əmlaklarına sahib çıxmaq hüququndan məhrum olunan məcburi köçkünlərin hüquqları pozulub.
Lakin maddi təzminatla bağlı hissə sonraya saxlanıb.
Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi bu qərarın nə kimi əhəmiyyəti var?
Hüquqşünas Mehman Muradlı qəzetimizə açıqlamasında bildirdi ki, bu işlə bağlı bütün cəmiyyət məlumatlıdır: “Çünki kifayət qədər ictimailəşmiş məsələdir. Azərbaycanlı köçkünlərin beynəlxalq hüquq müstəvisində Ermənistanı udması bizi sevindirir. Hesab edirəm ki, bu məsələ ilə bağlı qazanılan qələbənin hüquqi ilə yanaşı, həm də siyasi əhəmiyyəti var. Bununla bir daha sübut olunur ki, ermənilər Azərbaycan torpaqlarını işğal edib, vətəndaşlarımıza külli miqdarda maddi ziyan vurublar. Bu hal eyni zamanda başqa köçkünlər üçün də presedent yaradır. Onlar da kütləvi şəkildə Avropa Məhkəməsinə müraciət etməlidirlər. İşin xoşagəlməz tərəfi isə qaldırılan iddiaya çox gec baxılmasıdır. 2005-ci ildə olunan müraciətə indi cavab verilir. Ancaq yenə də ruhdan düşmək lazım deyil. Çünki burada cərimələnən Ermənistan olur. Eyni zamanda bütün beynəlxalq diqqət həmin prosesin mahiyyətinə yönəlir. İstənilən halda, sevindirici qələbədir. Davamı gəlməsinə çalışmalıyıq”.
Məhəmmədəli QƏRİBLİ