Elşən Mustafayev: “Amma bu 3 ölkə arasında ciddi birlikdən, sazişdən danışmaq çox tezdir”
Türkiyədə nəşr olunan “Milliyyet” qəzetinin köşə yazarı Üfüq Coşkun Vladimir Putinin Türkiyəyə səfərini şərh edərkən maraqlı açıqlama verib. Jurnalistin sözlərinə görə, Qüds məsələsində Türkiyənin ətrafında olan böyük ölkələrlə fikirləri üst-üstə düşür. Onun qənaətincə, bölgədə yeni güc mərkəzinin yaradılmasına ehtiyacı var. Bu blokda Türkiyə, İran, Rusiya bir araya gələ bilərlər.
Həmkarımız hesab edir ki, yaradılacaq bloka Azərbaycanın qoşulması da gözəl olar. Belə bir blokun yaradılması mümkündür?
Politoloq Elşən Mustafayevin sözlərinə görə, bloklar hər zaman reallıqdan yaranır: “Tarixə fikir versəniz görərsiniz ki, bəzən kökən düşmən olan ölkələr hansısa məqamda bir blokda təmsil olunublar. Bütün bu zərurəti diqtə edən situasiyadır. Hazırkı situasiya dediyiniz blokun yaradıla biləcəyilə bağlı fikri inandırıcı edir. Qüds məsələsində bu ölkələrin maraqları və fikirləri üst-üstə düşür. Amma bu ölkələrin bir blokda təmsil oluna biləcəyini yalnız deyilən faktor əsaslandırmır. Dünyada cərəyan edən son proseslər də bu ölkələri yaxınlaşdırdı. Xüsusilə də Suriyada baş verən hadisələrin son fazasında hər üç ölkə eyni mövqedən çıxış etdi. Faktiki olaraq, hazırda üç ölkə arasında qeyri-formal bloklaşma tendensiyası hiss edilir. Azərbaycana gəldikdə isə, biz bloklara qoşulmamaq kimi xarici siyasət kursu yürüdürük. Hər üç ölkə ilə Azərbaycanın normal ikitərəfli, hətta üçtərəfli formatda münasibətləri var. Bu baxımdan da bizim hansısa bloka qoşulmağımız lazım deyil. Çünki Azərbaycanın xarici siyasət kursunda prioritet olan məsələ yaxın qonşularla normal münasibətlərə sahib olmaqdır. Bunu da Azərbaycan qoruyub saxlayır. Tarixə nəzər salsaq görərik ki, İran, Türkiyə və Ruisiyanın münasibətləri müharibələrlə boldur. Bu müharibələrdə Rusiya həm Osmanlı, həm də Fars imperiyasına ciddi zərbələr vurub. Amma cari geosiyasi durum bu ölkələri çətin duruma salıb. Türkiyəyə sübut olundu ki, ABŞ və Qərbi Avropa hər cəhətdən səylər göstərirlər ki, Türkiyənin siyasi inkişafına müdaxilə etsinlər. Rusiya və ABŞ arasında olan proseslər də məlumdur. ABŞ bütün diqqətini Rusiya ilə bağlı olan sanksiyalara verib. Bu baxımdan dünyada müşahidə edilən reallıq bu 3 ölkənin müəyyən qədər yaxınlaşmasına əsas verə bilər. Amma bu 3 ölkə arasında ciddi birlikdən, sazişdən danışmaq çox tezdir. Çünki bir tərəfdən Türkiyə NATO-nun üzvüdür. ABŞ isə Türkiyənin NATO-dan çıxmasına razı deyil. Ona görə hesab edirəm ki, indiki reallıq bu ölkələr arasında hansısa müəyyən yaxınlaşmalara gətirib çıxara bilər və alyansdan, siyasi müttəfiqlikdən danışmaq çox tezdir”.
Məhəmmədəli QƏRİBLİ