Bu gün Azərbaycan üçün xüsusi aktuallıq kəsb edən məsələlərdən biri də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərinin hazırlanmasıdır. Çünki belə mexanizmlər olduğu halda BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrinin də icrası, nəhayət, baş tuta bilər ki, bu məsələ elə indinin özündə təkcə Azərbaycan yox, əslində dünya dövlətlərinin özü üçün də çox aktualdır. Ən azından ona görə ki, belə icra mexanizmlərinin yoxluğu şəraitində BMT-nin qəbul etdiyi bir çox sənədlər hələ də kağız üzərində qalıb. Azərbaycan isə bu problemin birdəfəlik aradan qaldırılmasını tələb edir.
Qeyd edək ki, cari ilin sentyabrında BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı zamanı da Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə xüsusi olaraq toxunmuşdu. Burada Prezident diqqətə çatdırmışdı ki, bütün aparıcı beynəlxalq təşkilatlar, o cümlədən BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Lakin bu qətnamələr icra olunmur. Diqqətə çatdırılmışdı ki, Ermənistan bu qətnamələrə və beynəlxalq ictimaiyyətin qərarlarına sadəcə əhəmiyyət vermir. Elə bu səbəbdən dövlət başçısı təklif edir ki, çox ciddi müzakirələr aparmaq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizmlərinin hazırlanması üçün tədbirlər görmək lazımdır. Bununla yanaşı, dövlət başçısı qeyd edib ki, siyasi nöqteyi-nəzərdən qətnamələrin icra olunması üçün vahid metodlar olmalıdır. Beləliklə, BMT-nin ali tribunasından İlham Əliyev bu qurumun Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, bununla da Ermənistanı işğalçı elan etdiyi və işğalçı qüvvələrin qeyd-şərtsiz Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən 4 qətnaməsinin işləmədiyini, kağız üzərində qaldığını beynəlxalq ictimaiyyətin diqqətinə bir daha çatdırdı. Eyni zamanda, icra mexanizmlərinin yaradılması üçün BMT-də islahatların aparılmasının zərurətini faktlar əsasında meydana qoymuş oldu. Siyasi təhlilçilər də bildirir ki, icra mexanizmlərinin olması, BMT Baş Assambleyası, həmçinin bu qurumun Təhlükəsizlik Şurası kimi mühüm orqanlarında islahatların keçirilməsi nəticə etibarı ilə bu təşkilatın imicinin bərpasına gətirib çıxara bilər. Çünki BMT-nin çox hallarda hansısa ölkə ilə bağlı qəbul etdiyi qətnamələr heç mürəkkəbi qurumamış həyata keçirilir, amma Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələr hələ də kağız parçası olaraq qalır. Nəzərə alaq ki, BMT nizamnaməsinin 25-ci maddəsinə əsasən, Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrası məcburidir. Belə olan halda aydın görünür ki, bu qurumun Qarabağ konflikti ilə bağlı nizamnaməsinin 25-ci maddəsinə əməl edilmir. Elə bu da ikili standartlar məsələsini meydana çıxarır. Azərbaycanın mövqeyinə görə, bu qurumda elə bir mexanizm formalaşmalıdır ki, qərar qəbul ediləndən dərhal sonra onun icra mexanizmi də işə düşsün. Bura BMT Təhlükəsizlik Şurasının 1993-cü il oktyabrın 14-də qəbul edilən 874 saylı qətnaməsi də daxildir.
Xatırladaq ki, hələ 1993-cü ilin avqustunda Ermənistan Füzuli rayonunu işğal etmək məqsədilə hərbi əməliyyatları gücləndirdi ki, bu da sonda BMT Təhlükəsizlik Şurasının sədri adından Qarabağ konflikti ilə bağlı bəyanatın yayılmasına səbəb oldu. Təhlükəsizlik Şurasının sədri bəyanatında bir daha Azərbaycan ərazilərinin işğal faktını təsdiq edərək, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu vurğulayırdı. Bəyanatda daha sonra qeyd olunurdu: “Təhlükəsizlik Şurası Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlərin pisləşməsi və onlar arasındakı gərginliklə əlaqədar ciddi narahatlıq keçirdiyini bildirir. Şura Ermənistan Respublikası hökumətini Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi ermənilərinin Şuranın 822 və 853 saylı qətnamələri ilə razılaşmalarına nail olmaq məqsədilə öz təsirindən istifadə etməyə çağırır. Şura, habelə, bu günlərdə Füzuli rayonunda döyüş əməliyyatlarının güclənməsindən dərin narahatlıq keçirdiyini bildirir. Şura əvvəllər Azərbaycan Respublikasının Kəlbəcər və Ağdam rayonlarına müdaxiləni və onların işğalını pislədiyi kimi, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindən Füzuli rayonuna edilən hücumları da pisləyir. Şura bütün hücumların dayandırılmasını və bölgədə sülh və təhlükəsizlik üçün qorxu törədən hərbi əməliyyatların və bombardmanların dərhal dayandırılmasını tələb edir, habelə işğalçı qüvvələrin Füzuli zonasından, həmçinin Azərbaycan Respublikasının Kəlbəcər, Ağdam rayonlarından və bu yaxınlarda işğal olunmuş başqa rayonlarından dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edir”. Lakin həmin dövrdə qəbul edilən bu bəyanatın və bundan əvvəlki iki qətnamənin icra edilməməsi sonda BMT Təhlükəsizlik Şurasının 1993-cü il oktyabrın 14-də sayca üçüncü olan 874 saylı yeni qətnaməsini qəbul etməsilə nəticələndi. Sözügedən qətnamədə 822 və 853 saylı qətnamələrdə göstərilən şərtlər bir daha təsdiq edilərək bildirilirdi ki, Ermənistan və Azərbaycan arasında münasibətlərdəki gərginlik bölgədə sülh və təhlükəsizlik üçün qorxu mənbəyidir. Qətnamədə, həmçinin, Azərbaycanda böyük sayda mülki şəxslərin köçkün vəziyyətinə düşməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurası özünün ciddi narahatlığını ifadə edirdi. Yeni qətnamədə münaqişənin həlli məqsədilə Minsk Qrupu tərəfindən hazırlanan “Təxirəsalınmaz tədbirlərin yeniləşdirilmiş cədvəli” təqdir olunur və bunun əsasında problemin həllinin mümkünlüyündən bəhs edilirdi. Əvvəlki qətnamələrdə olduğu kimi, yeni sənəddə də Ermənistan və Azərbaycan arasında yaranan gərginlikdən, Azərbaycan ərazilərinin işğal edilməsindən narahatlıq ifadə edilir, dövlətlərin ərazi bütövlyünün toxunulmazlığı bir daha təsdiq olunurdu. Bütün bunlar beynəlxalq diplomatiyada üstünlüyün tədricən Azərbaycan tərəfinə keçdiyini göstərirdi. Lakin hərb sahəsində erməni işğalına tam son qoymağa imkan vermirdi. Ermənistana xaricdən verilən dəstək nəticəsində isə bu ölkənin işğalçı qüvvələri 1993-cü ilin oktyabrında Zəngilan rayonunu tutdu. Özü də bu, ATƏM sədrinin bölgədə səfərdə olduğu bir vaxtda baş verdi. Ermənistanın beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə etinasızlığı üzündən 1993-cü il noyabrın 11-də BMT Təhlükəsizlik Şurası Azərbaycanın növbəti müraciətinə baxaraq, sayca dördüncü olan 884 saylı qətnamə qəbul etdi. Yeni qətnamədə Horadiz qəsəbəsinin və Zəngilan rayonunun işğal edilməsi faktından narahatlıq ifadə edilirr və bir daha işğalçı qüvvələrin bu və digər ərazilərdən çıxarılması tələb olunurdu.
Burada bir daha Dağlıq Qarabağ regionunda və onun ətrafında münaqişənin davam etməsinin və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlərin gərgin olaraq qalmasının regionda sülhü və təhlükəsizliyi təhdid etməsindən ciddi narahatlıq ifadə edilirdi. Həmçinin atəşkəsin pozulması nəticəsində hərbi əməliyyatların eskalasiyasının, eyni zamanda Zəngilan rayonunun və Horadiz şəhərinin işğalından təşvişə düşdüyünü qeyd edən BMT Təhlükəsizlik Şurası Azərbaycan Respublikasının və regiondakı bütün digər dövlətlərin suverenliyini və ərazi bütövlüyünü təsdiq edərək, beynəlxalq sərhədlərin pozulmazlığını və ərazi əldə etmək üçün güc tətbiq edilməsinin yolverilməzliyini bir daha bəyan edirdi. Qətnamədə Zəngilan rayonunun və Horadiz şəhərinin işğalı, dinc sakinlərə hücumlar və Azərbaycan Respublikası ərazilərinin atəşə tutulması pislənirdi. BMT Baş katibindən və müvafiq beynəlxalq təsisatlardan zərər çəkmiş mülki əhaliyə, o cümlədən Zəngilan rayonunun, Horadiz şəhərinin və Azərbaycanın cənub sərhədlərinin əhalisinə təcili humanitar yardım göstərilməsi, qaçqın və məcburi köçkünlərin öz evlərinə təhlükəyə məruz qalmadan qayıtmasına kömək etmək xahiş olunurdu.
Əslində, bu qətnamələrin qəbulu Azərbaycanın Ermənistan üzərində diplomatik qələbəsinin əsas göstəricilərindən biri sayılır. Çünki qətnamələrin hamısında Azərbaycanın ərazi bütövlüyü birmənalı tanınır və işğal olunmuş ərazilərin boşaldılması tələb olunurdu. Düzdür, sonrakı dövrdə Ermənistan BMT Təhlükəsizlik Şurasının bu qətnamələrinin şərtlərini yerinə yetirmədi və bu gün də həmin şərtlərin icra olunmaması üçün səy göstərir. Lakin sözügedən qətnamələrin qəbulundan keçən dövrdə beynəlxalq aləmdə mövqelərini gücləndirən Azərbaycan, məhz BMT qətnamələrinə əsasən erməniləri fakt qarşısında qoyaraq, onlarn işğalçı siyasətinin dünya miqyasında qəbul edilməsinə nail oldu. Hazırkı dövrdə də BMT qətnamələrinin şərtlərinin yerinə yetirilməsi digər beynəlxalq təşkilatlar tərəfindən Ermənistanın qarşısında əsas tələblərdən biri kimi irəli sürülür. Onu da bildirək ki, BMT Nizamnaməsinə görə, Təhlükəsizlik Şurasına mübahisəli məsələləri, o cümlədən münaqişələri həll etmək üçün geniş səlahiyyətlər verilir. Şuranın qətnamələri yerinə yetirilmədikdə və məsələ beynəlxalq sülh üçün təhlükə xarakteri daşıdıqda Təhlükəsizlik Şurasının məcburi qərarlar qəbul etmək hüququ var.
Onu da xüsusi qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının qeyd olunan 4 qətnaməsi ilə yanaşı, təşkilat səviyyəsində Ermənistanın işğalçı imicinin gücləndirilməsi məqsədilə də Azərbaycan tərəfindən addımlar atılıb. Məsələn, Azərbaycanın diplomatik səyləri nəticəsində 2008-ci il martın 14-də BMT Baş Assambleyasının 62-ci sessiyasında “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında” qətnamə qəbul olunub. Burada Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət və dəstək təsdiqlənir, Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz çıxarılması tələb edilir, işğal olunmuş ərazilərdən qovulmuş əhalinin öz torpaqlarına qayıtması və normal şəraitlə təmin olunması hüququ təkrarlanır, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları üçün normal, bərabər yaşayış şəraitinin yaradılmasının zəruriliyi vurğulanır, Minsk Qrupunun münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə yönəlmiş vasitəçiliyinə dəstək ifadə olunur. Sənəddə deyilir ki, heç bir dövlət Azərbaycan ərazilərinin işğalı ilə nəticələnən vəziyyəti qanuni vəziyyət kimi tanımamalıdır. Sadəcə, indi Azərbaycan üçün maraq doğuran məqam BMT qətnamələrinin icra mexanizmlərinin işə salınmasıdır. Bu isə, yuxarıda qeyd olunduğu kimi, təkcə Azərbaycan yox, dünya üçün çox vacibdir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.