Dünən İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hazırkı sədri Türkiyənin təşəbbüsü ilə Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısı keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvətilə Zirvə toplantısında iştirak edib.
“Qüdslə həmrəylik üçün birlikdə hərəkət” devizi altında keçirilən Zirvə toplantısına 50-dək ölkədən dövlət və hökumət başçıları qatılıb.
Əfqanıstan, Azərbaycan, Banqladeş, İndoneziya, Fələstin, Qana, İran, Qətər, Küveyt, Liviya, Livan, Somalli, Sudan, Toqo, İordaniya və Yəməndən dövlət başçıları, digər ölkələr isə baş nazir, nazir və nazir müavinləri səviyyəsində təmsil olunub. Səudiyyə Ərəbistanı zirvəyə qatılmayıb, Misir və Birləşmiş Ərəb Əmirlikləri isə XİN başçıları səviyyəsində təmsil olunub.
Təşkilatın müşahidəçi statusundakı üzvləri Rusiya və Çin də İstanbulda sammitinə diplomatik səviyyədə nümayəndələrini göndərib.
Ərdoğandan Qüds çağırışı...
"İsrailə nəsə deməyə gərək yoxdur. Həqiqət ortadadır. İşğal, qanunsuz məskunlaşmalar, evlərin dağıdılması, ərazi və mülklərin zəbt edilməsi kimi terror hərəkətlərinə görə İsrail mükafatlandırılıb. Bu mükafatı verən təkbaşına da olsa, Trampdır. “Mən etdim, oldu” deməklə bu dünyada heç nə olmur. Dünya sadəcə sizdən ibarət deyil. BMT-nin 196 üzvü var. Mən 196 ölkənin buna reaksiya verəcəyinə inanıram. Siz Amerika olaraq güclü ola bilərsiniz, silahlarınız ola bilər, nüvə başlıqlarına malik ola bilərsiniz. Lakin bunlar sizin güclü olduğunu ifadə etmir. Siz haqlısınızsa güclüsünüz, bu məsələdə haqlı deyilsiniz". APA-nın Türkiyə bürosunun məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sammitdə çıxışı zamanı deyib.
O bildirib ki, ABŞ-ın bu addımı insanlığa yönəlik təhdidlərin qapısını açıb.
"Bu məsələ ədalətli həll olunmayana qədər davamlı sülhdən danışmaq mümkün deyil. Hamının gələcəyini təhlükə altına alan bu vəziyyətə biganə qala bilmərik. Bu, həm də mədəniyyətimizə endirilmiş ağır zərbədir.
Bu məsələ, sülh hər kəsimdən, hər inancdan olan insanların birgə səyi ilə həll olunacaq. Hamını Qüdsü Fələstinin işğal altındakı paytaxtı kimi tanımağa çağırıram. Paytaxtı Qüds olan müstəqil Fələstin tələbimizdən əl çəkməyəcəyik. Artıq gecikə bilmərik. İsrail əsgərlərinin fələstinli qardaşlarımıza tətbiq etdiyi zülmü lənətləyirik. Qüds bizim qırmızı xəttimizdir”.
Ərdoğan deyib ki, Qüdsdə, bu qədim şəhərin küçələrində dolanan hər kəs oranın işğal altında olduğunu anlayacaq. O bildirib ki, dekabrın 6-da ABŞ beynəlxalq hüquqa məhəl qoymayaraq Qüdsü İsrailin paytaxtı kimi tanıdığını açıqlayıb: “Bu şəhərlə bağlı belə qərarın açıqlanmasının heç bir hökmü ola bilməz. ABŞ-ın da veto hüququna malik olduğu BMT TŞ qərarına əsasən heç bir ölkə Qüdsdə səfirlik aça bilməz. ABŞ-ın bu hüquqsuz qərarına yalnız Qüdsü işğal altında saxlayan İsrail dəstək verib. İslam ölkələri ilk andan açıq şəkildə bu qərarı tamamilə rədd edib. Bu qərarın vicdan, hüquq, əxlaq və tarix önündə hökmsüz olduğunu elan etdik. Bu barışı istəyən fələstlinlilərin cəzalandırılması mənasına gəlir.
1947-ci ildə və indi İsrail və Fələstinin ərazilərini müqayisə etdikdə, İsrailin işğalçı və terrorçu dövlət olduğu aydın görünür".
Mahmud Abbas ABŞ-ı bundan sonra İsrail-Fələstin sülh prosesində görmür...
“Böyük Britaniya özünün olmayan Fələstin torpaqlarını sionist rejimə hədiyyə etdi. Bu məsələdə ən böyük dəstəkçi ABŞ idi”. Bu sözləri isə Fələstin rəhbəri Mahmud Abbas çıxışı zamanı deyib.
M. Abbas bildirib ki, bu gün də ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailə hədiyyə etmək istəyir: “Həmişə ABŞ-ın yanında olduğunu gördüyümüz Kanada, Böyük Britaniya və Avstraliya da bu dəfə haqsız qərarla əlaqədar ABŞ-ın yanında deyil. Bu gün ABŞ Fələstin torpaqları üzərindən İsrailə jest edir. Ancaq bu addımın sülhə, barışa xidmət etmədiyini də görürük. Bu gün bütün müsəlmanların, xristianların, bütün xalqların dəstəyini qazanaraq ABŞ-ın bu addımına qarşı çıxmaq üçün bura toplaşmışıq. Qüds əvvəllər və indi olduğu kimi, gələcəkdə də Fələstinin paytaxtı olacaq. O, Fələstin tacının ən qiymətli daşıdır. Qüds olmadan sülh və barışıqdan danışmaq mümkün deyil”.
Fələstin lideri bütün islam ölkələrinə, xüsusən Türkiyəyə Fələstinə dəstək verdiyi üçün təşəkkür edib: “İslam liderlərinin timsalında bütün dünyaya səslənmək istəyirəm. Biz bu böyük qəsdə, təhlükəyə qarşı bu sammitdə qəti qərar qəbul etməli, bütün müsəlmanlar və xristianların müqəddəs məkanlarının qorunması üçün bu addımı atmalıyıq. Fələstinin müstəqil dövlət kimi meydana çıxmasına çalışmalıyıq. Fələstin xalqı və Əl-Aksa məscidi ətrafında növbə tutan qardaşlarımızı, Qüdsdə yaşayıb, qanunsuzluq və zülmlərə məruz qalan insanlarımızı salamlamaq istəyirəm. Qüdsdə fələstinlilərin torpaq və evləri alınır, zorla iş yeri bağlanır, böyük vergi yükü qoyulur. Əl-Aksa məscidində ibadətimizə böyük maneə törədirlər. Qüdsdə, qədim şəhərdə yaşayan bütün müsəlman və xristianları salamlayıram. Qüdsün kənarında olan insanları da salamlayıram. Biz sizinlə birgə Qüdsü qoruyacağıq. Biz Fələstinin paytaxtı olan Qüdsü müdafiə etməyə davam edəcəyik. Müstəqilliyimizə nail olana qədər bu mübarizəmizi dayandırmayacağıq”.
M. Abbas qeyd edib ki, D. Trampın ABŞ səfirliyini Qüdsə köçürmək qərarı beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır: “BMT qərarına əsasən ABŞ da daxil olmaqla, heç bir ölkənin səfirliyini Qüdsə köçürməsi mümkün deyil. Bütün xalqları Fələstin mübarizəsinə dəstək verməyə çağırırıq. ABŞ bizimlə birgə sülh üçün çalışdığı bir zamanda son addımı ilə bizə yüz ilin silləsini vurdu. Bu, beynəlxalq hüququn, BMT Təhlükəsizlik Şurasının qərarlarına ziddir. Bununla, ABŞ vasitəçilik missiyasını itirib. Bundan sonra gələcəkdə də ABŞ bu məsələdə vasitəçi kimi çıxış edə bilməyəcək. Bu barədə qərar qəbul etmişik. Qüds Fələstinin əbədi paytaxtı, müsəlman və xristianların şəhəri olaraq qalacaq. ABŞ-ın təktərəfli addımı radikal qruplarla radikal olmayan qruplara təsir edəcək, toqquşmalara yol açacaq. Dünyada din savaşından xeyir görən kimdir? Terror təşkilatlarını ortaya çıxaran və onlardan faydalanan kimdir? Mən bu sualı burada verirəm. ABŞ-ın bu qərarından geri addım atmasını gözləyirik”.
M.Abbas deyib ki, İƏT-ə üzv ölkələr ABŞ-la münasibətlərini yenidən müəyyənləşdirməlidir. M.Abbas bildirib ki, Avropa İttifaqı İsrailin işğal etdiyi ərazilərdə istehsal olunan məhsulların satın alınmasına qadağa qoyub: “Bu qərar tam icra olunmur. İƏT də belə qərar qəbul edə bilər. Fələstin hakimiyyəti ABŞ konsulluğu ilə əlaqələri dayandırıb. Bu çətin addımdır və müsəlman ölkələri də belə addım ata bilər. Dünya dövlətlərini İsrail dövlətini tanımaq barədə qərarlarını ləğv etməyə də çağırıram. İsrail qurulduqdan sonrakı dövrdə BMT-nin heç bir qərarını yerinə yetirməyib. İsrail BMT qərarlarını yerinə yetirmək şərtilə bu quruma qəbul olunub, ancaq BMT-nin heç bir qərarını yerinə yetirməyib”.
M.Abbas iki dövlətli həll variantına tərəfdar olduqlarını nəzərə çatdırıb: “Dünyada Fələstini tanıyan dövlətlərin sayı İsraili tanıyan dövlətlərin sayından çoxdur. ABŞ veto qoysa da, biz BMT-yə üzv olmaq üçün ardıcıl fəaliyyətimizi davam etdirəcəyik. İsraillə aramızda dostluq anlaşması var, İsrail buna riayət etməzsə, biz də bu sazişi nəzərə almayacağıq. Biz işğal altındayıq, İsrailə deyəcəyik ki, işğal altında olduğumuz üçün kanalizasiya, digər infrastruktur layihələri yerinə yetirsin. 1 milyard dollar büdcəyə malik bir dərnək yaradılarsa, Qüdsdə gənclərin təhsillərinə davam etdirməsinə nail ola bilərik”.
Ruhani: “ABŞ bilməlidir ki…”
“Hər cür mümkün vasitələrlə ABŞ-ın bu ağılsız hərəkətinin qarşısını almaq üçün birləşməliyik” – deyən İran prezidenti Həsən Ruhani isə bildirib ki, bəzi ölkələrin sionist rejimlə əlaqələr qurması, hətta məsləhətləşmə və əlaqələndirmə səyləri belə bir qərara səbəb olub.
ABŞ-ın heç vaxt dürüst vasitəçi olmadığını və heç vaxt olmayacağını vurğulayan H.Ruhaninin sözlərinə görə, ABŞ-ın bu hərəkəti sayəsində Fələstin probleminin həllində Vaşinqtonun müsbət rol oynayacağına ümid edən insanlara bir daha aydın olub ki, ABŞ sionist rejiminin maraqlarını maksimum təmin etməyə çalışır və fələstinlilərin hüquqi tələblərinə hörmət etmir: “Bu gün yəhudilərin ən böyük düşməninin müsəlman və ərəblər deyil, təhlükəli sionizm layihəsi olduğu sirr deyil. Biz müsəlmanlar, xristianlar və yəhudilər bu regionun tarixi sahibləriyik. Sionistlər isə burada yaddı və özlərini bu bölgədə qəbul etdiriblər”.
H.Ruhani bildirib ki, sammitdə ABŞ-ın bu hərəkəti qətiyyətlə pislənməlidir: “Müsəlman dünyası üçün sionist rejiminə qarşı birləşməliyik. Müsəlman dünyasının bütün problemləri dialoq şəkilində həll edilməlidir. ABŞ hökuməti bilməlidir ki, müsəlman dünyası Fələstin və Qüdsün taleyinə biganə deyil. Yalnız İslam birliyi sayəsində İslam ümmətinin və Müqəddəs Qüdsün hüquqlarını daha yaxşı dəstəkləyə bilərik. İran hər zaman istənilən müsəlman ölkəsi ilə Qüdsü müdafiə etməyə hazırdır. Fələstin məsələsi yenidən müsəlman dünyasının gündəminə daxil edilməlidir”.
İslam ölkələri Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanıdı
İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı İstanbulda keçirilən fövqəladə toplantısında yekun Bəyannamə qəbul edilib. Toplantıda iştirak edən ölkələrin imzaladığı Bəyannamədə qeyd edilir ki, İƏT Şərqi Qüdsü Fələstinin paytaxtı elan edir, dünya ölkələrini işğal altındakı Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırır: “ABŞ qanunsuz qərarından geri çəkilməzsə, yaşananlara görə məsuliyyət daşıyacaq. ABŞ-ın qərarı Fələstin xalqının hüquqlarının tapdalanmasıdır. Bu ölkə İsrail-Fələstin münaqişəsində vasitəçi rolundan çəkilməlidir".
Sənəddə ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması barədə birtərəfli qərarı İsrailin 1967-ci ildə, Şərqi Qüds də daxil olmaqla, işğal etdiyi Fələstin torpaqlarında apardığı irqi ayrıseçkilik, etnik təmizləmə siyasətinə dəstək verən addım kimi dəyərləndirilir.
Bəyannamədə o da vurğulanır ki, BMT Təhlükəsizlik Şurası Qüdsün statusunu müəyyənləşdirən qərar üzərində işləməlidir.
“İslam Əməkdaşıq Təşkilatı tarixi sammit keçirdi”
“İslam Əməkdaşıq Təşkilatı missiyasına uyğun olaraq tarixi sammit keçirdi, Qüdsün sahibsiz olmadığını bütün dünyaya göstərdi”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İƏT-in Qüds məsələsi ilə bağlı İstanbulda fövqəladə toplantısından sonra keçirilən mətbuat konfransında deyib. Ərdoğan bildirib ki, ABŞ hüquq və əxlaqdan uzaq qərar qəbul edib: “Trampın ABŞ-ın Səfirliyinin Qüdsə köçürülməsi barədə qəbul etdiyi qərarın bizim üçün əhəmiyyəti yoxdur, özü çalar, özü oynayar. Qüds təkcə müsəlmanların deyil, bütün dünyanın məsələsidir”.
Türkiyə prezidenti bildirib ki, yekun Bəyannamə “Qüdsə azadlıq” adı altında qəbul edilib: “ABŞ-ın qərarı yanlışdır, xətada israr etməyin mənası yoxdur. BMT Təhlükəsizlik Şurasının 478 saylı qərarında ABŞ-ın da imzası var. Donald Tramp BMT Təhlükəsizlik Şurasının ABŞ-ın imzasının da olduğu qərarını necə yox saya bilər? Qüds qadın və uşaqları öldürərək sərhədlərini genişləndirən birinin ümidinə buraxıla bilməz. İşğalçı, terrorçu, qadın və uşaqlara işgəncə verən İsraili Donald Tramp necə dəstəkləyə bilər? İŞİD terror təşkilatına qarşı PYD/YPG terror təşkilatını dəstəkləyən Tramp bunu edə bilər. İƏT-in qərarı sammitdə bir ittifaqın yarandığını göstərir. Biz Qüds mücadiləmizi davam etdirəcəyik”.
Ərdoğan qeyd edib ki, İsrail 1947-ci ildən Fələstin torpaqlarını addım-addım işğal etməkdədir: “Qüdsün tarixi xarakterinin qorunması vacibdir. Biz 1967-ci il sərhədləri çərçivəsində paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin yaradılması uğrunda mübarizəmizi davam etdirəcəyik. Fələstin dövlətini tanımamış bütün dövlətləri Fələstini tanımağa çağırırıq. Artıq bizim nəzərimizdə Fələstinin paytaxtı Şərqi Qüdsdür. Digər dövlətləri də paytaxtı işğal altındakı Qüds olan Fələstin dövlətini tanımağa çağırıram”.
Baki-xeber.com